Keyfiyyətsizlik bəlası

İnsanlarla gün ərzində qurduğumuz münasibətlərdə bizi narahat edən bir çox hadisə ilə

İnsanlarla gün ərzində qurduğumuz münasibətlərdə bizi narahat edən bir çox hadisə ilə qarşılaşa bilirik. Bəzi insanların eqoizmindən, bəzilərinin anlayışsız olmasından, israr etməsindən, dinləməyi bilməməsindən narahat oluruq. Bir çoxumuzun bu ortaq narahatlığının təməlində, əslində bəlkə də çox insanın düşünmədiyi bir mövzu yatır: KEYFİYYƏTSİZLİK…

İslamda keyfiyyət çox vacib mövzudur. Hazırda bir çox İslam ölkəsində sevgidən, anlayışdan, tolerantdan, incəsənətdən, gözəllikdən və estetikadan uzaq həyat tərzi hakimdir. Bu vəziyyət Allahın Quranda bizə təsvir etdiyi gözəl və təmiz həyat tərzi ilə tamamilə ziddiyyət təşkil etməsinə baxmayaraq, yenə də bu cəmiyyətlər tərəfindən olduqca normal qarşılanır. Halbuki, keyfiyyətsiz həyat tərzi və estetikadan uzaq anlayış müsəlmana əsla yaraşmaz.

Keyfiyyətdən uzaq həyat tərzi insanın düşüncə tərzindən aldığı zövqlərə, hədəflərindən gözəllik, estetika və zarafat anlayışına, oturub qalxmasından danışığına, yemə-içməsinə qədər bütün həyatını əhatə edən çox geniş bir sahəyə yayılıb. Keyfiyyətə əhəmiyyət verilmədiyi, insanların həyatında estetik, gözəllik kimi anlayışlar olmadıqda isə dünya sanki cəhənnəm görünüşünə bürünür.

Bu kobud həyat tərzinin tam əksinə, keyfiyyət, təmizliyin əhəmiyyəti Quranda xüsusi olaraq bildirilmişdir. Uca Allah bir ayəsində, “Geyimini təmizlə. Pislikdən çəkinib-uzaqlaş.” (Muddəssir surəsi, 4-5) şəklində buyuraraq müsəlmanların bütün imkanlarından istifadə edərək tər-təmiz yaşamalarını bildirmişdir. Buna görə də, keyfiyyət müsəlmanların ən əhəmiyyətli xüsusiyyətlərindəndir.

Hazırda İslam aləminin ən böyük problemlərindən biri keyfiyyət çatışmazlığıdır. Əlbəttə ki, İslam əxlaqını ən doğru şəkildə qəbul edib yaşayan, keyfiyyətə, incəsənətə, gözəlliyə lazım olan əhəmiyyəti verən çox səmimi müsəlmanlar da var. Ancaq bəzən məlumatsızlıqdan, bəzən də məzhəb xurafatlarından öyrəndiklərinə görə, dünyanın bir çox yerində bu istiqamətdə geridə qalmış müsəlman cəmiyyətləri də var.

Xüsusilə də müsəlmanlar əleyhinə təbliğat aparmaq istəyən mərkəzlər, ümumiyyətlə bu keyfiyyət əskikliyinin olduğu cəmiyyətləri, dünyaya “əsl müsəlman modeli” olaraq tanıtmağa çalışırlar. Buna görə də, televiziyada, mediada, internetə yüklənən şəkil və videolarda “müsəlmanlardakı” keyfiyyət əskikliyini ortaya qoyan mənzərələrlə tez-tez qarşılaşırıq. İslamı yanlış şəkildə yaşayan müsəlmanlar bütün dünyanın İslamı səhv tanımasına səbəb olurlar.

İnsanların çoxu müsəlmanları qatı, sevgisiz, qəmgin, incəsənətdən anlamayan, zarafat anlayışı olmayan, gözəl və zövqlü geyinməyi bilməyən, müasirlikdən uzaq insanlar kimi təsvir edirlər. Musiqidən zövq almayan, şən insanlara müdaxilə edən, təmizliyə diqqət etməyən, nəzakətsiz, şəfqətsiz, qadınlara dəyər verməyən anlayış dünyanın bir çox yerində müsəlmanların əsas xüsusiyyəti kimi qəbul edilir. Bu da əlbəttə ki, dünyada böyük narahatlıq və mənfi reaksiyaya səbəb olur və insanları islamafobiyaya yəni islama qarşı olmağa yönəldir.

