İslam dini göndərildiyindən etibarən hər dövrdə dünyanı aydınladan işıq olub. Peyğəmbərimiz hz. Məhəmməd və Əshabi-kiram Quran əxlaqının insanlara qazandırdığı üstün və müasir mədəniyyət anlayışının ən gözəl təmsilçiləri olublar. Bu görkəmli sivilizasiyanın təməlində isə təhsilə verilən əhəmiyyət, elm, mədəniyyət və incəsənətə verilən dəyər çox böyük rol oynamışdır. Dövrümüzdə isə inkişaf edən texnoloji imkanların da vasitəsilə məlumat əldə etməyin, öyrənməyin və başqalarına öyrətməyin yolları tarixin heç bir dövründə olmadığı qədər artmışdır. Bu vəziyyət, eyni zamanda, Axırzamanda olduğumuzun bir dəlilidir və bütün müsəlmanlar üçün mühüm öhdəlikləri də özü ilə gətirir.
Çünki İslam əxlaqının yayılması ilə meydana gələcək sülh və əmin-amanlıq şəraiti imanlı, bilikli, əxlaqlı, mədəniyyətli nəsillərin yetişdirilməsilə mümkündür. Bu məqsədlə, hər sahədə lazımi təhsilin verilməsi çox vacibdir.
İstər Quran əxlaqının təbliğində, istərsə də insanın Allahın nemətlərini görməsində mühüm rol oynayan elmin, başqa sözlə, təhsil və mədəniyyətin müsəlmanların həyatının mühüm hissəsi olduğu aydındır. Bununla bərabər, hər cəmiyyətdə fərdlərin özlərinə, ailələrinə, ətrafına, ölkəsinə və bəşəriyyətə faydalı insan kimi yetişdirilməsinin də ancaq hərtərəfli təhsillə mümkün olduğu qəti həqiqətdir. Peyğəmbərimiz hər uşaq sahibinin uşağını gözəl yetişdirməli olduğunu bildirmişdir. Bəs İslam əxlaqının tələbinə uyğun təhsil anlayışı hansı bilikləri əhatə edir? Aldığımız təhsilin məqsədi nə olmalıdır? Elm, mədəniyyət və incəsənət sahəsində qabaqcıl olmağın əhəmiyyəti nədir? Hər sahədə bilikli və təcrübəli olmağın hansı faydaları var? Bu suallara ən gözəl cavab digər bütün məsələlərdə olduğu kimi, Quran ayələrdir.
Təhsil və bilik nə üçün vacibdir?
1) Hər sahədə təhsilli və bilikli olmaq Quran əxlaqına uyğun yaşamağın təbii nəticəsidir:
Quran əxlaqına uyğun yaşayan möminlər gözəl əxlaqını və yüksək şəxsiyyətini Quran biliyi, müasir elmlər, mədəniyyət və incəsənət kimi sahələrdəki bilikləri ilə birləşdirərək İslamı ən gözəl şəkildə təbliğ edirlər. Bu sayədə digər insanlara nümunə olmağı və onların imanına vəsilə olmağı ümid edirlər. İslamda yeri olmayan davranış formaları və düşüncələrlə ortaya çıxan bəzi cahil insanların Quran əxlaqını təmsil edə bilməyəcəyi çox aşkardır.
2) Bilikli olmaq Allahın rizasını qazanmaq üçün gözəl yoldur:
İman gətirənlər biliyi Allahın rizasını qazanmaq üçün gözəl yol hesab edirlər. Nə qədər bilikli olsalar, bunun imanlarının artmasına səbəb olacağını, Allaha yaxınlaşmaq məqsədilə elm öyrənmək üçün göstərdikləri cəhdin də, Allahın izni ilə, saleh əməl olacağını bilirlər. Məsələn, kosmosu tədqiq edən imanlı elm adamı eyni tədqiqatları edən, ancaq iman gətirməmiş insandan çox fərqli düşünür. Kosmosda gördüyü hər şeyin Allahın sonsuz elminin dəlillərindən olduğuna şahidlik edir, acizliyini daha yaxşı anlayır. Bu yolla, imanı güclənir və ona verilən nemətlərə görə şükür edir. Əldə etdiyi hər məlumat onu ən doğru yola sövq edir, kəşf etdiyi hər təfərrüat Allahın sonsuz gücünə olan heyranlığını artırır. Allah Quranda bilik sahibi olmağın əhəmiyyətini belə bildirmişdir:
De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar!” (Zumər surəsi, 9)
3) Bilik sahibi olmaq Allaha olan sevgimizin və Allah qorxumuzun artmasına səbəb olur:
Allaha olan sevgi Onun yaratdığı varlıqlardakı üstün və qüsursuz xüsusiyyətləri oxuyub, araşdırıb öyrənməklə daha da artır. Yaradılış dəlilləri möminlərin üstün güc sahibi, hər şeyin yaradanı olan Rəbbimizdən lazım olduğu kimi qorxmasına da səbəb olur. Allah Quranda belə buyurmuşdur:
Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli – ağ, qırmızı, tünd qara yollar əmələ gətirdik. İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. ALLAHDAN ÖZ BƏNDƏLƏRİ İÇƏRİSİNDƏ ANCAQ ALİMLƏR QORXAR. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır! (Fatir surəsi, 27-28)
4) Quran elmə təşviq edir və elmə yol göstərir:
Elm Quranda bildirilən həqiqətlərə uyğun istiqamətləndirildiyi təqdirdə çox sürətlə irəliləyər və bəşəriyyətə daha çox xidmət edər. Allah Quranda insanlara göylər, yer, dağlar, ulduzlar, bitkilər, toxumlar, heyvanlar, gecə ilə gündüzün meydana gəlməsi, insanın öz doğuluşu, yağış və yaradılmış bir çox varlıq üzərində düşünməyi və bu varlıqları tədqiq etməyi bildirmişdir. Bunları tədqiq edən insan bütün canlı və cansız varlıqlarda Allahın üstün yaratma sənətini görər, beləliklə, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi lazımınca tanıyar. Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini görərək bəşəriyyətə açıqlamağın yolu isə elmdir. Tarix boyu Quranda elmə təşviq edən ayələri əsas alan Müsəlman elm adamları həm Allahın əmrini yerinə yetirmək üçün, həm də müsəlmanların rifahı üçün elmi fəaliyyətlərini şövqlə həyata keçiriblər. Əllərindəki bütün imkanlardan Allah rizası üçün elm sahəsində istifadə ediblər.
5) Din əxlaqına uyğun olmayan fəlsəfələrlə ideoloji mübarizə aparmağın yolu bilikdir:
Din əxlaqına uyğun olmayan ideologiya və fəlsəfələrin bəşəriyyətə verdiyi zərərlərlə, zülm və ədalətsizlik ilə mübarizə aparmağın yolu Quranda bildirilmişdir. İslam əxlaqı zorakılığı, pisliyi deyil, anlayışı, mərhəməti və yaxşılığı tövsiyə edir. “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübarizə apar…” (Nəhl surəsi, 125) ayəsinin hökmünə əsasən, iman gətirənlər bütün bu batil sistemləri araşdıraraq üzə çıxarmalı və hər cür zərərli düşüncəni elmi və ideoloji səviyyədə məhv etməlidir.
6) Hər sahədə yaxşı biliyə yiyələnmək Quran əxlaqını təbliğ etməkdə ən təsirli yollardan biridir:
Quranda bildirilən təhsil anlayışı çox əhatəlidir. Ən əsas təhsil sahələrindən biri də imanlı insanın şəxsiyyətini, rəftar və davranışlarını, danışıq üslubunu və müraciət formasını və bütün xüsusiyyətlərini Quranda bildirilən üstün əxlaqa yaraşan formaya salması və bu məqsədlə çatışmayan cəhətlərini tamamlaması, xətalı cəhətlərini düzəltməsidir. Çünki bu xüsusiyyətlər təbliğ vəzifəsini yerinə yetirərkən ona kömək edəcək.
Quran əxlaqına uyğun yaşadığına görə üstün və fəzilətli xüsusiyyətləri ilə dərhal diqqət çəkəcək və hər kəsin qibtə edərək, baxıb nümunə götürəcəyi və hörmət edəcəyi insan modeli olacaq. Bu, başda Peyğəmbərimiz olmaqla, bütün peyğəmbərlərin, elçilərin, səhabələrin və İslam alimlərinin ortaq xüsusiyyətidir. Bu sayədə, qarşısındakı insanlara ciddi təsir edə bilər. Əlbəttə, bütün bunlar dua mahiyyəti daşıyan hazırlıqlardır. Qəlbə təsir oyadan və hidayət verən ancaq uca Allahdır. Nəticə olaraq, hər sahədə bilikli olmaqla yanaşı, əxlaqı, şəxsiyyəti və xarakterik xüsusiyyətlərilə də heyranlıq oyandıran müsəlman bu səmimi niyyəti və cəhdi ilə İslama gözəl xidmət etmiş olur.
7) Bilik, hadisələrin geniş dünyagörüşü ilə dəyərləndirilməsinə və həll yolları tapmağa imkan verir:
Rəbbimizin bizə rəhbər və rəhmət kimi nazil etdiyi Qurandakı ayələri bilən, Allaha qarşı səmimi olan müsəlman qarşılaşdığı hadisələri Quranın göstərdiyi doğru yollar çərçivəsində hikmətli şəkildə dəyərləndirər. Məsələn, sosial həyata dair bir çox məsələni ayələr işığında sağlam dəyərləndirər, insan xarakterlərini daha yaxşı təhlil edər və problemlərə tez həll yolu tapar. Eyni şəkildə, Allahın canlılardakı yaratma sənətinə dair hərtərəfli biliyə malik olan mömin ayələrdə bildirilən nümunələri daha yaxşı qavrayar və Allahın qədrini daha yaxşı təqdir edər.

