İnsanlara Allahın varlığından və təkliyindən bəhs etmək, onları İslam əxlaqına dəvət etmək hər bir müsəlman üçün fərzdir. Ancaq bu fərz Qurana uyğun yerinə yetirilməlidir. Allahın bildirdiyi və peyğəmbərimizin tətbiq etdiyi yoldan başqa öz ağıl və məntiqinə uyğun təbliğat aparan insanın cəhdləri təsirsiz olmaqla yanaşı, bir çox insanın dindən uzaqlaşmasına da səbəb ola bilər.
Quranın bir çox ayəsində insanlar Allahın yaratdıqları barədə düşünməyə dəvət olunurlar. Göyün və yerin yaradılışı, meyvələr, bitkilər, dənizlər, heyvanlar, öz bədənimiz, bir sözlə, ətrafda gördüyümüz hər şey Allahı tanımaq, Onun sonsuz gücünü, qüdrətini dərk etmək üçün nümunədir. Quranda belə buyurmuşdur:
Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 191)
Quranda elmə yiyələnməyin əhəmiyyəti xüsusi vurğulanır. Allahın sonsuz yaratma sənətini yalnız elmlə, biliklə cüzi də olsa (insan ağlının qadir olduğu qədər) qavramaq mümkündür. Dinimizi təbliğ edərkən bütün müsəlmanlar Quranda bildirilən bu üslubu ən yüksək səviyyədə istifadə etməlidirlər. Elmin və texnologiyanın sürətlə inkişaf etdiyi və bütün məlumatların çox asan əldə edildiyi bu əsrdə dini elmi kəşflərə və dəlillərə əsaslanaraq təbliğ etmək təhqiqi, yəni həqiqi imanın yaranmasında olduqca mühüm rol oynayır. Elmin bütün sahələrinin yaradılışı tutarlı dəlillərlə sübuta yetirdiyi bu dövrdə elmdən, hətta ağıl və məntiqdən kənar, cəhalətə sürükləyən, İslam dininə zidd xurafatlarla dini təbliğ etmək dinimizin nəinki dünyaya yayılmasına, hətta tamamilə yanlış tanınmasına səbəb olur. Nəticədə qeyri-müsəlmanlar İslam dinini cəhalət, terror dini kimi (İslam dinini tənzih edirik) mənimsəyirlər.
“…Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik…” (Fussilət surəsi, 53) ayəsinin açıq-aşkar təcəlli etdiyi bu əsrdə genetika, mikrobiologiya, paleontologiya, geologiya, astronomiya kimi saysız elm sahələri insanlara həm öz bədənlərində, həm də bütün kainatda Allahın yaradılış dəlillərini, bənzərsiz yaratma sənətini gözlər önünə sərir. Allahın gözəl nemətlərindən olan elm, dini təbliğ etmək üçün bir “silah”dır. Bu “silahın” düzgün istifadəsi İslam əxlaqının dünyaya yayılmasında əhəmiyyətli rol oynayacaq. Məhz buna görə də dinin təbliğinin iman həqiqətlərinə əsaslanması, Allahın izni ilə, çox təsirli və müvəffəqiyyətli olacaqdır.
Dünyaya İslamı təkcə Quran və hədisləri anlatmaqla hakim edəcəyini düşünən insanlar az deyil. Halbuki, hidayət üçün iman həqiqətləri danışılmalıdır, bütlər qırılmalıdır.
Lakin iman həqiqətlərindən əvvəl insanların şüurunu bağlayan, onlarda şübhələr yaradan batil fikirlərin, yəni bütlərin ortadan qaldırılması labüddür. Allah Quranda hz. İbrahimin dövrünün bütün bütlərini qırdığını, hz. Musanın da qövmündən bəzi insanların bütlərini darmadağın etdiyini, küllərini də dənizə sovurduğunu bildirir. Bu hekayələrdə müsəlmanların yaşadıqları dövrün bütlərini elmlə yerlə bir etməli olduqlarına da işarə edilir.
Bu dövrün ən böyük bütü isə insanları Allahdan və İslam əxlaqından uzaqlaşdıran darvinizmdir. Allahın varlığını və təkliyini danan bu nəzəriyyənin tamamilə əsassız, elmə zidd olmağının ağıl, elm və məntiqlə sübuta yetirilməsi insanların şüurunun açılmasına vəsilə olacaqdır. Darvinizmin, yəni Allahı inkar edən, insanlara hər şeyin təsadüfən yaranması fikrini təlqin edən bir nəzəriyyənin saxtakarlıq olduğunu görən, illərlə bu saxtakarlıqla aldadıldığını anlayan insan, təbii ki, həqiqəti axtaracaqdır.
Nəticədə, kainatda qüsursuz nizamı, canlılardakı mükəmməl sistemləri, öz bədəninin tək bir hüceyrəsində belə möhtəşəm aləm olduğunu öyrənəcək və bütün bunların sonsuz güc və qüdrət sahibi Yaradıcının, yəni Allahın əsəri olduğunu dərk edəcəkdir. Allahın yaradılış sənətindəki mükəmməlliyi, qüsursuzluğu qavrayan insan Ona qəti iman gətirəcək, din əxlaqını ən mükəmməl şəkildə yaşayacaqdır.
Bütün bu həqiqətləri qulaq ardına vuran insanların xurafatlarla, ağıla və məntiqə sığmayan, cəhalətə sürükləyən bir üslubla İslamı təbliğ etməsi isə dinin məntiqsiz və cahil bir sistem olması fikrini formalaşdırır. Bu, insanların böyük əksəriyyətinin Allahdan və dindən uzaqlaşmasının ən böyük səbəbidir. Buna görə də bütün müsəlmanlar dini təbliğ edərkən iman həqiqətlərinə və elmə üstünlük verməli, ağıllı, sadə, nəzakətli üslubu seçməlidirlər. İslam məhz Allahın Quranda bildirdiyi formada təbliğ edildiyi zaman insanlar axın-axın Allahın dininə girəcəklər və İslam əxlaqı ən qısa müddətdə bütün dünyaya hakim olacaqdır.

