İslama düşmən olanlar

İnsanlar üçün ən rahat, ən fərah həyat tərzi və ən mükəmməl əxlaqi və ictimai model Quranda

İnsanlar üçün ən rahat, ən fərah həyat tərzi və ən mükəmməl əxlaqi və ictimai model Quranda təsvir edilmişdir. Dinin mahiyyəti, Allaha səmimi qəlbdən təslim olmaq, Onun əmrlərinə tam itaət etmək, hər şeyin Allahın iradəsi və nəzarəti altında olduğunu dərk edərək yaşamaqdan ibarətdir.

Məhz buna görə də, islam əxlaqının bəxş etdiyi gözəlliklər, rahatlıq və nemətlərdən, mükəmməl həyat tərzindən asılı olmayaraq təkəbbür, eqoistlik və paxıllıq kimi əxlaq pozğunluğu olan kəslər vicdanları bunu qəbul etsə də, möminlərlə birlikdə olsalar da, iman etmək və onlarla birlikdə olmaq istəməzlər. Onların vəziyyəti Quranda belə açıqlanır:

Daxilən buna əmin olduqları halda, zülm və təkəbbürləri səbəbilə onları inkar etdilər. Fitnə-fəsad törədənlərin aqibətinin necə olduğuna bir bax! (Nəml surəsi, 14)

Ona: “Allahdan qorx!” – deyildikdə lovğalıq onu günaha vadar edər. Ona cəhənnəm kifayətdir. Ora nə pis məskəndir! (Bəqərə surəsi, 206)

Quranda “müşrik əxlaqı” olaraq bildirilən bu səhv məntiqə sahib olan insanlar, Allah və Quran əxlaqını yaşamağa dəvət edildikləri zaman nifrətlə dolduqları bildirilir:

Onlara: “Rəhmana səcdə edin!” – deyildiyi zaman onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” – deyərlər. Bu, onların nifrətini daha da artırar. (Furqan surəsi, 60)

İnkarçıların Allahın ayələrinə, dolayısilə islama və möminlərə qarşı kin və nifrətləri Quranın bir neçə ayələrində bu şəkildə bildirilir:

Allah inkar edənləri qəzəbli olduqları bir halda püskürtdü. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibidir, qüdrətlidir. (Əhzab surəsi, 25)

Allah tək olduğu (vəhdaniyyəti) anıldığı zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Lakin Ondan başqaları anıldığı zaman onlar dərhal sevinərlər. (Zumər surəsi, 45)

İnkarçıların təkəbbür və eqoistliyindən doğan bu kin və nifrət onların möminlərə qarşı hər zaman müxalif olmasına səbəb olur. Qarşılarında tək bir mömin görməkdən belə narahat olan bu insanlar möminləri öz yolundan çıxarmağa və öz cahil sisteminə qaytarmağa çalışırlar.

Möminlərin çətinlik və sıxıntı yaşamasını, hətta onların yox olub getdiyini görmək istəyirlər. Təbii ki, bunlar heç vaxt baş verməyəcək, çünki Allah möminləri əvvəldən qələbə və zəfərlə yaratmışdır. İnkarçıların əbəs yerə etdikləri cəhdlər Quranda belə bildirilir:

Ey iman edənlər, sizdən olmayanları sirdaş tutmayın! Onlar sizə pislik etməkdən əl çəkməz və sizin çətinliyə düşməyinizi istəyərlər. Düşmənçilikləri də ağızlarından (çıxan sözlərdən) aşkar olur. Ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik. (Ali İmran surəsi, 118)

Sizə bir xeyir dəyərsə, bu onları qəmgin edər, ancaq sizə bir zərər toxunarsa, onlar buna sevinərlər. Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Həqiqətən, Allah onların etdiklərini (elmi ilə) əhatə edir. (Ali İmran surəsi, 120)

Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsiləcək, əlləri və dilləri ilə sizə pislik edəcəklər. Onlar sizin haqqı inkar etməyinizi istəyirlər. (Mumtəhənə surəsi, 2)

Quran əxlaqını yaşayaraq cahil modeldən ayrılanlar, ətrafdakı insanları narahat etdiyi bir həqiqətdir. O günə qədər oğurluğu, faizi, yoxsul və məzlum xalqı istismar etməyi özlərinə qazanc vasitəsi kimi istifadə edənlər; müxtəlif məqam və vəzifələrdən öz mənfəətləri üçün istifadə edənlər; fahişəliyi və əxlaqsızlığı özlərinə həyat tərzi və ya dolanışıq forması halına gətirənlər; bəzi təhrif edilmiş ideologiyaların köləsi olanlar, təbii ki, islamın bəxş etdiyi sosial ədalətə, dürüstlüyə, haqq və bərabərliyə əsaslanan həyat tərzini qəbul etmək istəməzlər. Belə bir əxlaqi modelin yayılmasının və inkişafının qarşısını almaq, hətta onu məhv etmək üçün hər cür vasitədən istifadə edərlər.

