Kainatdakı yerimiz

Kainatın ehtişamlı böyüklüyü

Günəş sistemi hər bir təfərrüatı ilə birlikdə canlılar üçün xüsusi olaraq yaradılıb. Başqa sözlə desək, kainatın fiziki qanunları kimi Yer kürəsinin kosmosdakı mövqeyi də kainatın insan həyatı üçün dizayn edildiyini göstərən dəlillərdəndir. Aparılan bütün araşdırmalar sonsuz güc və ağıl sahibi olan Allahın bu qüsursuz nizamı və dizaynı yaratdığını təsdiq edir.

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zariyat surəsi, 47)

Kainatda qüsursuz nizam var. Bu qüsursuz nizam içində Günəş sistemi çox kiçik yer tutur. Ancaq kainatla müqayisədə bir nöqtə boyda olan bu kiçik sistem bizə görə çox böyükdür. Günəş sisteminin böyüklüyünü bir az daha detallı düşünək.

Ucsuz-bucaqsız kainat

Bu sistem kainatdakı digər ulduzlarla müqayisədə orta böyüklükdə ulduz olan və Günəşin ətrafında fırlanan doqquz planetdən ibarətdir. Yer kürəsi sistemdə Günəşə ən yaxın üçüncü planetdir. Günəşin diametri Yer kürəsinin diametrindən 109 dəfə böyükdür. Ancaq bu qədər nəhəng ölçüyə sahib olan Günəş sistemi Süd Yolu qalaktikasına nisbətdə çox kiçikdir. Çünki Süd Yolu qalaktikasında Günəş kimi və ondan daha böyük təxminən 250 milyard ulduz var.

Maraqlısı da odur ki, Süd yolu qalaktikasının özü də kosmosun içində çox “kiçik” yer tutur. Çünki kosmosda başqa qalaktikalar da var. Təxminən 300 milyarda qədər! … Corc Qrinşteyn (George Greenstein) bu ağlasığmaz böyüklüklə əlaqədar “Simbioz kainat” (The Symbiotic Universe) adlı kitabında belə yazır:

“Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsalar, astrofizika elə də fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində baş verən təməl fiziki hadisələrdə heç bir dəyişiklik olmazdı. Uzaq nöqtədən baxıldıqda qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq gecə otların üzərinə uzanıb izlədiyim səmada çox sayda ulduz olardı. Üzr istəyirəm, bəli, bir fərq də olardı; bu mənzərəni seyr edəcək “mən” olmazdım … Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın ilkin şərtidir.” (Corc Greenstein, The Symbiotic Universe)

Qrinşteyn bunun səbəbini də izah edir: kosmosdakı böyük boşluqlar bəzi fiziki dəyişikliklərin insan həyatına tam uyğun olaraq formalaşmasını təmin edir. Bundan əlavə, Yer kürəsinin kosmik boşluğunda gəzişən nəhəng göy cisimləri ilə toqquşmasına maneə olan faktor da kainatdakı göy cisimlərinin arasının bu cür böyük boşluqlarla dolu olmasıdır.

Qısacası, kainatdakı göy cisimlərinin yerləşməsi, qüsursuz nizam və tarazlıq insan həyatı üçün tam lazımi quruluşdadır. Nəhəng boşluqlar təsadüfi deyil, məqsədli yaradılışın nəticəsidir.