Sünnət əməliyyatı İslami qayda deyil. Çox qədimlərdən bu yana edilən əməliyyatdır. Kökü gedib qədim Misirə qədər çıxır. Zərdüştlükdə, Musəvilikdə, Xristianlıqda da bu ənənə var. Quranda sünnətə aid bircə ayə də yoxdur. Dinimizə bu hədislər vasitəsi ilə keçmişdir. Sünnət olunma hadisəsi ən çox Tövratda keçməkdədir. Məzhəblər ittifaqla Tövratı təhrif olunmuş qəbul edirlər, haqlıdırlar. Quran da bunu təsdiqləyir. Amma təhrif olunmuş kitabdan hədislərlə İslama keçən ayini keçirirlər.
- Tövratda sünnət haqqında məlumat, Təkvin 17, Çıxış 4, 24-26, Yaradılış 21-4, Yeşu 5, 2-9-da verilmişdir.
- Dörd İncildən isə Luka incilində, Hz İsanın uşaqlığı və sünnət olunması haqqında məlumatlar verilmişdir.
Quranda isə sünnət haqqında bircə ayə də yoxdur. Ancaq hədislərdə bu haqda var. Həmin hədislərdən bəzilərini təqdim edirəm:
- Sünnət olmaq kişilər üçün sünnədir (Təbərani).
- Hz. İbrahim 80 yaşında balta ilə özünü sünnət etmişdir (Buxari).
- Sünnətsiz adam 80 yaşı da olsa, müsəlman olunca mütləq sünnət olunmalıdır (Beyhaki).
- Fitrət beşdir: Sünnət olmaq, qasıqları təmizləmək, dırnaq kəsmək, qoltuq altını təmizləmək, bığları qısaltmaq (Buxari).
- Hənəfi və Maliki məzhəbinə görə sünnət olmaq sünnədir, Şafi və Hənbəli məzhəbinə görə isə fərzdir, çünki bu müsəlman olmağın bir işarəsidir.
Bu azmış kimi hələ qadın sünnətini də “kəşf” ediblər. Qadınları digər yollarla alçaltmaqla yetinməyib, onların cinsi həyatını da məhv etmək üçün bu yola əl atılıb. Qadın sünnət olunduqdan sonra demək olar ki, robot bir kölə olur. İndinin özündə də Afrikanın və Asiyanın bir sıra ölkələrində bu əməliyyat edilir. Qadın sünnəti haqqında hədislər:
- Peyğəmbərimiz “Qadın və kişidə sünnət olunan hissələr bir-birinə toxunduğu vaxt qüsl vermək vacibdir” demişdir (Buxari, Qüsl 28).
- Kişilər üçün sünnət olmaq elçilərin yolundan getmək deməkdir. Qadınlar üçün də bir dəyərdir (Əbu Davud, Ədəb 167).
- Allahın elçisi qız sünnətçisi kimi tanınan Ümmü Ətiyyə adlı qadına belə bir tapşırıq verdi: Qızları sünnət etdikdə toxunmaqla kifayətlən (klitora və ondakı sinirlərə toxunma; bu işi onu əhatə edən hissədə gör). Belə etmək qadına daha çox ləzzət verir, ərini də daha çox xoşbəxt edir (Əbu Davud, Ədəb).
- Ümmü-l-Mühacir adlı möminə xanım belə nəql edir: Mən Rum məmləkətindən əsir götürülən kənizlərin arasında idim. Həzrəti Osman bizə müsəlmanlığı başa saldı. Məndən və bir nəfər kənizdən başqa müsəlmanlığı qəbul edən olmadı. Həzrəti Osman bizim haqqımızda belə dedi: Bunları aparıb sünnət etdirin və çimizdirin (Əbu Davud, Avnu-l-məbud 14-184).
Quranı oxuyan adam bu hədislərin uydurma olduğunu anlayar. Adicə sorğulamağa başlayın. Elçi və səhabələr sünnət olunmuşdu? Bu sualı bir məzhəbçi alimə verin. Bir dənə də düzgün cavab almayacaqsınız. Dini gətirən Hz. Məhəmməd peyğəmbər (s) ilk əvvəl özü sünnət olunmalı deyildimi? İslamı 30, 40, 50 yaşda qəbul edən səhabələr sünnət edilməli deyildimi? Peyğəmbərin sünnət olunması haqqında soruşana hədisçilərin 3 fərqli cavabı olur:
- Peyğəmbərin doğuşdan sünnətli olması.
- Elçi anadan olan kimi mələklərin onun göbəyini kəsib, sünnət etməsi.
- Peyğəmbərin babalarının adətinə görə, doğulduqdan sonra sünnət edilməsi.
Bunlar haqqında heç düz-əməlli uydurma hədisləri də yoxdur. Yəni, Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz (Nəcm 28). Allaha qarşı yalan uydurlanlara da Allah buyurub:
De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar” (Yunis surəsi, 69).
Allah öz yaratdıqları haqqında buyurub:
Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq. (Tin surəsi, 4)
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib sizi ən gözəl surətə salan və sizə təmiz qidalardan ruzi verən Allahdır. Bu, sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah çox ucadır. (Mömin surəsi, 64)
Bu ayələrdən gördüyümüz kimi, Allah insanları ən mükəmməl formada yaratmışdır. İnsanın işə yaramayan, zərərli, əskik orqanı yoxdur. Sünnət isə artıq yaradılanın kəsilməsi deməkdir. Allah bu haqda da bizə mesaj verib.
Allah ona (şeytana) lənət etmiş, o isə demişdi: “Mütləq, qullarından müəyyən bir qismini ələ keçirəcəyəm. (Nisa surəsi, 118)
Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür. (Nisa surəsi, 119)
Ayələri oxuduqdan sonra müsəlmanlar bir də sünnət haqqında düşünməyə cəhd göstərməlidir. Ayə deyir ki, Allahın yaratdığını dəyişdirmək şeytan əməlidir. Yəhudi adətlərini dini vaciblik kimi qələmə vermək necə də şeytani bir addımdır.
…Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz. (Ənam surəsi, 144)
Onlar pis bir iş gördükləri zaman: “Atalarımızın bu yolda olduğunu gördük. Bunu bizə Allah əmr etmişdir”, – deyirlər. De: “Şübhəsiz, Allah ədəbsizliyi əmr etməz. Allaha qarşı bilmədiyiniz şeylərimi söyləyirsiniz?” (Əraf surəsi, 28)
İslam müsəlmanların keyfinə görə dəyişmir. Hansısa alim, müctəhid özündən qayda qoya bilməz. İslam ancaq Allahın endirdiyi Kitabdan ibarətdir. Bütün izahlar, qadağalar hamısı oradadır. Quranda yazılanları həzm edə bilməyib özlərindən əlavə sözlər uyduranlar haqqında Allah buyurub:
Rəbbinin kitabından sənə vəhy olunanı oxu! Onun kəlmələrini heç kim dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq da tapa bilməzsən. (Kəhf surəsi, 27)
İnsanlardan elələri də var ki, cahilliklə Allah yolundan döndərmək və onu məsxərəyə qoymaq üçün boş sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab vardır. (Loğman surəsi, 6)

