“Əgər Quran əxlaqını təbliğ etsəm, bunun qarşılığında nə qazanaram?” Bu sual əslində cahil cəmiyyət üzvlərinin min illərdir din əxlaqını onlara izah edən möminlərə verdiyi klassik bir sualdır.
Allahın dinini təbliğ edənlərin öncülləri, əlbəttə peyğəmbərlərdir. Və şübhəsiz ki, peyğəmbərlər ən əxlaqlı, ən səmimi insanlardır. Lakin buna baxmayaraq, onların dini təbliğatları belə bəzi insanlar tərəfindən şübhə ilə qarşılanmış və bu fəaliyyətlərin arxasında həmişə mənfəət axtarılmışdı.
Şübhəsiz ki, bu insanların anlayışsızlığı, mübarək peyğəmbərlərin üstün ağıl və əxlaqını dərk edə bilməmələri ilə bağlıdır. Peyğəmbərlər Allahın onlara verdiyi “dinə dəvət” vəzifəsini yerinə yetirərkən həmişə bu iftirayla qarşılaşmışlar. Quranın bir çox ayəsi bu əsassız iftiraya diqqət çəkir. Digər tərəfdən, bütün peyğəmbərlərin cavabı həmişə eyni olmuşdur:
Əgər (haqdan) üz çevirsəniz, onsuz da mən sizdən heç bir mükafat istəmirəm. Məni yalnız Allah mükafatlandırar. Mənə, müsəlmanlardan olmağım əmr olunmuşdur”. (Yunis surəsi, 72)
Bunun əvəzində mən sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir. (Şuəra surəsi, 127)
Eyni vəziyyət Allahın qanunu və imtahanı olaraq Peyğəmbərimizin də başına gəlmiş, bu mübarək insan vəzifə, mövqe, maddi güc və sərvət qazanmaq, hakimiyyətdə olmaq məqsədilə dindən istifadə etməklə, hətta xalqı həqiqi dinindən ayıraraq öz ətrafında qüvvə toplamağa çalışmaq kimi ağlasığmaz və əsassız böhtanlarla ittiham edilmiş. Buna qarşılıq olaraq Peyğəmbərimizə, bu böhtanlara qarşı əvvəlki elçilərin verdiyi cavabı verməsi əmr edilmişdir:
De: “Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Yalnız Rəbbinə doğru bir yol tutmaq istəyən kimsələr olmalarını istəyirəm”. (Furqan surəsi, 57)
“… De: “Mən sizdən bunun müqabilində sevgidən başqa heç bir mükafat istəmirəm …” (Şura surəsi, 23)
Ancaq unutmaq olmaz ki, dini izah etmək təkcə peyğəmbərlərə məxsus bir vəzifə deyil. Dini izah etmək camaat arasında bəzən yalnız peyğəmbərlərin vəzifəsi kimi qəbul edilsə də, doğru yola dəvət etmək, yaxşılığı tövsiyə edib pislikdən çəkindirmək, islama və Qurana dəvət etmək bütün möminlərə vacib olmuşdur.
Təbliğ, eynilə namaz qılmaq və ya oruc tutmaq kimi yerinə yetirilməli olan bir ibadətdir. Bu səbəblə Quranda bu ibadət möminlərin əsas xüsusiyyətlərindən sayılır:
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir. (Tövbə surəsi, 71)
Bir insana təbliğ edilməsindəki əsas məqsəd, Allahın bu əmrini yerinə yetirmək və o insanın axirət həyatını xilas etməkdir. Yoxsa səmimi müsəlmanlar heç kimin malına, puluna, gözəlliyinə, imkanlarına ehtiyac duymazlar. İslam, Allahın haqq dinidir və onu ən gözəl şəkildə qoruyan da Allahdır. Allah Quranda dinini digər dinlərdən üstün edəcəyini bu şəkildə vəd edir:
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün elçisini hidayət yolu və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 33)
Möminin izah etdiklərinə və ya etdiyi fədakarlıqlara görə qarşılıq və ya mükafat istəməsi ağlasığmazdır. Çünki belə bir hərəkət etmək artıq onun dediklərinə ziddir. Allah Quranda dinini öz mənfəətləri üçün istifadə etmək istəyənləri şiddətlə qınayır:
Onlar az bir dəyər (fani dünya malı) müqabilində Allahın ayələrini satdılar. Sonra da (insanları) Allahın yolundan döndərdilər. Onların etdiyi əməllər necə də pisdir! (Tövbə surəsi, 9)
Halbuki, bütün ibadətlər kimi din əxlaqını izah etmək vəzifəsini də, yalnız Allahın rizasını qazanmaq məqsədilə yerinə yetirən həqiqi möminlər üçün bu cür bəsit maddi mənfəət gözləməsindən söhbət gedə bilməz. Möminlərin bu xüsusiyyəti Quranda belə izah edilir:
“… Allahın ayələrini ucuz bir qiymətə satmazlar (dəyişdirməzlər). Onlar üçün Rəbbi yanında mükafatları vardır…” (Ali İmran surəsi, 199)
Allah Quranda bu səmimi insanlara tabe olmağa belə diqqət çəkir:
Sizdən heç bir əvəz istəməyən və doğru yolda olan bu kimsələrə tabe olun! (Yasin surəsi, 21)
Sevgi digər feili əməllər kimi zorla əldə edilən və ya insanın iradəsi ilə formalaşan hiss deyil. Yalnız Allahın insanın qəlbinə verməsi ilə yaranır. Bir insana qarşı sevgi hissi bəsləmək üçün onun qeyri-adi xüsusiyyətlərə və ya üstün qabiliyyətlərə malik olması şərt deyil. İmanlı bir insan hər şeydə və hər kəsdəki yaxşı və gözəl cəhətləri hər detalına qədər müəyyən etmə, Allahın yaratdığı gözəllikləri adi insanlardan daha həssas şəkildə qavrama qabiliyyətinə malikdir. Buna görə də, qarşı tərəfin yaxşı və gözəl tərəflərini, gizli xüsusiyyətlərini digər insanlara nisbətən daha tez və aydın görüb ona uyğun davranır.
