Axirətə inanmayan və tək həyatının dünya həyatı olduğunu zənn edən insanların böyük əksəriyyəti dünyada güc, qüdrət və üstünlük əldə etməyə çalışırlar. Həyatı boyu bunun hərisliyi ilə çalışıb-çabalayırlar. Özlərinə görə gücün, üstünlüyün və şərəfli olmağın ölçü və dəyərləri vardır. Buna görə zəngin olmaq, rəhbər olmaq, sözü keçən olmaq, ad-san qazanmaq lazımdır. Bunlardan birini itirdikdə isə bütün etibarın, qürur və izzətin yerlə bir olduğunu düşünərlər. Halbuki bu çox böyük yanılmadır və Allah onların bu yanılmasını Quranda belə açıqlayır:
Onlar özlərinə dəstək (şəfaətçi) olsun deyə, Allahdan başqa ilahlar qəbul etdilər. Əsla! (İlah qəbul etdikləri şəriklər axirət günü) onların ibadətini inkar edəcək və onlara düşmən kəsiləcəklər. (Məryəm surəsi, 81-82)
Tək güc və izzət sahibi olan Allahdır və Allah gücü və izzəti istədiyinə verir. Buna görə də, güc və üstünlük təmin etmək üçün Allahdan istəmək əvəzinə səbəblər və vasitəçilər axtaranlar, Allaha şərik qoşmuş olarlar. Çünki nə malın, nə etibarın, nə də vəzifənin insana güc təmin edəcək iradəsi yoxdur. Həmçinin, Allah hər insandan bütün bunları bir anda çəkib ala bilər. Məsələn ən üst vəzifədəki insan bir anda vəzifəsiz, malsız və etibarsız qala bilər. Çünki hər şeyin tək və həqiqi sahibi olan Allahdır.
Allah izzət və qüruru, Özünə dost olan, Özünə könüldən bağlı olan, Qurana uyan bəndələrinə verir. Qurana uyan insan, heç vaxt özünü axirətdə Allahın qarşısında hörmətdən salacaq, onu utandırıb, peşmanlığa sövq edəcək hərəkəti etməz. Heç bir insandan qorxmaz, kimsəyə yaltaqlanmaz, kimsənin güc ya da zalımlığından qorxub çəkinməz.
Sadəcə Allahı razı etmək istəyər və sadəcə Allahdan qorxub çəkinər. Dolayısı ilə heç bir zəifliyi, insanlar qarşısında əzikliyi yoxdur. Mala, zənginliyə, məqama və vəzifəyə sahib olmasa belə Allah onu Öz qatından göndərdiyi köməyi ilə güc və şərəf sahibi edər. Belə insan eyni zamanda Quran əxlaqını yaşamanın və imanın gətirdiyi üstünlüyü, şərəfi üzərində daşıyar. Allah bunu bir ayəsində belə bildirir:
Halbuki əsil üstünlük Allaha, Onun elçilərinə və möminlərə məxsusdur. (Munafiqun surəsi, 8)

