Kimlərin tövbəsi qəbuldur

Möminlərin hədəfi Allahın məmnuniyyətini, rəhmətini və Cənnətini qazanmaqdır (2)

Möminlərin hədəfi Allahın məmnuniyyətini, rəhmətini və Cənnətini qazanmaqdır. Ancaq insan zəif və unutqan yaradılmışdır; buna görə də, bir çox səhvi və ya nöqsanı ola bilər. Bəndələrini ən yaxşı tanıyan, sonsuz mərhəmət və şəfqət sahibi olan Allah səmimi bəndələrinin pis əməllərini örtəcəyini və onları asan hesab ilə sorğuya çəkəcəyini bildirmişdir:

Kimin əməl dəftəri sağ tərəfindən verilərsə, onun haqq-hesabı asan olacaq, və sevinərək ailəsinin yanına qayıdacaqdır. (İnşiqaq surəsi, 7-9)

Allah əlbəttə ki, hər insanın pis əməllərini yaxşılığa çevirməz. Allahın pis əməllərini örtərək bağışladığı möminlərin xüsusiyyətləri də Quranda bildirilmişdir:

“Əgər sizə qadağan edilmiş böyük günahlardan çəkinərsinizsə, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə (cənnətə) daxil edərik.” (Nisa surəsi, 31) deyə bildirir. Bunu bilən möminlər Allahın çəkdiyi sərhədlərə çox diqqət edər, bunların xaricinə çıxmaqdan və harama girməkdən çəkinərlər. Əgər unudaraq, yanılaraq və ya qəflətə qapılaraq bir səhvləri olsa, dərhal Allaha yönələr və tövbə edərək, Ondan bağışlanma diləyərlər.

Allah hansı qullarının tövbəsini qəbul edəcəyini isə yenə Quranda bildirmişdir. Buna görə bir insanın “Allah necə olsa bağışlayar” deyə düşünərək davamlı səhv etməsi böyük yanılmadır. Çünki Allah ancaq cəhalətə görə pis əməl edən və etdiyini dərk etdiyi anda vaxt itirmədən tövbə edən və davranışlarını düzəldən bəndələrinin tövbələrini qəbul etməkdədir.

Allahın qəbul etdiyi tövbə yalnız bilmədən pis iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir. Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, – deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

Ayələrdən də aydın olduğu kimi, bir insanın qüsurlarının örtülməsi və din günündə peşman olmaması üçün ediləcək şeylərdən biri günaha girməkdən şiddətlə uzaq olmasıdır. Günaha girən bir möminin isə edəcəyi şey, dərhal Allaha qətiyyətli tövbə etməkdir.