Mənəvi kirlənmənin dərmanı Qurandır, səmimiyyətdir

Quranın asanlığı

Allah Quranı insanlara açıqlayan bir rəhbər olaraq göndərmiş, onunla ən asan və ən gözəl həyat tərzini bildirmişdir. Quran oxunduqda İslam dininə əməl etməyin çox asan olduğu görünür. Bu müjdə bizə “…Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər…” (Bəqərə surəsi, 185) ayəsi ilə xəbər verilmişdir.

Quran hər yaşa və hər mədəniyyətə malik insanın anlayacağı açıq bir öyüddür. Lakin əvvəlki hissələrdə də bəhs edildiyi kimi, bəziləri dini mənbəyindən öyrənmək əvəzinə, ətrafından eşitdiyi yanlış məlumatlara etibar edir, dini yaşamağın çətin olduğuna inanırlar. Bu əsassız qənaətin ən böyük səbəblərindən biri məlumatsızlıqdır.

Dövrümüzdə insanların bir qismi Quran ayələrində bildirilən həqiqətlərdən, axirət həyatının varlığından, sonsuz cəhənnəm əzabından, bənzərsiz cənnət nemətlərindən və Rəbbimizin müxtəlif mövzulardakı öyüd və tövsiyələrindən xəbərsiz yaşayır. Halbuki, Quran insanların oxuması, içindəki hikmətləri və həyatın əsl məqsədini öyrənməsi üçün endirilmişdir. Quranda Peyğəmbərimizə (səv) “Və mənə Quran oxumaq (buyurulmuşdur)!” (Nəml surəsi, 92) deməsi bildirilmişdir.

Quranı oxumaq və hər zaman Qurana tabe olmaq bir müsəlmanın ən önəmli vəzifələrindən biridir. Quranı qavratmaq Allahın əlindədir və ancaq Allahın hidayət verdiyi kəslər Quran ayələrini gerçək mənası ilə anlayırlar. Allah Özünə könüldən yönələn səmimi qullarına hidayət nəsib edəcəyini bildirmişdir.

İnsanların Quranı anlamayacağı yalanını söyləyənlər bir çox insanın Quranı oxuyub Allaha yönəlməsinə və Quran əxlaqına görə yaşamasına əngəl olmağı istəyirlər. Halbuki, Allah ayələrinin son dərəcə açıq və anlaşılan olduğunu Quranın bir çox yerində bəyan edir:

Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)