“İman həqiqəti” anlayışı, “imana aparan, imana vəsilə olan və eyni zamanda imanın artmasını, inkişafını və möhkəmlənməsini təmin edən həqiqətlər” şəklində də ümumiləşdirilə bilər.
İnsanlar Allahın Zatını görə bilməzlər. Ancaq Onun varlığını, qüdrət və bəzi sifətlərini, yaratmış olduğu varlıqlara baxaraq anlayarlar. Hər şəkilin öz rəssamını tanıtması kimi, canlı və cansız varlıqlar da özlərini yaratmış olan Allahı bizə tanıdırlar. İnsanın bunlar üzərində düşünməsi və yaradılış dəlillərinə şahid olması lazımdır. Necə ki, Allah Quranda, dəvə, ağcaqanad, arı, hörümçək kimi müxtəlif heyvanları, bitkiləri, ağacları, dağları, yerləri, göyləri bir iman həqiqəti, yəni yaradılış möcüzəsi olaraq nümunə vermişdir. Bu kimi iman həqiqətlərinə diqqət çəkilən ayələrdən bəziləri belədir:
Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini görmürlər? Dağların necə sancıldığını görmürlər? Yerin necə döşədildiyini görmürlər? (Ğaşiyə surəsi, 17-20)
Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir. Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan adamlar üçün dəlillər vardır. (Yunis surəsi, 5-6)

