Məkkədə bütpərəstlərin təzyiqlərinin çoxalması ilə yanaşı, müsəlmanlar daha azad və dostyana mühitin olduğu Yəsrib şəhərinə (sonrakı adı- Mədinə) hicrət edərək burada öz idarə sistemlərini qurdular. Belə ki, öz siyasi quruluşlarını bu şəkildə təşkil edəndən sonra da məkkəli bütpərəstlərin hücumları sona çatmadı. Qüreyşlilər getdikləri yerə qədər müsəlmanları təqib edib şiddət əməllərinə davam etdilər. Peyğəmbərimiz (s) və çevrəsindəki müsəlmanlar isə Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı əsla müharibə ilə qarşılıq vermədilər.
Dünyada heç kim və heç bir ölkə hücum qarşısında susmaz. Mütləq nəfsi müdafiə ilə hücum edənlərə qarşılıq verər və ya ən azından özünü müdafiə edər. Bunun qarşılığında həmin adamları məhkəmələr, ölkələri isə beynəlxalq hüquq daima haqlı görər. Çünki qarşı tərəfdən haqsız hücum var və şəxsin həyatı, ailəsi və sevdikləri, bir ölkənin isə milləti, namusu və torpaqları təhlükədədir.
Normal şərtlərdə eyni vəziyyət Məkkə dövründə Peyğəmbərimiz (s) və müsəlmanlar üçün də əsaslıdır. Buna baxmayaraq, tamamilə haqsız və birbaşa həyati təhlükə törədən hücumlar davam edincə belə Allahın öldürməyi haram edən hökmünə görə Peyğəmbərimiz (s) və müsəlmanlar qəti şəkildə onlara qarşılıq verməmişdilər. Bunun əvəzində ayənin hökmünə əsasən, qarşı tərəfi davamlı sülhə çağırmış, bunun bir nəticəsi olmayanda isə zülm edən topluluqdan öz şəhərini, evini arxada qoyub uzaqlaşmışdılar. 13 ilə yaxınlaşan Məkkə dövründə və Mədinə dövrünün ilk illərində müşriklərdən bu qədər zülm, işgəncə gördüklərinə baxmayaraq, müsəlmanlara səbirli olmaları əmr edilmişdir.
I “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et…” (Nəhl surəsi, 125) ayəsi əsasında möminlərə əmr edilmişdir ki, dini gözəlliklə təbliğ etsinlər. Buna görə də müharibəyə izin verilməmişdir. Müsəlmanlardan həmin zülmlərə qarşı çıxmaq istəyənlərə Peyğəmbərimiz (s) belə cavab vermişdir:
“Hələ müharibəyə izin yoxdur, səbirli olun. Allahın yardımı yaxındır, çəkdiyiniz müsibətlərin mükafatını görəcəksiniz…”
Peyğəmbərimizin (səv) özünü və topluluğu müdafiə etmək izni Mədinəyə köçdükdən sonra bu ayələrlə verilmişdir:
Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq: “Rəbbimiz Allahdır”, – dediklərinə görə yurdlarından çıxarıldılar… (Həcc surəsi, 39-40)
Bu ayələrlə yalnız: “Rəbbimiz Allahdır”, –dediklərinə görə haqsız yerə yurdlarından sürgün edilib çıxarılan müsəlman topluluq müdafiə hazırlıqlarına başlamışdır. Ayədə açıq şəkildə bildirildiyi kimi, hücuma məruz qalan müsəlman topluluğa müdafiə izni verilmişdir, hücum əmri deyil. Bu ayədən sonra müsəlmanlar özlərini qorumağa başlamış, onlara hücum edən azğın topluluğa qarşı müdafiə hücumları həyata keçirmişdilər. Bundan sonra müharibə və müdafiəyə dair nazil olan ayələr müharibələrdəki tətbiqlərə dair təsvirlər ehtiva edir. Başqa sözlə desək, yalnız müharibədəki o vəziyyətə aid təsvirlər verilir. Belə ki, Quranda müharibə ilə əlaqədar ayələrin hamısı o dövrün çətin şərtlərini və Peyğəmbərimizin (s) ədalətini anlamağımız üçün təkcə o dövrdəki hücumlara aid endirilən xüsusi ayələrdir.

