Kimlərin duası qəbuldur

Dua edilən zaman, insanın Allaha olan yaxınlığının, dostluğunun və Allaha nə qədər möhtac

Dua edilən zaman, insanın Allaha olan yaxınlığının, dostluğunun və Allaha nə qədər möhtac olduğunun ən açıq şəkildə aydın olduğu zamandır. Çünki insan dua edərkən, həm Allahın qarşısında nə qədər aciz və gücsüz olduğunu anlayar, həm də Allahdan başqa heç bir gücün kömək edə bilməyəcəyini dərk edər. İnsanın duasının səmimiyyəti və qəlbdən olması isə, Allahdan istədiyi şeyə nə qədər ehtiyac duyduğunu hiss etməsi ilə əlaqədardır.

Məsələn hər insan dünyaya sülh və hüzurun gəlməsi üçün dua edə bilər. Ancaq müharibənin ortasındakı bir insanın bu cür duası, digərlərinə görə daha sıxıntılı və ehtiyaclı olacaq. Buna görə də, bu insan Allaha daha çox yalvararaq və möhtac halda dua edəcək. Və ya dənizin ortasında fırtınaya tutulmuş gəmidəki ya da düşmək üzrə olan təyyarədəki insanların hamısı, Allaha yalvara-yalvara dua edərlər. Dualarında son dərəcə səmimi və itaətkar olarlar. Allah bir ayədə belə bildirir:

De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” deyə dua edirdiniz. (Ənam surəsi, 63)

Allahın Quranda insanlara bildirdiyi məqbul dua, “yalvara-yalvara” olan duadır:

Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz. (Əraf surəsi, 55)

Allah bir başqa ayədə isə, çətinliyi və ehtiyacı olanın duasını qəbul etdiyini bildirir:

(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz! (Nəml surəsi, 62)

Əlbəttə ki, bir insanın istəklərinə görə Allaha yalvarması üçün, çətinlik və ehtiyac içində dua etməsi üçün, ölüm təhlükəsi olması şərt deyil. Bu nümunələr, insanların duanın səmimi və qəlbdən olması üçün necə ruh halının lazım olduğunu, qəflətdən xilas olduqları ölümə yaxın anlarında necə Allaha yönəldiklərini müqayisə edə bilmələri baxımından verilməkdədir. Allaha könüldən bağlı olan möminlər isə ölümü görməsələr belə, Rəbbimizə hər zaman səmimiyyətlə və acizliklərini bilərək möhtac halda yönələrlər. Bu onları, inkar edənlərdən və imanı zəif olanlardan ayıran əhəmiyyətli xüsusiyyətdir.