İslam dinində qadına verilən böyük dəyər Quran ayələrində detallı olaraq açıqlanır. İslam dinində qadın və qadın haqları müdafiə edilir, cahiliyyə cəmiyyətlərində qadınlara qarşı hakim olan səhv dünyagörüşü ortadan qaldırılmış, qadına cəmiyyət içərisində hörmətli bir yer qazandırılmışdır. Alınan bütün bu tədbirlər, qadınların lehinədir və onların zərərə uğramalarını, əzilməmələrinə qarşı tədbir məqsədini daşıyır.
Allah insanlara Quran ilə ən doğru yolu göstərmiş və cahiliyyə inanclarını daşıyan insanların səhv tətbiqlərini ortadan qaldırmışdır. Rəbbimiz Qatında üstünlük ölçüsünün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğu ayələrdə belə bildirilmişdir:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb onlardan ibrət alasınız. (Əraf surəsi, 26)
Bir başqa ayədə isə Allah, “…Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!.” (Bəqərə surəsi, 197) şəklində buyuraraq, insanlara əldə edə biləcəkləri ən xeyirli xüsusiyyətin təqva olduğunu bildirmişdir. Bu səbəbdən insanların əsas məqsədləri mal-mülk, şan-şöhrət kimi maddi dəyərlər deyil, insanı həm dünyada, həm də Allah Qatında əsas qiymətli hala gətirəcək və üstünlük qazandıracaq olan təqva olmalıdır.
Allah bir başqa ayəsində də, bəzi insanlar arasında bir üstünlük ünsürü halına gəlmiş olan zənginlik yerinə, Allahın fəzlini istəmənin daha məqbul olduğunu belə bildirir:
Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir. (Nisa surəsi, 32)
Allahın bildirdiyi bütün bu ayələrdən aydın olduğu kimi, üstünlüyü cinsiyyətdə, fiziki gücdə, ya da başqa bir cahiliyyə meyarında axtarmaq böyük səhvdir. Tək üstünlük Allahın bizə bildirdiyi kimi imanın və təqvanın üstünlüyüdür.
Allah Quranın “Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün əvəzi qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır. (Hədid surəsi, 18) ayəsiylə, həm kişilərə həm də qadınlara, əsl üstün və şərəfli olan qarşılığın Allahın bildirdiyi əxlaqı yaşamaqla qazanılacağını xatırlatmışdır.
Qadın və kişi əlbəttə ki, fiziki mənada bir-birlərindən fərqli quruluşa sahibdirlər. Ancaq qadının fiziki olaraq, kişiyə nisbətlə daha az güclü olması, onun cəmiyyət içərisində kişidən daha az dəyər görməsi üçün bir səbəb deyil.
İslam əxlaqına görə, əsl əhəmiyyətli olan bir insanın cinsiyyəti deyil, Allaha dərin iman və Allah qorxusuyla bağlanmış olmasıdır. Allahın əmr və qadağanlarına diqqətlə əməl etməsi, Quran əxlaqını ən gözəl şəkildə yaşamağa çalışmasıdır. Allah Qatında əsl dəyər görəcək olan, insanın bu xüsusiyyətləri olacaq. Allah Quranda qadın olsun kişi olsun iman edən bir kimsənin sahib olması lazım olan xüsusiyyətləri belə açıqlamışdır:
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)
Allahın ayədə bildirdiyi kimi, mömin qadınlar və mömin kişilər eyni məsuliyyətlərə sahibdirlər. Allaha ibadət etməklə, Quran əxlaqını yaşamaqla, insanlara yaxşılığı əmr edib pisliyi maneə törətməklə və Quranda bildirilən bütün əmr və tövsiyələrə əməl etməklə məsuldurlar.
Allah Quranın “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.” (Ənfal surəsi, 29) ayəsində, Allahdan qorxub çəkinən hər insana, “doğrunu səhvdən ayıran bir nur və anlayış” verəcəyini vəd etmişdir.
İnsanın qadın, ya da kişi olması bu nəticəni dəyişdirmir. Səmimiyyətinə, ixlasına və imanına qarşılıq, Allah bir insana həyatın hər sahəsində özünü doğru yola çatdıracaq, doğru qərarlar alacaq və məqsədəuyğun rəftarlar etməsini təmin edəcək bir ağıl verir. Bu səbəbdən ağıl, insanın cinsiyyətinə görə deyil, tamamilə Allaha qarşı olan səmimi bağlılığına, yaxınlığına və qorxusuna görə inkişaf edir.
Qadın, ya da kişi olsun, bu tamamilə insanın Allaha olan imanının gücü istiqamətində, əxlaqıyla, şəxsiyyəti ilə və boynuna götürdüyü məsuliyyətlərlə ön plana çıxmasına bağlıdır. Bu səbəblə də İslam əxlaqını mənimsəyən qadınlar üçün, kişilərə istiqamətli bir bərabərlik mübarizəsi deyil, bunun yerinə “xeyirlərdə yarışma” əxlaqı vardır.
Xeyirlərdə yarışmaq, iman edənlərin, həyatının hər anında Allahın razılığını qazana bilmək üçün əllərindən gələn səyin ən çoxunu göstərmələridir. Bu məqsədləri istiqamətində, Allahın ən sevdiyi, ən razı olduğu və Allaha ən yaxın insan ola bilmək üçün xeyirlərdə yarışarlar.
Ancaq bu yarış, tamamilə Rəhmanı bir yarışdır. Allah möminləri dünyada və axirətdə önə keçirən xüsusiyyətin bu istiqamətdə göstərdikləri səy olduğunu Quranda belə bildirir:
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)
Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatır surəsi, 32)
Qadın və kişi arasındakı bərabərlik, Allahın qadına və kişiyə dünya həyatındakı imtahan müddətində bərabər haqlar verməsindən də aydın olur. “Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.” (Kəhf surəsi, 7) və “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Ənbiya surəsi, 35) ayələriylə Allah, kimlərin daha gözəl əməl edəcəyini ortaya çıxması üçün, qadını da kişini də sınadığını bildirmişdir.
Allah qadına da, kişiyə də müəyyən bir ömür təyin etmiş, hər ikisini də Qurandan məsul tutmuş, hər ikisinə də həyatının hər anında özlərinə doğrunu ilham edəcək bir vicdan vermiş, nəfsi və şeytanı hər ikisinə düşmən etmişdir. Dünya həyatındakı imtahanın gərəyi olaraq, bütün bu şərtlər qarşısında qadın, ya da kişi olsun hər kim gözəl əxlaq göstərib saleh əməllər edərsə, Allah o kəslərin dünyada və axirətdə ən gözəl qarşılığı tapacaqlarını bildirmişdir:
…istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır. (Ali İmran surəsi, 195)
Bir başqa ayədə isə Allah, “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Nəhl surəsi, 97) şəklində buyuraraq, kişi, ya da qadın, kim olursa olsun, bütün insanların dünyada və axirətdə heç bir haqsızlığa uğradılmadan əksiksiz olaraq qarşılıq görəcəklərini xatırlatmışdır.
İslamda qadın ilə kişinin cəmiyyətdəki yeri də tamamilə bərabərdir. İslama görə qadınların da kişilər kimi təhsil, mal əldə etmə, iş, evlənəndə yoldaşını seçmə, miras buraxma, özünü ifadə etmə, öz həyatını təyin etmə kimi təməl haqları vardır.

