İslamda insanları irqinə, soyuna, ailəsinə, ictimai mövqeyinə, zənginliyinə, cinsinə, gözəlliyinə və fiziki xüsusiyyətlərinə görə qiymətləndirmə anlayışı qətiyyən yoxdur. Allah qatında bütün insanlar doğuşdan bərabərdirlər. Ancaq müəyyən şüur qazandıqdan sonra davranış və düşüncələrinə görə məsuliyyət daşıyırlar və buna görə qiymətləndirilirlər. Üstünlük anlayışı yalnız insanın Allah qorxusu və təqvası ilə düz mütənasibdir. Allah bunu bizlərə Quranda belə bildirir:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. (Hucurat surəsi, 13)
Buna görə də mömin, insanları heç vaxt “təqva”dan başqa heç bir meyarla qiymətləndirməz. Halbuki insanları təqvalarına görə qiymətləndirmək və islam əxlaqının yayılması üçün ən faydalı və uyğun üsullara riayət etmək iki fərqli şeylərdir. Çünki möminin, islamı təbliğ etməyə çalışarkən qarşılaşdığı cəmiyyət mömin cəmiyyəti deyil. Ona görə də bu cahil cəmiyyətdə üstünlük meyarı “təqva” deyil.
Əksinə, cahil cəmiyyət üstünlük anlayışını maddi zənginlik, irq və ya soy fərqliliyi kimi səhv meyarlara əsaslandırmışdır. Cahiliyyə cəmiyyətlərində insanları yönləndirən, örnək götürülən, iqtidarda olan insanlar, Quranda “qövmün azğın liderləri” adlandırılan insanlar bu xüsusiyyətlərə ən çox sahib olan, yəni ən zəngin, ən məşhur insanlardır. Cəmiyyətin digər təbəqələri çox vaxt bu “liderləri” kor-koranə arxasınca gedir. Onların nəzərində liderlərin doğru dedikləri doğru, səhv dedikləri isə səhvdır.
Cahiliyyə cəmiyyətlərindəki bu cür idarə edən və idarə olunan kəslərin münasibəti Quranda çox qısa şəkildə təsvir edilmişdir. Firon və qövmü bunun ən bariz nümunəsidir: Firon böyük maddi və hərbi qüdrəti sayəsində qövmünün başçısı olmuşdu. O, demək olar ki, bütün xalqına öz azğın dünyagörüşünü tətbiq etmişdi. Quranda bildirildiyi kimi Firon öz qövmünə belə xitab edir:
Firon: “Mən sizə yalnız öz fikrimi bildirir və doğru yolu göstərirəm!” – dedi.” (Mömin surəsi, 29)
Firon özünü qövmünün yeganə “rəhbəri” kimi təqdim edərkən, cahil cəmiyyət olan qövmü də ona itaət etmişdir. Bu hadisə Quranda belə təsvir olunur:
Beləcə, Firon öz qövmünü xor görüb aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq idilər. (Zuxruf surəsi, 54)
Firon qövmünün “boyun əyməsi” əslində demək olar ki, bütün cahil cəmiyyətlərin ortaq xüsusiyyətidir. Bu cəmiyyətin əksəriyyətini təşkil edən “boyun əyənlər” daim “rəhbərlər” tərəfindən istiqamətləndirilir. Bununla belə, “…Lakin onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru deyildi.” (Hud surəsi, 97) ayəsində bildirildiyi kimi, bu itaət insanları əsla haqqa yönəltməz.
Bu batil sistemə görə qövmün liderlərinə tabe olan insanların əksəriyyətinin özbaşına həqiqəti görmək və qəbul etmək qabiliyyətinə malik deyildilər. Liderləri onlara dindən uzaq bir həyat tərzini cəlbedici kimi təqdim etdiyi müddətcə, yaşadıqları cahiliyyə sistemin səhvlərini görməzlər, daha doğrusu, görməzlikdən gələrlər.