Qarşıdakı şəxs hələ islamı yaşamayan biri ola bilər, ancaq Quran əxlaqına uyğun bəzi xüsusiyyətlər (təbiilik, səmimiyyət, təmizlik, gözəllik, zəka, dostluq və s.) müsəlmanların qəlbində ona qarşı sevgi yaradar. Bu insanın fərqinə varmadan daşıdığı gözəl əxlaqi keyfiyyətləri də ola bilər. Bu xüsusiyyətlər ona qarşı səmimi sevgi hiss edilməsi üçün kifayətdir. Çünki bunların hamısı əslində Allahın yaratdığı gözəlliklərdir. Buna görə də, göstərilən sevgi və iltifat əslində insanın özünə deyil, Allaha olan sevgisidir.
Bundan əlavə, Allah möminlərin qəlbinə gözəlliklərə qarşı böyük sevgi ilham edər. Allah Quranda hz. Yəhya haqqında bəhs edərkən, “Biz də öz qatımızdan ona sevgi və təmizlik hissi verdik…” (Məryəm surəsi, 13) Eyni “sevgi hissi” peyğəmbərlərin yolu ilə gedən bütün möminlərə də aiddir. Məryəm surəsinin 96-cı ayəsində “Şübhəsiz, Rəhman (olan Allah) iman edib yaxşı işlər görənlərin qəlbində bir-birinə qarşı sevgi yaradacaqdır.” deyə xəbər verilir. Mömin, bu sevginin ifadəsi olaraq qarşıdakı insana həmişə hörmət bəsləyər, alçaldıcı və incidən hərəkətlərdən çəkinər.
Bir sözlə, möminlərin saxta və qeyri-səmimi yanaşmaları yoxdur. Qarşı tərəfin marağı və həqiqəti öyrənmək istəyi (əgər o, həqiqətən də səmimidirsə) artıq onun şüur sahibi olduğuna işarədir ki, bu da çox müsbət cəhətdir. Dini öyrənmək istəyən şəxsin heç bir art niyyəti olmaması, səmimi hisslərlə yanaşması belə, ona qarşı sevgi və şəfqət hissi duymaq üçün kifayətdir.
Mömin sevmədiyi birini sevirmiş kimi davrana bilməz. Əgər insan sevgiyə layiq deyilsə, ona zorla, süni şəkildə sevgi göstərməz. Digər tərəfdən cahil cəmiyyət əxlaqını yaşayan bəzi insanlar sevgi adı altında digər insanlarla hər hansı mənfəət bağı qururlar. Bu mənfəət əlaqəsi mütləq maddi ölçüdə inkişaf etməz. Qarşı tərəf öz eqosunu təmin edə bilərsə, artıq, vərdişə çevrilən bağlılıq formalaşar. Bu mənfəət, vərdiş və eqoist bağlılıqdan yaranan qarışıq hisslər Quranda bildirildiyi kimi möminlər arasında yaşanan sevgi və münasibət əlaqələrindən son dərəcə fərqlidir. Dünya mənfəətləri üzərində qurulan bu cür münasibətlərin aqibəti Quranda belə bildirilir:
İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır.” (Ənkəbut surəsi, 25)
İnsanlar arasında sevginin qarşısını alan ən mühüm amil, qısqanclıq və təkəbbürdür. Cahiliyyə cəmiyyətində çox tez-tez rast gəlinən bu duyğular, insanların, başqalarının müsbət cəhətlərini görməsinə və ondan həzz almasına mane olur. Halbuki iman edən şəxs özündə olduğu kimi digər insandakı müsbət keyfiyyətlərin əslində Allaha aid olduğunu bildiyi üçün onları təqdir etməkdən və tərifləməkdən çəkinməz.
Məhz buna görə möminlərlə yeni tanış olan biri, cahil cəmiyyətdə gördüklərindən çox fərqli bir mühitdə olduğunu anlayar. O vaxta qədər cahiliyyə əxlaqı ilə insanların böyük əksəriyyətində görülən qərəzli, hörmətsiz, kobud, laqeyd, mənfəətçi, ikiüzlü, kinli, hiyləgər, qeyri-səmimi, süni davranışları qəbul etmiş və bunlara öyrəşmişdir.
Bu səbəbdən ona səmimiyyətlə yaxınlaşan, daha əvvəl özünün belə anlamadığı gözəl və müsbət cəhətlərini görən, onu bu cəhətləri ilə qiymətləndirən insanlarla birlikdə olmaq indiyə qədər yaşamadığı bir nemətdir. Buna görə də, Allahın saleh möminlərə bəxş etdiyi bu nemətin əhəmiyyətini dərk etməli və cahiliyyə cəmiyyətində heç vaxt yaşamadığı səmimiyyəti, dostluğu və sevgini ona yaşatdığına görə Uca Allaha daim şükür etməlidir.

