Döymə vuran və vurduran, üzünün tükünü aldıran və dişlərini gözəllik üçün seyrəltdirən qadınlara Allah lənət etsin. (Səhihi-Buxari)
Parik taxan və taxdıran, qaşını incəldən və incəltdirən, döymə vuran və vurduran lənətlənmişdir. (Əbu Davud, Tərəccül, 5)
Rəsuli-Əkrəm (s) qızı hz. Fatiməyə xitabən belə buyurub: “Ey Fatma, hər hansı bir qadın gözəl şəkildə bəzənib və gözəl paltarda evdən çıxıb insanların diqqətini üzərinə toplayarsa, yeddi göyün və yerlərin mələkləri ona lənət edər və ölüb cəhənnəmə gedənə qədər Allahın qəzəbinə tuş gələr. (Şəhabül-əxbar)
İmam Sadiq (r.ə) buyurub ki, Bir insanın alçalıb rəzil olması üçün onu məşhur edən (yəni başqalarının barmaqla göstərdiyi) bir paltar geyinməsi kifayətdir. (Bixarül-ənvar, cild 78, səh.252)
Hz. Əli (ə.s) belə buyurub ki, qalın (vücudu göstərməyən) paltarlar geyinin; çünki paltarı incə olanın dini də incə (zəif) olar. (Bixarül-ənvar, cild 79, səh. 298)
Bir hədisdə belə deyilir ki, Allah Rəsulu (s) qadınları çölə çıxarkən başqalarının diqqətini üzərində toplayacaq paltarlar geyinməyini və səs çıxaran zinət əşyaları taxmağını qadağan etmişdir. (Müstədrəkül-vəsail, cild 14, səh.280)
Cənnətə baxıb gördüm ki, cənnət əhalisinin ən azını qadınlar təşkil edirlər. Vəziyyəti belə görüb soruşdum ki, qadınlar haradadır? Cənnət gözətçiləri belə cavab verdilər: “Onları iki qırmızı, yəni qızıl və rəngli paltarlar cənnətdən uzaqlaşdırdı”. (Buxari)
“Qadınlara onları yaxşı geyindirməməklə yaxşılıq edin.” (Buxari)
Burada qadınların baxımlılığına dair saxta hədisləri ardıcıl yazmağımın səbəbi xurafatçıların dinində qadınların necə alçaldığını və əhəmiyyətsiz varlıq olaraq görüldüyünü göstərməkdir. Quranın heç bir yerində olmayan hökmlər saxta hədislər vasitəsilə dinin bir parçası kimi göstərilmişdir. Beləliklə də, həm qadının gözəlliyi ortadan qaldırılmış, həm də qadının şəxsiyyətini və ağlını yox edən cəmiyyət modeli ortaya çıxarılmışdır. Bundan sonra onsuz da sevgi və gözəlliklərdən uzaq həyat sürənlərin yaşayışı get-gedə daha da korlanmışdır. Dünyanın ən böyük nemətlərindən biri olan qadın gözəlliyi ortadan qaldırıldıqda isə həm öz ruhları, həm də cəmiyyət anlayışları getdikcə çökmüşdür.
Geniş və detallı düşünən, tədbirli davranan və bir çox yöndən kişilərdən daha dəqiq anlayış gücünə sahib olan qadın ağlının və fikrinin önü kəsilməklə sözügedən cəmiyyətlər inkişafdan məhrum qalmışdır. Maraqlıdır ki, qadınlar saxta dinə inanmaqla özlərini ikinci plana salmağı problem kimi görməyiblər. Baxımsızlıq onları kişilərdən fərqsiz hala gətirmişdir. Bu qadınlar eyni zamanda heç bir mövzuda fikir irəli sürməyən və kişilərin boyunduruğu altına girən hörmətsiz varlıqlara dönüblər.

