“Lənətli Musəvilər” ifadəsinin yanlışlığı

Bütün musəvilərin lənətli olması iddiası

İlk öncə, bütün musəvilərin lənətli olduğunu demək Allahın ədalətinə və yaratdığı dinə uyğun deyil. Birincisi, musəvilik haqq dindir və müsəlmanların da peyğəmbəri olan hz. Musaya nazil olub. Allah Quranda səmimi musəviləri tərifləyir. Eyni zamanda Quranda müsəlmanların kitab əhlini sevib onları qorumağa görə məsuliyyət daşıdıqları qeyd olunur. Bəzi Quran ayələrində İsrail oğullarına və kitab əhlinə birbaşa xitab edilir. Buna görə musəvilərdən və xristianlardan da Quran oxuyanlar və Qurandan nəsihət alanlar ola bilər. Halbuki bir xurafatçıya görə, musəvinin əlində Quran tutması belə mümkün deyil.

İkincisi, bütün insanlar bu dünyaya imtahan üçün gəliblər. İmtahanın nəticəsinə görə axirətdəki yerləri bəlli olacaq. Allah dünya həyatının imtahan olduğunu aşağıdakı ayədə xəbər verir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)

Beləliklə, müsəlman da, musəvi də eyni imtahandan keçir. Musəvi ailəsində doğulan və dünyadan xəbərsiz olan bir uşağın lənətli olduğunu iddia etmək Allahın ədalətinə tamamilə ziddir. Hələ imtahan olunmayan uşağın nə olursa olsun, lənətli olduğunu düşünmək, belə bir ədalətsizliyi Allahdan ummaq (Allahı tənzih edirəm) Allahın ədalətini, şəfqət və mərhəmətini anlamamaq deməkdir. Musəvilərin lənətli olduğu iddiası ilə ortaya çıxanlar böyük-kiçik ayırd etmədən bu azğın düşüncədən bütün musəvilərə qarşı istifadə edirlər.

Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar. (Bəqərə surəsi, 88)

Əvvəlki ayələrə baxanda başa düşülür ki, burada hz. Musa qövmünün, yəni musəvilərin arasından çıxan bir topluluğa xitab edilir. Həmin topluluğun lənətlənməsi isə ayədə açıq şəkildə bildirilir: inkarlarından dolayı.

Onlar hz. Musaya xəyanət edən, əvvəlki ayələrdən anlaşıldığı üzrə, peyğəmbərləri belə öldürəcək qədər azğınlaşan inkarçı topluluqdur. Quranda müsəlmanların arasından çıxan təcavüzkar inkarçılar lənətləndiyi kimi, eyni şəkildə, musəvilərin arasından çıxan təcavüzkar inkarçılar da lənətlənir. Odur ki, ayəyə əsasən, lənətli olanlar üsyankar inkarçılardır, musəvilər və ya müsəlmanlar yox.

Biz əhdə görə dağı (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü (qadağanı) pozmayın!”– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq. (Nisa surəsi, 154)

Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar. (Nisa surəsi, 155)

Əvvəlki ayələrdə kitab əhlinin arasından çıxan inkarçı qövmdən bəhs olunur. Həddi aşdıqlarına baxmayaraq, Nisa surəsinin 154-cü ayəsində Allahın onları bağışladığı və onlardan əhd aldığı açıqlanır. Nisa surəsinin 155-ci ayəsində isə həmin topluluğun verdikləri sözə əməl etməyib inkara sürükləndiyi və peyğəmbərləri haqsız yerə öldürdüyü bildirilir. Başlarına gələn sıxıntı və bəlaların səbəbi də budur.

Bu ayələrin davamında yenə musəvi topluluğundan bəhs olunur və Allah musəvilərdən kafir olanlarla dərin imana sahib olanları ayrı tutur:

Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162)