İsraf Quranda necə bəhs edilir?

Allah bəndələrinə israfı qadağan etmişdir. Və onlara xərcləyərkən riayət etməli olduqları ölçünü belə bildirmişdir:

Həmçinin (Allahın xalis bəndələri) o kəslərdir ki, xərclədikləri zaman nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar. (Furqan surəsi, 67)

Müsəlmanlar sahib olduqları hər şeyi Allah yolunda və Allahı ən çox razı salacaq şəkildə istifadə edərlər. Onlar sahib olduqları hər şeyin Allahın onlara bəxş etdiyi bir nemət olduğunu və bunların həqiqi sahibinin özləri olmadığını unutmazlar. Fədakarlıq etmək lazım gəldikdə sahib olduqları hər şeyi Quranın əmr etdiyi şəkildə xərcləyər, lakin lüzumsuz bir xərc olacağı təqdirdə tək bir qəpiyi belə israf etməkdən çəkinərlər. Allah Quranda möminlərə ehtiyacı olan kəslərə mallarından vermələrini, lakin israf etməmələrini əmr etmişdir:

Qohumlara, yoxsullara və yolda qalanlara haqqını ver, lakin israfçılıq etmə! Həqiqətən, israfçılıq edənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur. (İsra surəsi, 26-27)

Bununla yanaşı, israf anlayışı nemətlərdən uzaq durmaq kimi başa düşülməməlidir. Allah Quranda: “…Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz.” (Əraf surəsi, 31) buyuraraq möminlərin nemətlərdən faydalanmasını bildirmiş və yalnız onların israf edilməsini qadağan etmişdir.

Lakin bu gün din əxlaqından uzaq olan bir çox cəmiyyətlərdə israf məsələsinə lazımi əhəmiyyət verilmir. Restoranlarda və evlərdə çoxlu miqdarda yeməklər, çörək, meyvə və tərəvəz asanlıqla tullantıya çevrilir. Halbuki Allah israfın böyüyünü də, kiçiyini də haram etmişdir. Buna görə də insanlar düşüncəsiz şəkildə “bu xarab olub”, “bunlardan istifadə etmək olmaz” deyərək əllərindəki nemətləri atmaq əvəzinə, onları xarab olmadan əvvəl ən səmərəli şəkildə dəyərləndirməyin yollarını axtarmalıdırlar.

İnsan yalnız bu şəkildə Allahın verdiyi nemətlərin haqqını vermiş olar. Əks halda bu, həm bərəkətin azalmasına, həm də Allaha qarşı nankorluğa səbəb olar.