İnsan yaşadığı dünyada daim “nə”, “niyə” və “necə” kimi suallara cavab axtarsa da, onların ardınca düşəndə olduqca qısa bir yol qət edə bilir. Əgər yaşadığı dünyanın fövqəladə nizam və tarazlığı barədə suallara cavab axtarmasa, həqiqətə gedən yolda irəliləməsi mümkün deyil.
Atomla bağlı nələrin necə baş verdiyini biləndən sonra “niyə” sualının cavabını öyrənəcəyik. Elə bu sualın son cavabı da bizi mütləq həqiqətə qovuşduracaq. Həmin cavabı isə ilahi rəhbər olan və hər şeyə açıqlama verən Quranda tapacağıq.
XIX əsrin birinci yarısından bu günə qədər yüzlərlə elm adamı atomun sirlərini açmaq üçün gecə-gündüz çalışıblar. Atomun quruluşu, hərəkəti və digər xüsusiyyətlərini üzə çıxaran bu çalışmalar maddəni əzəli və əbədi bir varlıq olaraq qəbul edən klassik fizikanı kökündən sarsıtdı və müasir fizikanın təməlini qoydu. Eyni zamanda, bu fəaliyyətlər özləri ilə bir çox yeni suallar gətirdi. Bu suallara cavab axtaran fiziklər sonda bütün kainatda olduğu kimi, atomda da qüsursuz bir nizam, pozulmaz tarazlıq olduğu haqda ortaq məxrəcə gəldilər.
Bu həqiqət hələ 14 əsr əvvəl Quranda açıqlanmışdı. Quran ayələrində açıq-aşkar bildirilir ki, bütün kainat mükəmməl nizam içində işləyir. Çünki yer, göy və bu ikisinin arasındakı hər şey sonsuz güc və ağıl sahibi olan Allah tərəfindən yaradılıb. Allahın yaratdığı hər şeyin fövqəladə dərəcədə mükəmməl olması və qüsursuz nizam içində işləməsi isə çox təbiidir. Qəribə olan odur ki, insan öz bədəni də daxil olmaqla, gördüyü hər yerdə qarşısına çıxan sonsuz möcüzələrdən təsirlənmir və bütün bunların nəyə görə ona göstərilməsini düşünmək istəmir.
