Kitab əhlinə münasibət

Quranda yəhudilər (musəvilər) və xristianlar (isəvilər) “Kitab əhli” olaraq adlandırılırlar

Quranda yəhudilər (musəvilər) və xristianlar (isəvilər) “Kitab əhli” olaraq adlandırılırlar. Bunun səbəbi hər iki dinin mənsublarının da Allahın vəhy etdiyi İlahi kitablara tabe olmalarıdır. Bu İlahi kitablar zaman keçdikcə müəyyən dəyişikliklərə məruz qalıblar. Lakin içlərində hələ də haqq olan bölmələr mövcuddur. Hansı bölmələrin haqq, hansılarının dəyişdirilmiş olduğuna isə Qurana baxaraq anlayırıq.

İslam dininin kitab əhlinə qarşı ədalətli münasibəti hələ İslamın ilk yarandığı illərdə mövcud idi. Bilindiyi kimi, o dövrdə müsəlmanlar Məkkədəki bütpərəstlərin təzyiq və işgəncələri altında inanclarını qorumağa çalışan kiçik bir cəmiyyət idi. Bu təzyiqlərin şiddətindən bəzi müsəlmanlar Məkkəni tərk etməyə, ədalətli rəhbərliyə sığınmağa qərar verdilər. Peyğəmbərimiz hz. Məhəmməd onlara Həbəşistandakı (indiki Efiopiya) xristian kral Nəcaşiyə sığınmalarını söylədi. Bu nəsihətə uyan müsəlmanlar Həbəşistana getdikdə Kral onları sevgi və hörmətlə qarşılayaraq, ədalətlə davrandı. Kral Nəcaşi bütpərəst elçilərin istəklərini rədd etdi və ölkədə müsəlmanların sərbəst yaşaya biləcəklərini açıqladı.

Allah Quranda müsəlmanların kitab əhli ilə Allaha iman yolunda birləşə bildiklərini ”Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik.” (Ənkəbut surəsi, 46) ayəsi ilə bildirir.

Hər cəmiyyətdə olduğu kimi Kitab əhli içərisində də yaxşı və pis insanlar vardır. Lakin pis insanların olması bütün cəmiyyətə düşmən münasibəti bəsləmək haqqı vermir. Əksinə, eynilə Peyğəmbərimizin etdiyi kimi müsəlmanlar Kitab əhlindən olan yaxşı insanlarla ittifaq etməlidirlər. Yanlış yolda olanları isə gözəl sözlə yaxşılığa dəvət etməlidirlər.

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. (Ali İmran surəsi, 113)

Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali İmran surəsi, 199)

Allah Quranda müsəlmanların Kitab əhlinə qarşı necə münasibət göstərməli olduqlarını açıqlamış, həmçinin onlara necə təbliğ etməli olduğumuzu da bildirmişdir. Allahın hökmünə görə müsəlmanlar Kitab əhlini hər şeydən əvvəl “Bir olan Allaha iman gətirməyə”, yəni tövhid inancına dəvət etməlidir.

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran surəsi, 64)

Müsəlmanlar, onlara qarşı çıxan müşrik adamın aman istədikdə onları qorumaq və himayə etməklə məsuldurlar.

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür. (Tövbə surəsi, 6)

Söhbət Allahın varlığına iman gətirən, göndərilmiş peyğəmbərləri sevən, Allahdan qorxan, xüsusilə də, içlərindən “Allah birdir” deyən Kitab əhlindən gedirsə, bu insanlara qarşı sevgi dolu münasibət göstərilməlidir. Necə ki, Allah da onlara qarşı ən gözəl üslubdan istifadə etməyimizi istəyir:

İçərilərindən zülm edənlər istisna olmaqla, Kitab əhli ilə ən gözəl tərzdə müzakirə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik.” (Ənkəbut surəsi, 46)