Uca Rəbbimiz Quranda nəfsin yaxşı xüsusiyyətlər qədər pisliklərə də meyilli olduğunu və ancaq iman gətirənlərin nəfsini pisliklərdən təmizlədikləri bildirilmişdir. Möminə bu üstünlüyü verən güc isə imanı, təqvası və Allah qorxusudur. Allah qorxusu insanı Allahın razı olmadığı davranışdan çəkindirir. Möminin Allah qorxusu nə qədər güclü olarsa, din əxlaqına uyğun olmayan kədərlənmə, ümidsizliyə qapılma kimi pis əxlaqi xüsusiyyətlərdən də bir o qədər çox çəkinər.
Allah insan ruhunu bir çox gözəl və mənfi xüsusiyyətlərlə birlikdə yaratmışdır. İnsan bir tərəfdən sevgidən, mərhəmətdən, gözəl sözdən zövq alır, digər tərəfdən də qısqanclığa, qəzəbə, kədərə meyl edir. Allahdan qorxan və vicdanını dinləyən insan üçün, əlbəttə, bu pisliklərdən qorunmaq çox asandır. Rəbbimizin “sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə and olsun.” (Şəms surəsi, 8)” ayəsində bildirdiyi kimi, dünyada imtahanın tələbinə uyğun olaraq Allah bu xüsusiyyətləri yaradarkən eyni zamanda insana bunlardan çəkinmə gücünü də ilham edir. Məsələn, insanın nəfsində həsəd aparmağa meyllilik vardır. Ancaq mömin Allahın Quranda hansı əxlaqı tələb etdiyini düşünüb Allahın bu cür xüsusiyyəti bəyənmədiyini dərk edər və nəfsini bu yöndə dərhal tərbiyə edər. Eyni vəziyyət qəzəb, gərginlik, kin və digər mənfi əxlaqi xüsusiyyətlərə də aiddir.
Allahın rizasına uyğun olan həyat tərzini və Quran əxlaqını mənimsəməyən insanlar kədərlənmək və bədbin olmaq üçün yüzlərlə, hətta minlərlə səbəb taparlar. Çünki insan ancaq səmimi şəkildə Allahın razılığına uyğun yaşayıb Allaha qəlbən qulluq edərsə, həmçinin Allahın əmr və istəklərini dəqiq yerinə yetirib, Allahı çox sevib dərindən hörmət bəsləyərsə və tamamilə Quran əxlaqına uyğun yaşayarsa, həqiqi mənada xoşbəxt ola bilər. Başqa cür xoşbəxt olmaq mümkün deyil. Bu səbəbdən, xoşbəxtliyi Allahın rizasında və Quranda axtarmayıb dünyəvi hədəflərə yönələn, nəfsini rahatlatmağa çalışan insanlar bədbinlik və kədərlə mütləq qarşılaşarlar. İnsanları kədərləndirən səbəblərdən bəziləri aşağıdakılardır:
Keçmiş həyatını düşünüb kədərlənirlər
Allahın sonsuz ədalətini və Rəbbimizin taleni ən mükəmməl şəkildə yaratdığını düşünməyən insanlar hadisələrin xüsusi hikmətlərlə yaradıldığını nəzərə almır və sıxıntı çəkirlər. Ətrafda baş verən hadisələrin və ya insanların davranışlarının xeyirli tərəflərini görmək əvəzinə bunların üzərində saatlarla düşünüb bədbinliyə qapılır, adi gündəlik məsələləri böyüdür və kədərlənirlər. Məsələn, insanların ən çox kədərləndiyi məsələlərdən biri keçmişdə başlarına gələn hadisələrdir. Keçmişdə etdikləri səhvləri uzun-uzadı düşünüb o səhvi necə etdiklərinə kədərlənirlər. Təkrar-təkrar o hadisələri xatırlayıb danışır, kədərlənir, peşman olurlar. Halbuki insan keçmişinə görə kədərlənməməlidir. Çünki Allah hər hadisəni taledə mütləq şəkildə xeyir və hikmətlə yaratmışdır. Əlbəttə, insan keçmişdəki səhvlərinə görə peşman olar, amma sonra çalışar ki, həmin səhvləri düzəltsin və yenə təkrarlamasın. Lakin bunlar kədərlənmək üçün səbəb deyil.
Müsəlmanların həyatında bu əxlaqı gözəl nümunələrlə görmək mümkündür. İstər 30 il, istərsə 30 saniyə əvvəl etdiyi səhvlərə görə mömin kədərlənməz. Etdiyi səvhlərin xeyir və hikmətini düşünüb dərs alar. Allahdan bağışlanma diləyər, səhvinin onu Allaha daha da yaxınlaşdırması üçün dua edər.
