Dinindən dönən adama “mürtəd” deyilir. Məzhəblərə görə dindən çıxanı öldürmək lazımdır. Bu saxta hədisə əsaslanırlar: “Dinini dəyişdirəni öldürün (Buxari, cihad 149)”. Ancaq biz bilirik ki haram, halal, cəza, fərz olanlar yalnız Qurandan öyrənilir. Quranla düz gəlməyən heç bir söz Peyğəmbərimizə aid ola bilməz. “Allah hökmündə kimsəni şərik götürməz (Kəhf 26)” və “Hökm ancaq Allahındır (Yusuf 40)”. Allah Quranda dinini dəyişənlər üçün bir cəza müəyyən etməmişdir, əksinə dində məcburiyyət olmadığı deyilir.
Dində məcburiyyət (zorakılıq) yoxdur… (Bəqərə surəsi, 256)
İnsanları iman etməyə məcbur etmək olmaz “İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən? (Yunus 99)”. Əgər nəsihət fayda verərsə Quranla öyüd vermək lazımdır əks təqdirdə “Sizin dininiz sizə, mənim dinim mənə (Kafirun 6)” ayəsini əsas götürmək lazımdır. Digər ayələrə nəzər salaq:
…Sizdən kim öz dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 217)
Ayədən gördüyümüz kimi dindən dönənə Allah özü cəza verəcəyini açıqlayır.
Həqiqətən, iman gətirib sonra kafir olan, sonra yenə iman gətirib, yenə kafir olan, sonra da küfrlərini artıran kimsələri Allah nə bağışlayar, nə də doğru yola yönəldər. (Nisa surəsi, 137)
Ayəyə diqqət edin. Əvvəlcə iman edib müsəlman olub, sonra dindən çıxıb mürtəd olub. Onu kimsə öldürməyib. Sonra yenidən iman edib və yenə kafir olub. Buna görə Allah heç bir dünyəvi cəza verməyib.
Başqasına iman etdiyinə görə ancaq Firon adam öldürər:
(Firon qəzəblənərək:) “Mən sizə icazə vermədən ona iman gətirdiniz. Deməli, o, sizə sehr öyrədən böyüyünüzdür. Əlbəttə, (sizə nə edəcəyimi) biləcəksiniz. Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!” – dedi. (Şuəra surəsi, 49)
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır. (Maidə surəsi, 32)
Buradan görürük ki, nəfsi müdafiə olmadığı təqdirdə Allah heç bir öldürmək hökmü verməmişdir. Əksinə müharibə istisna kimsə öldürülərsə, bütün insanlığı öldürmüş olar. Dindən dönənin ziyanı özünədir. Buna görə kimisə öldürmək olmaz.

