Allah keçmişdə yaşamış qövmlərə elçilər göndərmiş, onları axirətin və hesab gününün varlığı ilə xəbərdar edib qorxutmuşdur. Lakin bu qövmlərin çoxu onlara gələn xəbərdarlıqlara qulaq asmamış, Allaha və Onun elçilərinə qarşı çıxmış və dinlərini unutmuşlar. Bunun üzərinə Allah onlara xəbərdarlıq xarakterli müxtəlif bəlalar göndərmiş, bunlardan ibrət almayan bir qismini isə həlak etmişdir. Bu qövmlərin başına gələn bəlalar zahirən bir-birindən fərqli olsa da, ortaq xüsusiyyətləri insanların heç gözləmədikləri bir anda, ummadıqları bir yerdən, hətta çox vaxt yuxuda ikən baş verməsidir. Bu bəlalar bəzən bütöv bir şəhəri və ya qövmü yerlə-yeksan etmiş, onlardan heç bir iz qoymamış, insanlar üçün ağrılı və qorxunc bir əzaba çevrilmişdir. Allah Quranda bir çox ayədə həlak edilmiş qövmləri bütün insanlar üçün ibrət kimi təqdim edir:
Onlardan əvvəl neçə-neçə millətləri məhv etdiyimizi və bir daha onların yanına qayıda bilmədiklərini görmədilərmi? (Yasin surəsi, 31)
Quranda qeyd olunan həlak edilmə formalarından bəziləri bunlardır:
– Suda boğulma, (İsra surəsi, 103)
– Göydən nazil olan əzablar, (Bəqərə surəsi, 59)
– Dəhşətli sarsıntı-zəlzələ, (Əraf surəsi, 78)
– Sel fəlakəti, (Qamər surəsi, 12)
– Dözülməz bir səs, (Hud surəsi, 67)
– Palçıqdan daş yağması, (Hud surəsi, 82)
– Qulaqları kar edən qasırğa, (Qamər surəsi, 19)
– İldırım vurması, (Zəriyət surəsi, 44)
– Yerin dibinə batırılma. (Nəcm surəsi, 53)