Bu saydıqlarımızdan başqa, daha əvvəl qeyd etdiyimiz münafiqlərdən bəziləri kafirləri möminlərə qarşı təhrik etmək, onlar haqqında məlumat toplamaq və aralarında nifaq salmaq üçün əvvəlcə möminlərin arasına daxil olarlar. Öz ağıllarına görə fitnə çıxarmağa, ixtilaf salmağa və dinin hökmlərini təhrif etməyə çalışarlar:

İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, – deyirlər. Onlar, (özlərinə görə guya) Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadır və bunu dərk etmirlər. Onların qəlbində xəstəlik (küfr, nifaq) vardır. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır. Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!” – deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” – deyərlər. Bilin ki, əsil fitnə-fəsad törədənlər onlardır. Lakin bunu dərk etmirlər. (Bəqərə surəsi, 8-12)

Münafiqlər inkarçılarla əməkdaşlıq edərək hiyləgərcəsinə mübarizələrini davam etdirirlər. Qurani-Kərimin bir çox ayəsində onların xarici görünüşü, danışıq və davranış pozğunluğu daxil olmaqla yanaşı xarakter və şəxsiyyət quruluşu da açıqlanır. Onlar haqqında Münafiqun surəsi nazil olmuşdur. Bu surədə münafiqlərin möminlərə düşmən olan ümmət olduqları bildirilir:

…Onlar düşməndirlər. Buna görə də onlardan ehtiyat et! Allah onların canını alsın! Necə də (haqdan) döndərilirlər. (Münafiqun surəsi, 4)

Bunlar, Allahın gündən-günə nemətlərini möminlərə artıraraq onların güc və imkanlarını, əzəmət və gözəlliklərini artırmasını həsədlə seyr edən, möminlərin cəmiyyətdəki keyfiyyət və nüfuzuna həsəd aparan alçaq insanlardır. Ona görə də, möminlərə qarşı dərin kin və nifrət hissi bəsləyərlər, eyni zamanda onlardan qorxarlar. Quranda münafiqlərin xarakterinin bəzi detalları belə bildirilir:

“…Siz bütün kitablara inanırsınız. Sizinlə görüşdükləri zaman: “Biz iman etmişik”, – deyərlər. Ancaq xəlvətdə olduqları zaman sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirərlər. De: “Ölün acığınızdan!” Şübhəsiz ki, Allah ürəklərdə olanları biləndir. (Ali İmran surəsi, 119)

(Münafiqlər) Özlərinin sizdən olduqlarına dair Allaha and içərlər. Halbuki onlar sizdən deyillər. Lakin onlar qorxaq bir tayfadır. (Tövbə surəsi, 56)

Quranda hər dövrdə mömin ümmətinə, xüsusən də peyğəmbərlərə qarşı müxalifətin və hücumların olduğu bildirilir. Həqiqi möminləri ilk olaraq küfrün başçıları müəyyənləşdirər. Məsələn, hz. Musanı ilk olaraq Firon, hz. İbrahimi də Nəmrud tanımışdı. Bütün peyğəmbərlərin həyatı küfrlə və onun başçıları ilə mübarizədə keçib. Bu, Allahın bir qanunu olaraq hər əsrdə təkrarlanmışdır.

(Ey elçi!) Beləcə, Biz hər bir elçi üçün günahkarlardan düşmənlər peyda etdik. Haqq yolu göstərən və yardımçı kimi Rəbbin yetər! (Furqan surəsi, 31)

Qurana görə mömin ümmətinə qarşı müxaliflərin olması, onlara böhtan və yalanla hücum etməsi, onlara qarşı sui-qəsdlər təşkil etməsi onların səmimiyyətinin və doğru yolda olduqlarının ən güclü dəlilidir.

Bu arada unutmaq olmaq ki, Qurana və Quran əxlaqını yaşayan insanlara qarşı çıxanların bu əməlləri Uca Allahın nəzarəti altında həyata keçirmələridir. Allahın izni olmadan heç kimin belə bir işə cəhd etməyə gücü yoxdur.

Ancaq Allah, möminlərin səbir və təslimiyyətini sınamaq, onları Öz dərgahında daha yüksək dərəcələrə yüksəltmək, daim möminlərə yardım etmək və imanın küfrdən üstün olduğunu göstərmək, möminlərin şan-şərəfini artırmaq, kafirləri xor görüb alçaltmaq, ikiüzlü münafiqlərin həqiqi üzlərini və qəlbində xəstəlik olanların xəstəliklərini ortaya çıxarmaq kimi müxtəlif hikmətlərlə bağlı hər dövrdə möminlərlə kafirlər arasında müxtəlif mübarizə mühiti yaradır. Və vəziyyət nə olursa olsun, Allah “həqiqətən” iman edənlərə dəstək olduğunu və onların həmişə qalib gələcəyini vəd etmişdir.

Allah, Quranın bir çox ayəsində möminlərin Quranda bildirilən mömin əxlaqına xas xüsusiyyətlərə sahib olduqları müddətcə üstün mövqedə olacaqlarını bildirmişdir. Bu ayələrdən bəzilərini misal verə bilərik:

Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Ali İmran surəsi, 139)

…Allah heç vaxt möminlərə qarşı kafirlərə yol verməz. (Nisa surəsi, 141)

Kim Allahı, elçisini və iman edənləri dost tutarsa, bilsin ki, həqiqətən, qalib gələcək olan məhz Allahın tərəfdarlarıdır. (Maidə surəsi, 56)

Ancaq onu (Quranı) inkar etdilər. Onlar yaxın bir vaxtda biləcəklər. Həqiqətən, elçi olan bəndələrimizdə söz vermişik ki, Onlara mütləq yardım olunacaqdır. Şübhəsiz ki, Bizim əsgərlərimiz qalib gələcəklər. (Saffat surəsi, 171-173)

Allah (lövhi-məhfuzda): “Mən və elçilərim mütləq qalib gələcəyik!” – deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir. (Mücadilə surəsi, 21)