Bəziləri isə bu vəziyyətin əsl səbəbinin İslamı yanlış yaşayıb, dünyaya da səhv tanıdan müsəlmanlar olduğunu anlamayıb, insanları “İslama qarşı olmaq və müsəlmanlara düşmən olmaqla” günahlandırırlar. Halbuki, insanlar əsl İslama deyil, gördükləri səhv modellərə görə zehinlərində canlanan keyfiyyətsizliyə qarşıdırlar. Mənfi reaksiyanın ikinci bir səbəbi də həqiqi İslamla əlaqəsi olmayan keyfiyyətsiz, çirkin, baxımsız quruluşu bəzi bilgisiz müsəlmanların müdafiə etmədəki qətiyyətidir.

Keyfiyyətsiz insanların diqqətə çarpan xüsusiyyətlərindən biri, təzyiq və zorakılıqla öz həyat və inanclarını başqa insanların qəbul etmələrini istəmələridir. Halbuki, Allah Quranda təzyiqi haram etmişdir. Qurana görə müsəlman anlayışlı, mehriban olmalı, qarşısındakına doğrunu gözəl sözlə izah etməli, ancaq onun fikrinə və dəyərlərinə hörmət etməli, yalnız özü üçün deyil, bütün insanlar üçün ən gözəl mühiti təmin etməlidir.

Din, sevgi, mərhəmət, şəfqət, dostluq, təmizlik, yaxşılıq, gözəllik, hüzur, mehribanlıq, kasıbları, yetimləri, möhtacları, yaşlıları, Allahın yaratdığı hər şeyi- insanları, bitkiləri, heyvanları, qısaca bütün varlıqları sevmək deməkdir.

Belə üstün əxlaq anlayışı isə əlbəttə ki, həyatın hər sahəsinə, insanların bütün düşüncə və hərəkətlərinə keyfiyyət qazandırır. Bu səbəbdən Qurandakı bu əxlaqı yaşayan müsəlmanlar, dünyanın ən keyfiyyətli və əsilzadə insanlarıdır.

Bəzi müsəlman ölkələrin yaşadıqları keyfiyyətsiz həyat tərzindən xilas olmaları üçün isə əvvəlcə keyfiyyətin müsəlmanlığın önəmli bir xüsusiyyəti və Quran əxlaqının tələbi olduğunu çox yaxşı anlamaları və qəbul etmələri lazımdır.

İncəsənətdə, elmdə, estetikada, siyasətdə, qısaca hər sahədə və hər yerdə keyfiyyət olduqda, İslama qarşı olan insanlarda meydana gəlmiş mənfi dünyagörüşü də öz-özünə ortadan qalxacaqdır. Qarşınızdakı adam dinsiz olsa belə, “sevgi, mərhəmət, şəfqət, dostluq, yoldaşlıq, sosial ədalət, elmdə, incəsənətdə, estetikada inkişaf, xoş söhbət olan mühit” qarşısında “tam razıyam” deyəcəkdir. Əsl İslam da belədir. Bütün bu xüsusiyyətlərin ən mükəmməl anlayışı İslam əxlaqında var.

Bəzi insanların keyfiyyət anlayışı Allahın Quranda diqqət çəkdiyi keyfiyyət anlayışından çox fərqlidir. Bu insanların keyfiyyət anlayışı bahalı avtomobil, marka geyimlər, çox gözəl bir ev və yaxşı təhsillə məhdudlaşır. Əlbəttə ki, Allahın nemət olaraq verdiyi bu sayılanlar gözəl və estetik görünməyi təmin edə bilər. Lakin keyfiyyət əsas olaraq ruhda yaşanır.

Keyfiyyət həyatın ən vacib bəzəyidir. Keyfiyyət olmasa insanlar içinə qapanar, eqoistləşər, laqeydləşər, hətta dindən uzaqlaşarlar. Bir çox insan bəlkə ibadətlərini yerinə yetirir, amma keyfiyyətsizliyə görə bədbəxt olurlar. Qaranlıq, soyuq evlər, estetikadan uzaq məkanlar, baxımsız yerlər insanlara xoşbəxtlik gətirmir. Baxımsız, üzündə sevgi ifadəsi olmayan, bezgin, əsəbi, mənfi danışan, gözəlliklərdən zövq almayan hətta bunları yox etməyə çalışan, mənfi enerjini ətrafına yayan insanlar cəmiyyətdə yayılır. Belə bir cəmiyyətdə isə qardaşlıq, gözəllik, sevgi, hüzur və rahatlıq yox olar. Hər kəs bir-birindən uzaqlaşar və hətta bir-birindən çəkinər, qorxar. Bu isə əlbəttə ki, heç kimin istəməyəcəyi bir vəziyyətdir.