Ümidlərini itirdikləri üçün kədərlənirlər
İman gətirməyən insanları kədərləndirən səbəblərdən biri də ümidlərini itirmələridir. Ətrafımızda bəzi insanların bir çox məsələ ilə bağlı ümidlərini itirdikləri haqda sözlərini tez-tez eşidirik. Ancaq ümidi itirmək din əxlaqına uyğun davranış deyil. Allah Quranda, həqiqətən, inanan insanların ümidlərini itirmədiyini bildirir. (Yusif surəsi, 87; Zumər surəsi, 53). Müsəlmanlar hər məsələdə daima ümidvar olurlar.
Allahın səmimi qullarının dualarına mütləq cavab verəcəyinə inanır, daima ümid və qorxu arasında dua edirlər. Allahı razı edərək Onun rizasını, rəhmətini və cənnətini qazanmaq ümidi müsəlmanların bütün həyatına hakim olan xoşbəxtlik vəsiləsidir.
Kədərdən uzaq olmaq üçün, kədərlənməyin din əxlaqına uyğun olmayan davranış olduğunu anlamaq lazımdır Kədərlənmək Rəbbimizin bəyənmədiyi və çəkindirdiyi xüsusiyyətdir. Mömin hər şeydən əvvəl Allahın bu hökmünə uyğun olaraq nəfsinin bu istəyinə qarşı çıxır.
Allah qorxusu və imanın sevinci möminin daima rahat və xoşbəxt olmasına səbəb olur. Allah Quranda müsəlmanların bu əxlaqa uyğun olaraq yaşadığı təqdirdə mütləq üstün gələcəklərini belə vəd verir:
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi, 139)
Dünya həyatında başımıza gələnlər sadəcə Allahın bizim üçün yaratdığı imtahanın bir hissəsidir və Allahın razılığına ən uyğun şəkildə davranmaqla məsuluq. Bu imtahanda yaradılan görüntülər tamamilə itəcək, bunlara qarşı göstərilən əxlaq, Allahın rizası üçün edilən saleh əməllər isə qalacaq. İnsan bu həqiqəti indi qavramasa da, axirət həyatının başlaması ilə dünyadakı hər şeyin müvəqqəti olduğunu, əsl həqiqətin isə Rəbbimiz və Onun yaratdığı axirət olduğunu anlayacaq.
Qətiyyətli olmaq lazımdır
İnsan kədərdən uzaq olmaq üçün buna qəti şəkildə qərar verməlidir. İnsan hər şeyin, kədərləndiyi hadisələrin belə Allahın böyük hikmətlə yaratdığını, həyatındakı hər hadisənin ən kiçik təfərrüatına qədər Allahın sonsuz ağlı ilə baş verdiyini bilməli və daima bu həqiqəti dərk edərək yaşamalıdır. İnsan ancaq bu həqiqəti qavradıqda həyatının sonuna qədər daima Allahın rizasına uyğun yaşayar.
Şeytanın vəsvəsələrinə qarşı diqqətli olmaq lazımdır
Kədər şeytanın insanlara yaxınlaşmasına əsas verən hallardan biridir. Bəzi insanların kədərlənməsi, özünə qapanması, küsməyə meylli olması şeytandandır. Müsəlman şeytanın haradan yaxınlaşdığına, hansı məsələlərdə kədərlənməyi təlqin etdiyinə, kədərə necə zəmin hazırladığına qarşı – Allahın iznilə – hazırlıqlı olar. Allah qorxusu müsəlmanın bu vəziyyətdə daima ayıq olmasını, şeytanın oyunlarına qarşı diqqətinin və şüurunun açıq olmasını təmin edir. Nəticədə mömin nəfsinin istəklərinə tabe olmayaraq Allahın razılığına uyğun davranır.
Mömin hansı hadisə ilə qarşılaşsa da, bu gözəl əxlaqından güzəştə getməz, ən çətin şəraitdə belə kədərlənməz, ümidsizliyə düşməz. Allahın qarşısına çıxardığı hər cür vəziyyətdə, ani hadisələrdə də Allaha dərindən təvəkkül edər.
Axirətə şəksiz iman gətirmək lazımdır
Möminlər axirətin varlığına şəksiz iman gətirdikləri və axirətə hazırlıq üçün yaşadıqlarına görə heç bir hadisəyə kədərlənmirlər. Dünyanın çox qısa və müvəqqəti olduğunu bilən, sonsuz və mükəmməl axirət həyatına ümid bəsləyən insan üçün nəfsinin kədərə təşviq etdiyi dünyəvi məsələlərin hamısı mənasını itirir. Heç biri Allahın rizasından, sevgisindən, yaxınlığından və cənnətindən üstün deyil. Ona görə də möminin Allahın sevgisinə, rizasına və cənnətinə bəslədiyi ümid və bundan doğan sevinc, xoşbəxtlik və həyəcan hər hansı dünyəvi məsələdən qaynaqlanan kədərə üstün gəlir.

