İnsan nəfsi hər cür mənfi hissə açıqdır. Çünki dünya bir sınaq yeridir. Allah dünyadakı imtahana uyğun olaraq nəfsimizi neqativ hisslərə meyilli yaradıb. Əsəbləşmək, küsmək, incimək, qısqanmaq, intiqam alma hissi… Bunların hamısı imtahanın tələbi olaraq ruhumuza hiss etdirilir.
İmanlı, Allahdan qorxan, Allahı çox sevən insanların üstünlüyü bu hisslərə qarşı göstərilən iradə ilə ortaya çıxır.
Demək olar ki, hər insana doğulduğu andan etibarən şüursuzca verilən bir təlqin var: ruhunda nə hiss edirsə, ona uyğun reaksiya vermək. Məsələn, bir uşağın ürəyi sıxılırsa, qaşqabaqlı oturmalı olduğunu öyrənir. Əsəbləşdikdə qışqırması, nəzarətsiz hərəkətlər etməsi sözlə olmasa da, davranışla ona öyrədilir. Kədərləndiyində ağlamağın normal olduğu düşüncəsi aşılanır.
Mənfi də olsa bu reaksiyaların ortaq olması və demək olar ki, hər kəs tərəfindən edilməsi uşaqların yanlış əxlaqa asanlıqla adaptasiya olmasına səbəb olur. Bu kimi insanlar həyatları boyunca da uşaqlıqdan qazandıqları bu mənfi təcrübələrin əziyyətini çəkirlər.
Halbuki Allah Quranda bizə «And olsun nəfsə və onu yaradana (ona biçim verənə), sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə» (Şəms surəsi, 7-8) deyə bildirir. Nəfsimizdəki pisliklər dünyadakı imtahanın bir tələbidir, ancaq bizə o pisliklərdən çəkinməyimiz üçün vicdan da verilmişdir.

