Peyğəmbərimiz hz. Məhəmmədin (s) ilk həyat yoldaşı hz. Xədicə olmuşdur. İlk müsəlmanlardan olan hz. Xədicə bəsirəti, gözəl əxlaqı və dərin imanı ilə hər zaman möminlərə gözəl nümunə olmuşdur. O, həmişə Peyğəmbərimizə (s) çox dəstək olmuş və Quran əxlaqının yayılmasında maddi və mənəvi səy göstərmişdir.
Hz. Xədicə Peyğəmbərimizə (s) peyğəmbərlik mövqeyi veriləndə: “Sənin Allahın elçisi olduğuna şahidlik edirəm”, – demiş və müsəlmanlığı qəbul etmişdir. Hz. Xədicə hz. Məhəmmədin (s) sözlərindən heç vaxt şübhə etməmiş və bir sözü ilə ona və Allaha təslim olmuşdur. Bu səmimi davranışına görə, Peyğəmbərimizin (s) ən çox dəyər verdiyi və güvəndiyi yoldaşlarından biri olmuşdur. Rəvayətlərə görə, hicrətdən 3 il əvvəl (19 aprel, 620-ci il) vəfat edən hz. Xədicə İslamın hələ hakimiyyət qazanmadığı, çətin və əziyyətli dövrlərdə yaşamışdır. Məkkəli müşriklərdən əziyyət görmüş, lakin çətinliklərə sinə gərərək Allaha qəlbən təslim olmuşdur. Hz. Xədicə hz. Məhəmmədin (s) Allahın son peyğəmbəri olduğuna həmişə inanmış, nümunəvi mömin olmuşdur.
Hz. Xədicə yer üzündə yalnız üç müsəlmanın olduğu dövrdə, İslamın ilk günlərində Peyğəmbərimiz (s) və hz. Əli ilə birlikdə bəzən Kəbədə, bəzən də evində ibadət etmişdir. O dövrdə din əxlaqına görə yaşamayan azğın insanlar isə müsəlmanlarla lağ etmiş və onlara əziyyət vermişlər. Hz. Xədicə müşriklərin əziyyətləri və zülmləri qarşısında əsla ümidsizliyə qapılmamış, əksinə, imanı və təqvası daha da artmışdır. Məkkəli müşriklər Şibü Əbi Talibdə müsəlmanları mühasirəyə alanda o, Peyğəmbərimizlə (s) birlikdə təxminən üç il mühasirəyə qərarlı və igidcəsinə səbir etmişdir.
Hz. Xədicə təmkini, gözəl danışıq üslubu, davranışı, ağlı, fərasəti, gözəl əxlaqı və dərin imanı ilə dövrün cahiliyyə mədəniyyətini mənimsəyən qadınlarından kəskin şəkildə seçilmiş və Rəbbimizin bəyəndiyi müsəlman qadın xarakteri göstərmişdir. Allaha səmimi imanının nəticəsi olan bu gözəl xüsusiyyətlər onu nurlu insan etmişdir. Allahın izni ilə möminlərdən biri olan hz. Xədicə böyük hörmətə layiq, şərəfli və təmkinli xarakterə malik olmuşdur.

