Lev Tolstoy

Müharibə həmişə diqqətimi cəlb edib, böyük generallar tərəfindən planlanan manevrlər mənasında

“Müharibə həmişə diqqətimi cəlb edib, böyük generallar tərəfindən planlanan manevrlər mənasında müharibə yox… ancaq diqqətimi cəlb edən müharibənin, öldürməyin, əslində, nə olduğu idi. Austerlits və Borodinoda orduların necə tənzim edildiyini bilməkdən daha çox bir əsgərin digərini necə və hansı duyğularla öldürdüyünü bilmək istəyirdim”. (Lev Tolstoy)

“Nyu-York Tayms” qəzeti 2009-cu ildə Tolstoyun şah əsəri olan “Hərb və sülh”ü ən yaxşı 100 kitab siyahısına daxil edib. Krım müharibəsinin veteranı kimi Tolstoy 6 cildlik romanını yazanda təcrübələrindən də istifadə etmişdi. Əxlaqi və estetik duyğuları ilə tanınan məşhur yazıçı romanda ağılsız insanların ortasında bir insanın necə əxlaqlı həyata sahib ola biləcəyindən bəhs edir. Baş obraz olan Pyerin dilindən tez-tez müharibənin məntiqsizliyini vurğulayır. Tolstoy, eyni zamanda, insanın şiddət və bölünmədən daha çox birliyə və qardaşlığa ehtiyacının olduğunu vurğulayır.

Tolstoyun dövründən indiyə qədər çox şey dəyişməyib. Müharibə bəşər tarixinin başlanğıcından bəri mövcuddur. Son 5.600 il ərzində 14.600-dən çox müharibə baş verib ki, bu ildə orta hesabla 2,6 müharibə deməkdir. Bu nisbət insanların sülhdən daha çox müharibə və şiddətə meyilli olduğunu göstərmirmi? Bu ürküdücü statistikaya baxmayaraq, cavab “xeyr”-dir. Ümumiyyətlə, heç bir tərəf müharibədən fayda qazanmayıb və gələcəkdə də qazanmayacaq. Müharibə sözünün mənasını dərindən düşünsək, insanlar bir-birlərini qətlə yetirməklə sülhün əldə olunacağını gözləyirlər, ancaq bu da mənasızdır.

Müharibələr üçün çəkilən xərclər də olduqca təəccübləndiricidir, məsələn, dünya hərbi müqavilələr üçün ildə 1 trilyon dollar xərcləyir ki, bu ağlasığmaz rəqəmdir. Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutuna görə, ən çox xərc çəkən 15 ölkə bu xərcin ümumilikdə 81%-ni təşkil edir. 2012-də xərclər 175 trilyon dollara çatdı ki, bu qlobal olaraq adam başına 249 dollara bərabərdir…

I … Maddi mənfəətlərlə yanaşı, bəzi psixoloji faktorlar da insanları müharibəyə sövq edir. Bunlardan biri də insanların qürur duyğularına əsaslanan vətənpərvərlik hislərindən istifadə edilməsidir. Ancaq bu o demək deyil ki, vətənpərvərlik hissi lazımsızdır. İnsanlar, əlbəttə ki, öz vətənlərini sevməlidir, vətəninə xidmət etmək və onu qorumaq üçün var gücü ilə çalışmalıdırlar. Lakin bu hisdən bəzən yanlış yöndə istifadə edilir. İfrat dərəcədə vətənpərvər, kasıb, işsiz və savadsız biri belə bu cür təbliğatın qurbanı olur. Hərbi təşkilatlar vətənpərvərlik adı altında rəsm, şeir və sənədli film kimi müsabiqələr keçirirlər və insanlar müxtəlif üsullarla müharibəyə sövq edilir. Ancaq daha dəqiq məlumat əldə etmək üçün əsgər və veteranların psixoloji təcrübələrini öyrənmək lazımdır. Xəbərlərdə daha çox müharibələrdə ölənlərin, yaralananların, dağılan şəhərlərin sayı kimi bəzi statistik məlumatlara diqqət çəkilir. Ancaq müharibələrin insanlara psixoloji cəhətdən necə təsir etdiyini heç yerdə vurğulamırlar.

Tədqiqatlar göstərir ki, insanlar başqalarını öldürmək istəmirlər. Təbii olaraq, insanlar düşmənlərin bir-birlərini öldürmək istədiyini düşünürlər, ancaq tədqiqatlar bunun əksini sübut edir. Öldürməyə məcbur edilən əsgərlərdə daha sonra ciddi problemlər yaranır. Müharibədən sonra əsəb pozğunluğu başda olmaqla, 15 fərqli psixi pozğunluq saya bilərik.

Veteranlar və onların ailələri üzərində müharibə elə mənfi təsir yaradır ki, onlar çox çətinliklə normal həyatına qayıda bilirlər. Onların travmalarını müalicə etmək üçün tikilən xəstəxanalara milyonlarla vəsait xərclənir. Niyə bu insanlar psixoloji problemlər yaşasınlar və normal həyata uyğunlaşa bilmək üçün bu problemlərə vaxt sərf etsinlər? Əgər müharibələri başlatmasaq, bunların heç birinə ehtiyac qalmaz. İnsanlara müharibə yox, sevgi ilə problemlərinin həll ediləcəyini izah etsək, bu sıxıntılar heç vaxt yaşanmaz. Problemi həll etmək üçün insanlar müharibəyə yox, sevgiyə və sülhə təşviq edilməlidir.