Kişilərin üstünlüyü iddiası

Bəədhum kəlməsi və üstünlük ayəsi

Nisa surəsinin 34-cü ayəsində “Allahın onlardan bəzilərini bəzilərindən üstün etdiyinə” ifadəsində işlənən “bəədhum” kəlməsini araşdıranda görünür ki, burada kişi və qadınlardan ibarət qarışıq topluluğa xitab edilir. Belə ki, buradakı məna “Allah kişi və qadınların bəzilərini bəzilərinə üstün etmişdir” şəklindədir. Buradan belə bir məna çıxır ki, Allah onların hər birinə fərqli bacarıq və xüsusiyyətlər vermişdir. “Allahın onlardan bəzilərini bəzilərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər” şəklində tərcümə edilən hissədə isə kişilərin qadınlardan üstünlüyü deyil, yalnız fiziki fərqlilikləri vurğulanır və “öz mallarından xərclədiklərinə görə” maddi mənada qadına baxmaq vəzifəsi xatırladılır. “Kişilər qadınlar üzərində himayəçidirlər” kimi tərcümə edilən hissənin ərəbcəsi “ərricalu qəvvamunə ələnnisai” şəklindədir.

Bu ərəbcə ifadənin həqiqi tərcüməsi belədir: “kişilər qadınlardan muğayat olur” və ya “kişilər qadınların dolanışığından məsuliyyət daşıyır”.

Ayədə verilən “qəvvam” kəlməsi tərcüməçilər tərəfindən “idarə edici”, “hakim” olaraq çevrilir. Halbuki bu kəlmənin işləndiyi digər bütün ayələrdə “qəvvam” kəlməsinin tək bir mənası var, o da muğayat olmaq, qorumaqdır.

“Qəvvam” sözü “qvm” kökündən törəyib. Bu kökün törəmələrinin işləndiyi bütün ayələrə baxdıqda görürük ki, heç birində “idarəçi”, “hakim” mənaları yoxdur. Belə ki, Quranda idarəçi və hakimlər üçün “hükkam” sözündən istifadə olunur. Buradan yola çıxıb rahat şəkildə deyə bilərik ki, sözün həmin ayədəki mənası “muğayat olmaq”, “qorumaq” deməkdir.

Quranda, ümumiyyətlə, qadınlar azad olmaqla yanaşı, həm də üstün tutulurlar. Lakin eyni zamanda hər hansı çətinlik ehtimalına qarşı qorunurlar. Qadınları qorumaq, maddi mənada himayə etmək və çətinliyə düşməmələri üçün tədbir almaq vəzifəsi isə kişilərə həvalə. Dolayısilə, həmin ayədə “qəvvam” kəlməsi ilə açıq şəkildə ifadə edildiyi kimi, kişilər qadınları daima və bütün şərtlər daxilində qorumaqla vəzifəlidirlər. Bir çox xurafatçılar tərəfindən kişilərin üstünlüyünə dəlil olaraq gətirilməyə çalışılan bu ayə, əslində, qadınların üstünlüyünü açıqlayır.