İnsanlara yaxşılığı xatırlatmaq, nəsihət vermək Quranda möminlərə əmr edilən ibadətdir. Dindar bir insan Quran əxlaqını yaşayarkən din əxlaqından uzaq olan səhv əməllər edən birinin qazandığı zərərləri bildiyi üçün vicdanı bu vəziyyətə görə məsuliyyət daşıyar və xoş sözlə, şəfqətlə həmin insanı xəbərdar etməyi özünə borc bilər. Bu xəbərdarlıq və xatırlatmalar hər bir vicdanlı möminin edəcəyi vacib hərəkətdir. Bu davranış Quranda “yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək” şəklində ifadə edilir.
“Yaxşılığı əmr edib, pislikdən çəkindirmək” eynilə 5 vaxt namaz, oruc və zəkat kimi Quranda əmr edilən və hər müsəlmana vacib olan ibadətdir. Quranın bir çox ayəsində bəhs edilən bu ibadəti yerinə yetirmək iman edənlərin əsas xüsusiyyətlərindən sayılır:
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir. (Tövbə surəsi, 71)
Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edib pis əməllərdən çəkindirir və xeyirli işlər görməkdə bir-birləri ilə yarışırlar. Onlar əməlisaleh kimsələrdəndirlər. (Ali İmran surəsi, 114)
Onlar tövbə edən, ibadət edən, şükür edən, oruc tutar, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və Allahın (halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ! (Tövbə surəsi, 112)
Allah başqa bir ayədə qurtuluşun, yaxşılığı əmr edib, pislikdən çəkindirmək ibadətinin yerinə yetirilməsinə bağlı olduğunu bildirir:
Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (Ali İmran surəsi, 104)
Heç bir müsəlman tamamilə qüsursuz və günahdan uzaq deyil. Unudaraq, bilmədən və ya nəfsinə uyaraq səhv etmək, Allahın imtahanı olaraq möminlərin mənəvi cəhətdən inkişaf etməsinə və yetkinləşməsinə vəsilə olan hadisədir.
Ancaq günah etməkdə möminləri kafirlərdən fərqləndirən ən mühüm xüsusiyyət, möminlərin öz səhvlərində israr etməmələri, səhvlərini bildikləri zaman dərhal düzəldib doğru olanı qəbul etmələridir. Allah Quranda belə buyurur:
O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) biləbilə israr etməzlər. (Ali İmran surəsi, 135)
Elə buna görə də, İslamı dinini yaşayan hər müsəlmanı nöqsanları və ya səhvləri barədə xəbərdar etmək digər müsəlmanların vəzifəsidir. Əgər bir möminin davranışında və ya zehniyyətində Qurana uyğun olmayan qüsur varsa, bunu görən başqa bir mömin dərhal onu xəbərdar etməli və doğru olanı xatırlatmalıdır. Beləliklə, qardaşının axirətinə və əbədi həyatına mənfi təsir edəcək vəziyyəti aradan qaldıraraq, qardaşına böyük yaxşılıq etmiş olar.
Buradan da başa düşüldüyü kimi, yaxşılığı əmr edib, pislikdən çəkindirmək islam dinində ən mühüm ibadətlərdəndir. Beləcə mömin, zaman keçdikcə bütün qüsurlarını düzəldəcək, bütün səhvlərini aradan qaldıracaq və Allahın Quranda təsvir etdiyi ideal mömin əxlaqına sahib olacaq və beləcə, Allaha daha çox yaxınlaşmağa ümid edəcək. Buna görə də, Allah Quranda bu ibadəti layiqincə yerinə yetirən, sevgi və mərhəmət sahibi olan möminləri tərifləyir:
Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız… (Ali İmran surəsi, 110)
Yaratdıqlarımız içində elə bir zümrə də var ki, onlar haqq yola yönəldir və onun sayəsində ədalətli davranırlar. (Əraf surəsi, 181)
“Yaxşılığı əmr edib, pislikdən çəkindirmək” yalnız möminlərə aid davranış deyil. Quran əxlaqından uzaq olan insanlara islamı tanıtmaq, onları din əxlaqına dəvət etmək, Quran əxlaqını izah etmək də mühüm ibadətlərdəndir. Quran əxlaqını izah etmək və insanları Allah yoluna dəvət etmək bütün peyğəmbərlərin və onlara tabe olan möminlərin əsas vəzifələrindən olmuşdur. Quran ayələrinə nəzər saldıqda görürük ki, peyğəmbərlərin ömrü bu şərəfli vəzifəni yerinə yetirmək və çətinliklərə görə ruhdan düşmədən insanları doğru yola dəvət etməklə keçmişdir. Ayələrdə hz. Nuhun sözləri bu şəkildə bildirilir:
Nuh dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (haqq yola) dəvət etdim. Ancaq mənim dəvətim onların (haqq yoldan) qaçmalarını daha da artırdı. Hər dəfə onları bağışlayasan deyə mən onları (haqq yola) dəvət etdiyimdə, barmaqlarını qulaqlarına tıxadılar, (məni görməmək üçün) paltarlarına büründülər, dirəndilər və çox təkəbbürləndilər. Sonra mən onları ucadan dəvət etdim. Sonra mən onlarla həm açıq-aşkar, həm də gizlicə danışdım.” (Nuh surəsi, 5-9)
Quranda bildirildiyi kimi, dində məcburiyyət və təzyiq yoxdur. İman etmək vicdan məsələsi olduğuna görə lazımi izahlar və dəlillər təqdim edildikdən sonra qəbul edib etməmək qarşı tərəfin öz seçiminə bağlıdır. Məsul olduğu təbliğ vəzifəsini yerinə yetirdikdən sonra qarşısındakı onu rədd edərsə, möminin üzərinə heç bir məsuliyyət düşmür. Bu həqiqət Quranda dəfələrlə bildirilmişdir. Bu ayələrdən bəziləri aşağıdakılardır:
Bizim vəzifəmiz ancaq (Allahın əmrlərini) açıq-aşkar təbliğ etməkdir. (Yasin surəsi, 17)
Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən. Sən onları məcbur edən deyilsən. (Ğaşiyə surəsi, 21-22)

