“İslami terror” anlayışı yanlışdır

İslam dinini dərindən araşdıran və Allahın Quranda əmr etdiyi əsl İslam dinini tanıyan hər kəs

İslam dinini dərindən araşdıran və Allahın Quranda əmr etdiyi əsl İslam dinini tanıyan hər kəs “islam”“terror” kəlmələrinin bir arada işlədilməsinin qətiyyən mümkün olmadığını, ilahi dinlərin heç bir şəkildə şiddətə yol vermədiyini açıq şəkildə görərlər.

Əsrlər boyu dünyanın fərqli bölgələrində müxtəlif terror hadisələri həyata keçirilir. Hər biri fərqli qruplar tərəfindən və müxtəlif məqsədlərlə həyata keçirilən bu hadisələr bəzən kommunist təşkilat, bəzən faşist qrup, bəzən də radikal və ya separatçı kütlələr tərəfindən reallaşdırılır. Amerika kimi ölkələr tez-tez irqçi və marjinal terror qrupları tərəfindən reallaşdırılan hücumlara hədəf olarkən, Avropa ölkələrində müxtəlif terrorist qruplar tərəfindən şiddət hadisələri təşkil olunur.

İnkişaf edən və dəyişən dünya şərtləri ilə birlikdə terrorizm də dəyişiklik göstərir. Texnologiyanın sürətli inkişafı ilə bağlı olaraq əldə etdiyi yeni imkanlarla təsirini və gücünü hər keçən gün daha da artırır. Xüsusilə də, internet kimi kütləvi informasiya vasitələrinin təsiri ilə terror fəaliyyətlərinin sahəsi və təsiri daha da genişlənir.

ABŞ və Avropadakı Qərb mənşəli təşkilatlarla yanaşı, Yaxın Şərqdə də terror təşkilatları mövcuddur.

Dünyanın dörd tərəfində terror cəhdləri bu qruplar tərəfindən reallaşdırılır. Ancaq burada çox əhəmiyyətli bir məqam vurğulanmalıdır. Belə terrorist hadisələri həyata keçirən insanların xristian, müsəlman və ya musəvi adı daşımaları bəzi qruplar tərəfindən yanlış düşüncələrə gətirib ilahi dinlərə uyğun gəlməyən iddiaların ortaya atılmasına səbəb olur. Əgər terroristlər müsəlman adları daşısa, şəxsiyyət vəsiqələrində “müsəlman” sözü yazılsa belə törətdikləri cinayətlərə “İslam terroru” adı verilə bilməz. Eynilə, xristian olsalar, “xristian terroru” və ya musəvi olsalar, “musəvi terroru” deyilə bilməz. Çünki ilahi bir din adına günahsız insanların öldürülməsi qətiyyən mümkün deyil.

Unudulmamalıdır ki, Nyu-Yorkda və ya Vaşinqtonda öldürülən insanlar arasında hz. İsanı sevənlər (xristianlar), hz. Musanı sevənlər (musəvilər) və müsəlmanlar da vardı. Bu günahsız insanları öldürmək Allahın bağışlaması xaricində cəhənnəm əzabı ilə nəticələnən böyük bir günahdır. Dinə inanan, Allah qorxusu daşıyan bir insan heç vaxt belə bir şeyə əl atmaz.

Belə bir vəhşiliyin tərəfdarları hansı dinə mənsub olduqlarını iddia edirlərsə etsinlər, bunu ancaq dinə zərər vurmaq adı ilə edə bilərlər. Məqsədləri dini insanların gözündən salmaq, insanları dindən soyutmaq, dindarlara qarşı mənfi düşüncə yaratmaq və nifrət oyandırmaq ola bilər. Beləliklə, günahsız insanlara qarşı edilən hər hücum əslində dinə də qarşı edilmiş bir hücumdur.

Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə dinə ziddir. Mərhəmətsizdir, qan tökmək, öldürmək, zülm etmək istəyir. Beləliklə bir terror hadisəsinə səbəb axtararkən qaynağı dindarlıqda deyil, dinsizlikdə axtarılmalıdır. Terroristlərin hansı adı daşıdığı, şəxsiyyət vəsiqələrində nə yazıldığının əhəmiyyəti yoxdur. Allahdan qorxmayan, tək məqsədi qan tökmək və zərər yetirmək olan bir cinayətdir. Bu səbəbdən “islami terror”, “musəvi terroru”, “xristian terroru” olduqca yanlış anlayışlardır. Çünki İslam dinində, xristianlıqda və musəvilikdə terrora qətiyyən yer yoxdur. Əksinə, İslama görə “terror” olaraq adlandırdığımız hadisələr (yəni günahsız insanlara qarşı törədilən cinayətlər) böyük günahdır və müsəlmanlar bu hadisələrin qarşısını almaq, yer üzünə sülh, rahatlıq və ədalət gətirməklə məsuliyyət daşıyırlar.

…“Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar… (Maidə surəsi, 32)