Ey iman gətirənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər. (Məhəmməd surəsi, 7)
İman edənlər, həyatı boyu Quran əxlaqını insanlar arasında yaymaq, insanların Allaha iman etmələrinə vəsilə olmaq üçün ciddi səy göstərərlər. Onların bu səylərinə qarşılıq olaraq, inkar edənlərdən bir qrup isə, tarix boyu həmişə iman edənlərin qarşısında yer almış, onlara təzyiq və şiddətlə maneə törətməyə çalışmışlar. Allah Quranda, inkar edənlərə qarşı hər zaman möminlərin yanında olduğunu, onların işlərini asanlaşdıracağını, möminlərə kömək və dəstək verəcəyini bildirir.
Allah yolunda səmimi səy göstərən möminlər bunları öz həyatının hər anında yaşayırlar. Allah hər işini asanlıqla nəticələndirər, hər işində uğur və gözəllik verər. Ən çətin və ya pis kimi görünən hadisələrdə belə, möminlərə asanlıq təmin edər. Hətta zəif imanlıların ümidsizliyə düşdükləri, heç bir qurtuluş yolunun qalmadığını sandıqları vəziyyətdə belə Allah möminlərə Öz qatından kömək göndərmiş və möminləri müvəffəqiyyətli etmişdir.
Allahın köməyinin və dəstəyinə arxalanan möminlər heç vaxt ümidsizliyə qapılmaz, Allahın hadisəni necə nəticələndirəcəyini həyəcanla gözləyərlər. Hz. Musa və qövmü buna nümunədir. Hz. Musa, İsrailoğullarını Fironun zülmündən qorumaq üçün Misirdən çıxarır. Firon isə ordusu ilə birlikdə Hz. Musanın və qövmünün izinə düşmüşdür.
Hz. Musa və İsrailoğulları dəniz sahilinə çatdıqda, bəzi imanı zəif olanlar, Firon tərəfindən sıxışdırıldıqlarını düşünərək, çaxnaşmaya düşmüş və ümidsizliyə qapılmışlar. Halbuki, Hz. Musa ayədə xəbər verildiyinə görə “…Şübhəsiz ki, Rəbbim mənimlədir. O mənə yol göstərəcəkdir!” (Şuəra surəsi, 62) deyərək, Allahın möminlərlə birlikdə olduğuna dair inancını göstərmişdir. Həqiqətən də Allah dənizi ikiyə ayıraraq, Hz. Musanın və qövmünün qarşı sahilə keçməsini təmin etmiş, daha sonra arxalarından gələn Fironu və ordusunu suda boğmuşdur.
Allahın möminlərlə birlikdə olduğuna iman edən, Allaha dost və yaxın bir mömin, həyatının hər anında bu sirrin təcəllilərini görəcək. Əlbəttə ki, dənizin yarılması kimi möcüzələr Allahın bəzi elçilərinə göstərdiyi hadisələrdir. Ancaq möminlər, Allahın yaradılışını və Quran ayələrini səmimi olaraq düşünsə, demək olar ki, möcüzə deyiləcək qədər, böyük-kiçik yaşadığı hər hadisədə Allahın dəstəyinin və köməyinin əlamətlərini görəcəkdir.
Allah bir çox ayəsində möminlərə olan dəstəyinin nə şəkillərdə ola biləcəyini bildirmişdir. Məsələn bir ayədə Allah möminləri, düşmənlərinin gözündə iki misli göstərdiyini belə bildirir:
(Bədr döyüşündə) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən inkar edənlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır. (Ali İmran surəsi, 13)
İnkar edənlər möminləri Allahın yolundan döndərmək üçün onlara müxtəlif çətinliklər yaradarlar və onların əleyhinə tələlər qurarlar. Ancaq Allah Quranda, möminlərə qurulan bütün tələlərin pozulacağını, o tələni quranların özləri düşəcəyini və möminlərə heç bir zərər verə bilməyəcəklərini bildirir. Bu ayələrdən bəziləri belədir:
Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (onlara tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?! Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən! Allahın qanununda heç bir dəyişiklik də görə bilməzsən! (Fatir surəsi, 43)
Sizə bir xeyir dəyərsə, bu onları qəmgin edər, ancaq sizə bir zərər toxunarsa, onlar buna sevinərlər. Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Həqiqətən, Allah onların etdiklərini (elmi ilə) əhatə edir. (Ali İmran surəsi, 120)
Qurulan tələlərin zamanla mütləq möminlərin lehinə, tələni quranların isə əleyhinə döndüyünü göstərən nümunələrdən biri Hz. Yusifə qurulan tələ ilə əlaqədardır. Yusif surəsində bildirildiyi kimi, atalarının sevgisini qısqanan qardaşları Hz. Yusifə tələ qurub, onu quyuya ataraq öldürmək istəmişlər. Hz. Yusifə gənc yaşında qurulan bir başqa tələ isə, yanında qaldığı vəzirin arvadı tərəfindən qurulmuşdur. Ancaq Allahın vədi ilə qurulan bu tələlərin heç biri Hz. Yusifə heç bir zərər verə bilməmişdir. Hz. Yusifə qurulan tələlər və quyuya atılması ilə başlayan hadisələrin nəticəsində Hz. Yusif, Misir xəzinələrinin rəhbəri vəzifəsinə gətirilmişdir. Hz. Yusif ayədə bildirildiyinə görə, bütün bu hadisələr nəticəsində hiyləli nizamların başarılı olmayacağını demişdir:
(O zaman Yusif dedi:) “Bu, (vəzirin) yoxluğunda mənim ona xəyanət etmədiyimi və Allahın xainləri hiylələrində müvəffəq etməyəcəyini bilməsi üçündür. (Yusif surəsi, 52)

