Məbədçilər, xaçlıların Qüdsü ələ keçirmələrindən və Latın Krallığı qurmalarından təxminən 20 il sonra tarix səhnəsinə çıxdılar. 1118-ci ildə qurulan və hər kəs tərəfindən tanınan adı “Məbədçilər” və ya “Məbəd Cəngavərləri” (İngiliscədə Templars ya da Knights Templar) olan bu təriqətin tam adı “İsanın və Süleyman məbədinin yoxsul cəngavərləri” idi. (“Pauperes Commilitones Christi Templique Salomonis”) Qurucuları isə cəmi 9 cəngavərdən meydana gəlirdi: Hugues de Payens, Godfrey de St. Omar, Godfrey Rossal, Gundemar, Godfrey Bisol, Payen de Montdidier, Archibald des St. Aman, Andrew de Montbard və Provins qrafı. Orta əsrlər Avropasının ən güclü, ən təsirli və haqqında ən çox danışılan təşkilatlarından biri olacaq bu təriqətin quruluşu Qüdsdə səssiz sədasız reallaşdı. (Bu təriqət haqqındakı məlumatların əhəmiyyətli hissəsi, 12-ci əsrdə yaşayan tarixçi Guillaume de Tyre tərəfindən günümüzə çatmışdır.)
Yuxarıda adı çəkilən qurucular dövrün Qüds kralı II Baldwinin hüzuruna çıxdılar və Birinci Səlib yürüşünün ardından Qüdsə axın edən xristian hacıların mallarını və canlarını qorumasına hazır olduqlarını ifadə etdilər. Kral Məbədçilərin ilk “Böyük Ustadı” olan Hugues de Payensi yaxından tanıyırdı. Onlara böyük dəstək verdi; eyni zamanda onlara bir zamanlar Süleyman Məbədinin yerləşdiyi (Məscidi Əqsanı da əhatə edən) bölgəni təsis etdi. Böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin Hattin döyüşünün ardından Qüdsü geri almasına qədər keçən 70 il davam edən “Məbəd təpəsi”, məbədçilərin mərkəzi oldu. Özlərinə “Süleyman Məbədi” ilə əlaqəli bir ad verilməsinin səbəbi də məhz bu idi. Xüsusilə buranı özlərinə baza olaraq təyin etmələri isə təsadüfi seçim deyil, şüurlu bir seçim idi. Məbəd, hz. Süleymanın gücünün bir simvolu idi; Məbəddən geriyə qalanlar isə böyük sirlər saxlayırdı.
Qurucu cəngavərlərə görə, bir yerə gəlmələrinin, digər bir deyişlə bu təriqəti qurmalarının məqsədi, Müqəddəs Torpaqların və xristian hacıların təhlükəsizliyini təmin etmək idi. Ancaq məbədçilərin həqiqi məqsədi çox fərqli idi.

