İnsanların bir çoxunun həyatda ən önəmli məqsədlərindən biri mal-mülk zənginliyinə sahib olmaqdır. Həyatda çox əhəmiyyətli sayılan bu hədəfə çatmaq üçün hər yolu sınayır, heç bir şeydən çəkinmirlər. İnsanların mal-mülkə verdiyi dəyər Quranda dünyanın bərbəzəyi və bunlara qarşı güclü istək kimi keçir. Ayələrdə belə buyurulur:
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır. (Ali İmran surəsi, 14)
Mal-mülk və övladlar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir. (Kəhf surəsi, 46)
Allah bir başqa ayədə din əxlaqından uzaq yaşayan insanlara “mal-dövləti isə lap çox sevirsiniz” (Fəcr surəsi, 20) şəklində bildirir. Bu ayədən aydın olduğu kimi, cahil cəmiyyət mal-mülk sahibi olmağa çox həvəslidir. Çünki var-dövlət din əxlaqını əsas almayan cəmiyyətlər üçün üstünlüyü ifadə edən əhəmiyyətli xüsusiyyət sayılır. Bu yanlış modeldə malı olana hörmət edilir və dəyər verilir. İnsanlar istədiyi zənginliyi əldə etdikdə böyük güc qazandıqlarını düşünürlər. Bu baxımdan, hər kəs çoxlu var-dövlətə sahib olmağı istəyir.
Cahiliyyə insanlarının mal-mülkə bu qədər düşkün olması, həyatı boyu qazandıqlarını itirmək qorxusunu da bərabərində gətirir. Bu yanlış məntiqə sahib olan bəzi insanlar var-dövləti müəyyən bir səbəbdən əlindən getdikdə ümidsizliyə düşür və Allaha qarşı üsyankar davranırlar. Mallarının əskilməsinin, əslində, imtahan olduğundan tamamilə qafil olduqları üçün bu böyük zərərə görə üzülürlər.
Halbuki Allah Quranda iman edən bəndələrinə əllərindən çıxanlar üçün üzülməməyi və onlara verilən nemətlərə görə də sevinib qürrələnməməyi əmr etmişdir (Hədid surəsi, 23). Allah ayələrdə insanları gözəl əxlaqa və mötədil olmağa çağırır. Bir insanın var-dövləti artanda qürrələnməsi və azalanda üzülməsi Allaha qarşı nankorluqdur.
Ancaq hadisələri öz yanlış düşüncələri əsasında dəyərləndirən cahiliyyə toplumu mal itkisində üzülməyi təbii qarşılayır. Məsələn, bir insanın həyatı boyu çalışıb əldə etdiyi sərvəti təbii fəlakət nəticəsində bir neçə saniyədə əlindən alına bilər. Yaxud da uzun müddət pul yığıb aldığı gözəl ev yanğın nəticəsində yararsız hala düşə bilər. Dünya həyatının imtahan yeri olduğunu və belə bir hadisə ilə imtahan edildiyini dərk etməyən insan malı bir anda əlindən alınanda nə baş verdiyinə təəccüblənər və üsyankar davranmağa başlayar.
Din əxlaqından uzaq insanlar mal itkisini bu yanlış düşüncə ilə dəyərləndirdiyi üçün bu hadisənin xeyirli və yaxşı yönünün olmadığını düşünürlər. Necə ki, Allaha təvəkkül etmədiklərinə görə, bu hadisə, həqiqətən, onların əleyhinə olur.
Halbuki xeyirlə baxan insanlar üçün vəziyyət tamamilə fərqlidir. Əgər mal-mülkləri əllərindən çıxsa, bunun bir çox xeyir və hikməti vardır. Bəlkə də Allah bu vasitə ilə zənginlikdən qürrələnən və dünya həyatının keçici həvəsinə düşən bəndələrinə xəbərdarlıq edir. Onlara bütün gücün Özünə aid olduğunu və sadəcə Özünə rəğbət etmək gərəkdiyini xatırladır. Yaxud da, o çətinliyə səbir edən bəndələrinə dünya və axirətdə daha gözəli ilə qarşılıq verib onların bilmədiyi xeyirli gələcək müəyyən edə bilər. Dünya həyatının keçici və zahiri mənfəətləri yerinə sonsuz axirət həyatının saysız nemətləri onlara verə bilər. Belə ki, dünya və axirət nemətləri müqayisə olunarsa, axirət nemətlərinin daha xeyirli olduğu çox aydındır.
Belə hadisələrin dünyaya aid bir çox xeyri də ola bilər. Məsələn, bir insan yeni aldığı maşını ilə qəza keçirərsə və maşın çox zərər görərsə, bunda mütləq xeyir vardır. Allah bəlkə də bu insanı daha böyük qəzadan və ya başına gələcək pis hadisədən qorumuşdur. Vicdanlı insan başına gələn bu hadisəni xəbərdarlıq kimi qəbul edib bağışlanma diləyir və Allahın yaratdığı taleyə qeyd-şərtsiz təslim olur.

