İslamofobiyanın əsl qaynağı nədir?

Bir çox ölkədə müsəlmanların varlığına qarşı reaksiyalar artır, hər gün yeni tədbirlər alınır

Bir çox ölkədə müsəlmanların varlığına qarşı reaksiyalar artır, hər gün yeni tədbirlər alınır. İslamofobiya termini ilə bütün dünyada İslama qarşı yönəldilən qorxu sanki normal düşüncə kimi əks etdirilir. Müsəlmanlara qarşı olan nifrət və düşmənçilik adi hala gətirilir. İslamofobiya düşüncəsini aradan qaldırmağın yolu ilk öncə “mövhumatçılıq və əsl İslamın” fərqini izah etməkdir. Bu isə iki tərəfli cəhalətin aradan qaldırılması ilə mümkün olacaq.

Savadsızlıq, dünyagörüşünün azlığı və bunun nəticəsi olan cəhalət bu gün dünyanın bütün cəmiyyətlərini təhdid edən ümumi problemdir. Bir tərəfdə xalqının az qala üçdə ikisi oxuma-yazma belə bilməyən bəzi İslam ölkələri, digər tərəfdə isə müasir və mədəni görünməsinə baxmayaraq, bir çox həlledici mövzuda tamamilə yanlış və əsassız məlumatlarla beyni doldurulmuş, ya da çox mühüm həqiqətlərdən xəbərsiz Qərb cəmiyyəti …

Cəhalət az inkişaf etmiş üçüncü dünya ölkələri, Yaxın Şərq və İslam ölkələrinin xalqları ilə birləşdirilmək istənilən anlayış olsa da, bir az yaxından araşdırdıqda əslində bunun Qərb cəmiyyətlərində də çox yayılmış xəstəlik olduğu məlum olur. Çünki bilgi sahibi olmaq yalnız oxuma-yazma bilmək, ən yaxşı universitetləri bitirmək, müəyyən sahələrdə mütəxəssis olmaq demək deyil. İnsanın öz həyatını, varlıq məqsədini, ətrafında baş verən hadisələri və bu hadisələrin ardındakı hikmətləri anlamasını təmin edəcək məlumatlardan məhrum olması, üstəlik ən əsas mövzularda qulaqdan dolma, yanlış məlumatlara sahib olması əslində cəhalətin ən inkişaf etmiş dərəcəsidir.

Cəhalət anlayışının ən qeyri-adi nümunələrindən biri Qərb cəmiyyətlərində din halına gəlmiş darvinizmdir. Darvinizm və onu əsas alan materialist düşüncə qərb cəmiyyətlərini bir əsrdən çoxdur ki, Allahın varlığı və yaradılış kimi ən vacib həqiqətlərdən uzaq salır.

Bu gün darvinizm və materializmi elmi həqiqət hesab edib kor-koranə bu uydurmalara inanmaq intellektuallıq olaraq göstərilməyə çalışılsa da, əslində cəhalət nümunəsidir.

Ancaq bu gün mədəniyyətin beşiyi hesab edilən Qərb dünyası bütün təhsil sistemini, elm anlayışını və dünyagörüşünü “darvinizm” adlı elm adı altında saxtakarlığa, başqa sözlə, qatı cəhalətə söykəyir.

Qərb cəmiyyətlərində darvinizm mövzusunda olduğu kimi, İslamla bağlı da böyük cəhalət hökm sürür. Qulaqdan dolma xurafatlarla və əsassız fikirlərlə əslində sülh, sevgi, birlik və qardaşlıq dini olan İslamı əksinə olaraq (İslamı tənzih edirik) terror və vəhşiliyin mənbəyi, qan tökən, qorxu dini olaraq qəbul edirlər. Bu böyük cəhalət küçədəki insandan dövlətin ən yuxarı təbəqələrinə qədər hakimdir. İslam ölkələri və müsəlmanlar əleyhinə alınan qərarların, yürüdülən dövlət siyasətinin əsasında cəhalət, yanlış anlayış hökm sürür və bu da böyük kütlələr tərəfindən dəstəklənir.

Qərb cəmiyyətinin bir hissəsi hər gün müəyyən mərkəzlərdən yayımlanan təlkin və propaqandalar, din adı altında irəli sürülən yanlış model və mənfi nümunələrdən yola çıxaraq İslam haqqında ön mühakimə yaratmışdır. Ancaq onların ən önəmli xətası İslamı düzgün tanıya biləcəkləri tək mənbə olan Quranı oxumamalarıdır.

İslamofobiyanın əsl mənbəyi cəhalətə əsaslanan xurafat din anlayışıdır. Qurana əsaslanan əsl İslamın islamofobiyanın səbəbi olmadığı açıqdır. Ancaq bir çox İslam ölkəsində İslam adına ortaya çıxan, Qurana uyğun olmayan model və bu modeli müsəlmanlıq adı altında yaşayan insanların həyat tərzi haqqında bunu demək mümkün deyil.

Bu ölkələrdə qatı cəhalətə əsaslanan xurafat, mövhumat, adət-ənənələrlə yoğrulmuş yanlış din anlayışı hakimdir. Bunun nəticəsində isə hər cür vəhşilik, şiddət, elm, incəsənət, müasirlik və mədəniyyətdən uzaq, qadınlara ikinci sinif vətəndaş kimi davranan bir cəmiyyət və həyat tərzi ortaya çıxır. Müsəlman cəmiyyətlərin böyük hissəsi atadan oğula keçən və dövlət tərəfindən də rəsmi olaraq təqdim edilən atalarından qalma bu din anlayışını İslam olaraq mənimsəyib. Halbuki bütün müsəlmanların dinin əslini və təməlini araşdıraraq, əsl mənbəyi olan Quranı oxuyaraq öyrənmələri lazımdır ki, dinləri haqqındakı cəhalətdən xilas olsunlar.

İslam adına ortaya çıxan və Qurana zidd olan bu din anlayışını görən Qərb cəmiyyəti də bu mənzərəyə qarşı qeydsiz-şərtsiz əks reaksiya və müdafiə mexanizmini işə salır ki, bunun da adı islamofobiyadır.

Göründüyü kimi, nəticələri dünya səviyyəsində olan, illərdir qan, şiddət, ölüm, acı və gözyaşından ibarət islamofobiyanın ortaya çıxmasında hər iki tərəfin də rolu var.

İstər müsəlmanlar, istərsə də Qərb cəmiyyəti İslamın əslini Qurandan öyrənməyib xurafatlarda israr etdikləri üçün iki tərəfin də acılarının, qorxularının, narahatlıqlarının sona çatması çox çətin görünür.