Çox vaxt bəlkə də heç əhəmiyyət vermədən dinlənilən mahnı sözləri insanların ümumi psixologiyası və bir-birlərinə münasibətlərinə necə təsir edir?
Şeytanın ən çox istifadə etdiyi aldatma metodlarından biri olan romantizmin doğru olduğunu göstərən bəzi mahnı sözləri insanın həm özü, həm də cəmiyyət üçün hansı zərərlərə yol açır?
Dini inanclara zidd, üsyankar, depressiv və aqressiv ifadələrin işləndiyi mahnılar insanın şüuraltına necə mənfi təsir edir?
Musiqi dinləmək insanın ruhuna böyük zövq verən və uca Allahın lütfü olan gözəl nemətlərdəndir. Bir çox insan gün ərzində müxtəlif işlərlə məşğul olarkən musiqi dinləyir. Ancaq mahnıların bəzən əhəmiyyət vermədiyimiz bir cəhəti var: Mahnı sözlərində gizlənən mənfi mesajlar.
Sevgi uca Allahın insana bəxş etdiyi gözəl duyğudur. Ancaq bu sevginin kimə və hansı düşüncələrlə bəsləndiyi, yəni şirkə əsaslanıb-əsaslanmadığı çox vacibdir. Bir insanı Allahdan müstəqil hərəkət edən varlıq kimi görmək bu insanı ilahlaşdırmaq, yəni Allaha şirk qoşmaq deməkdir. Bu insanın həm fiziki, həm də mənəvi gözəlliklərini ona verən yeganə güc var, o da uca Rəbbimizdir. Bu insanın etdiyi səhv onun taleyinin bir hissəsidir və bu hadisədə hər kəs üçün çox böyük xeyir və hikmət var. Ona görə, bir insanı sevdikdə bütün bu həqiqətləri dərk edərək sevmək çox vacibdir.
Allah sevgisinə əsaslanmayan sevgidə insanın sevgi dediyi hiss şeytani romantizmə əsaslanır. Bəzi mahnı sözlərində də insanlara bu cür yanlış sevgi anlayışı təlqin edilir. Allaha və taleyə təvəkkülsüzlük üzərində qurulan bu sevgi anlayışının gətirdiyi romantizm isə dərin kədərə, ümidsizliyə, əlacsızlığa, özünə qapanmağa, ağlamağa təşviq edir və insanları qaranlıq ruhi hala yönəldir.
Nəticədə də bəzi mahnı sözləri insanları sevdikləri insandan ayrıldıqda və ya o öldükdə onsuz həyatın mənasız, yaşamağın gərəksiz olduğu kimi batil düşüncələrə sürükləyərək onlara təvəkkülsüz davranmağa vadar edir, depressiyaya salır və hətta intihara belə təşviq edir.
Sevdiyi insanı hər şeydən və hər kəsdən qısqandığından, qısqanclıqdan hər şey edə biləcəyindən bəhs edən mahnı sözləri və ya ayrılıq baş verdikdə qəzəbli intiqam sözləri Allaha inanmayan, Quran əxlaqına uyğun yaşamayan bir çox cahil insana dərindən təsir edir. Başına gələn hadisələri imani ağılla dəyərləndirməyən bəzi insanlar qısqanclıq, qəzəb, kin və intiqam almağa təşviq edən bu cür təlqinlər nəticəsində cinayətə qədər gedib çıxan psixologiyaya malik olurlar. Belə ki, sevdikləri tərəfindən tərk edildikdə intihar edən, qısqanclıq nəticəsində sevdiyi insanı yaralayan və hətta öldürən insanlar haqqında xəbərlərə tez-tez rast gəlmək olar.
İnsan bütün qəlbi ilə yeganə güc olan uca Allahı sevməli, Ona yaxınlaşmalı, bağlanmalıdır. İnsana qarşı sevgi də, mənbəyini Allah sevgisindən alırsa, həqiqi sevgidir. Mahnı sözləri ilə çox məsum duyğu kimi göstərilən, əslində, şirk və insanları ilahlaşdırmağa əsaslanan cahil sevgi anlayışının Allahın razı olmadığını Quranda belə xəbər verilir:
İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir… (Bəqərə surəsi, 165)
Ölümün bir son olduğu və ölümdən sonra həyat yoxmuş kimi təlqin verərək insanları yanlış məlumatlandıran və axirətlərini heç düşünmədən yaşamağa təşviq edən mahnı sözləri də insanların yanlış yönləndirir. Ölən insanın yox olduğunu və bir daha ona əsla qovuşmağın mümkün olmadığını təlqin edən bu sözlər mahnını dinləyən insanlarda ölüm və sevdiklərini itirmə qorxusu əmələ gətirir. Halbuki, Allah Quranda imanlı və imansız insanların ölüm anında keçirdiyi müxtəlif hisslər, axirət həyatının əbədiliyi, cənnət və cəhənnəmdəki həyat haqqında hərtərəfli məlumat verir. Ölüm iman gətirən insan üçün mömin olan sevdiklərinə əbədiyyən qovuşacağı, cənnətdə əbədi rahatlıq və xoşbəxtlik içində yaşayacağı keçiddir. Ona görə, Allahın hər varlıq üçün təqdir etdiyi ölümə qarşı insanları üsyankar düşüncə tərzinə təşviq etmək günah əməldir.
Bu təlqinlərin təsirində qalan insanlar ölümün hər şey və hər kəs üçün son olduğuna inanaraq hərəkət edirlər. Axirətin varlığını unutduqlarına görə, bədbin, qaranlıq, ümidsiz, kədərli, depressiv hala düşürlər.
Mahnılarda tez-tez vurğulanan mövzulardan biri də bədbinlik və ümidsizlikdir. Halbuki, bədbinlik, ümidsizlik, kədər, depressiya kimi hisslər şeytanın romantizmə sürüklədiyi insanlara cəlbedici göstərdiyi cəhənnəmə xas xarakterlərdir. Kədərə təşviq edən bu cür mənfi sözlər bəzi insanları özünə qapalı, passiv, depressiyaya və intihara meylli psixologiyaya yönəldir. Allahın Quranda haram buyurduğu kədərlənmək (Hicr surəsi, 88), ümidsizliyə qapılmaq (Hicr surəsi, 55) kimi mənfi əxlaqi xüsusiyyətlərin hamısını mahnı sözlərinin təsiri ilə mənimsəyirlər.
Mahnıların bəzilərində isə yaşadığı həyatı bəyənməyən və bu həyatın dəyişməsi üçün üsyan edən və Allaha ünvanlanan bəzi sözlər də olur. Bu cür mahnı sözlərinin təsirində qalan insanlarda bəzən cəmiyyətə və insanlara qarşı da üsyankarlıq və təcavüzkarlıq diqqət çəkir. Özlərini ülgüclə yaralayan, konsert meydanlarında dava-dalaş salan, ətrafına narahatlıq verən bu cür insanların bütün üsyankar və təcavüzkar davranışları yaşadıqları həyatı onlara bəxş edən Allahı unutmalarından və Rəbbimizin rəhmətini təqdir edə bilməməkdən qaynaqlanır. Halbuki, Allah Quranda bu cür davranan insanlara belə xəbərdarlıq edir:
Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik. Özü də yalançı, günahkar kəkilindən! (Ələq surəsi, 15-16)