Məhz bu səbəbdən də, cahil cəmiyyəti imana dəvət ediləcəksə, qövmün liderlərinə yaxşılığın əmr edilməsi və onların pis əməllərdən çəkindirilməsi ilk növbədə əsas məsələdir. Çünki bunlar həqiqəti görüb Quran əxlaqını mənimsəsə, onlardan nümunə götürən çoxlu insanların da dinə yönəlməsinə səbəb olar. Əslində, Allah tarix boyu bütün elçilərinə cəmiyyətin bu təbəqəsini xəbərdar etməyi əmr etmişdir. Məsələn, hz. Musa Firona və “onun rəhbər dairəsinə” göndərilmişdi:
Həqiqətən, Biz Musanı möcüzələrimizlə Firona və onun əyanlarına göndərmişdik və o: “Mən aləmlərin Rəbbinin elçisiyəm!” – demişdi. (Zuxruf surəsi, 46)
Quranda bütün peyğəmbərlərin eyni yolu izlədiyi bildirilir. Hz. Nuh (Muminun surəsi, 23), hz. Hud (Əraf surəsi, 66), hz. Şueyb (Əraf surəsi, 78) həmişə xalqın liderləri ilə münasibətdə olmuşlar. Necə ki, Peyğəmbərimizin mübarizəsinin böyük hissəsi Məkkəlilərin liderləri ilə olmuşdur.
Təbii ki, bura qədər izah etdiklərimiz o demək deyil ki, islamın təbliği və izahı müəyyən qruplarla məhdudlaşmalıdır. Liderlərə təbliğ edilməsinin səbəblərindən biri də, bayaq qeyd etdiyimiz kimi, cəmiyyətin əksər hissəsinin liderlərin təlqinlərindən müstəqil düşünə bilməməsidir. Ancaq cəmiyyətin bu təbəqələrində hələ də müstəqil düşüncəli, vicdanlı, iman edəcək insanlar var. Möminlər, şübhəsiz ki, bu insanlara dini izah etməli və onları “qardaş” kimi qəbul etməlidirlər. Qurana görə din, onu öyrənmək istəyən hər kəsə izah edilməlidir.
Digər əsas məqam isə insanın imanla şərəflənməsi və Qurana tabe olması onun fiziki və mənəvi keyfiyyətinin artmasına səbəb olmasıdır. Gözəllik və ya çirkinlik yalnız müəyyən cizgilərdən yaxud ölçülərdən asılı olan anlayış deyil. İman edən şəxsin əvvəlki halından daha da gözəlləşər və ya pislik etməyə davam edən insanın üzünü getdikcə daha da zillət bürüyər. Burada metafizik vəziyyət var.
İnsanın imanla qazandığı mənəvi gözəllik onun fiziki gözəlliyinə də təsir edər. Allah Quranda simalara diqqət çəkir. Məsələn, Allah münafiqlər haqqında “…onları üzlərindən tanıyacaqsan…” (Məhəmməd surəsi, 30) deyərkən, möminlərin isə üzündəki “səcdə izindən” tanınacaqlarını bildirmişdir (Fəth surəsi, 29). Həqiqətən də, möminlərin üzündə Allahın “səcdə izi” olaraq adlandırdığı, təvazökar, təmiz, etibarlı və ləyaqətli bir ifadə vardır.
Quranda ixlas və Allaha bağlılığına görə təriflənən hz. Yusifin çox gözəl olmasından bəhs edilir:
“…Onlar Yusifi gördükləri zaman onu ucaltdılar (onun nə qədər yaraşıqlı olduğunu etiraf etdilər). (Çaşqınlıqla) öz əllərini kəsdilər və: “Allahı tənzih edirik! Bu insan deyil. Bu ancaq uca bir mələkdir!” – dedilər. (Yusif surəsi, 31)
Bu ayələrin bizə göstərdiyi nümunə isə, Allahın möminlərə verdiyi nur, onların fiziki görünüşlərinə də təsir edir. Möminlər, hz. Yusif misalında olduğu kimi, bunun Allahdan bir nemət olduğunu bilməlidirlər.

