İslam hər şeyin ən yaxşısı deməkdir

İslam keyfiyyət və gözəllik dinidir

İslamın pərişanlıq dini olduğunu zənn edənlərin Qurandan xəbərsiz olduqları və Allahı tanımadıqları açıqdır. Allah gözəldir, gözəli sevir. Buna görə də kəpənəklər, quşlar, ağaclar bəzəkli yaradılmışdır. Keyfiyyət demək gözəllik deməkdir. Keyfiyyət mövcud gözəllikləri qat-qat artırır. Keyfiyyətli insan yetkin, anlayışlı, ağıllıdır. Bu səbəbdən belə insanlar sülhə və bəşəri dəyərlərə zərər gəlməsindən qorxan insanlardır. Dostluq, sevgi və uzlaşmanı ayaqda tutan insanlardır. Məhz buna görə şərtlər nə qədər ağır olursa-olsun, müsəlman daim “sülh” insanıdır.

Keyfiyyətin pula yox, zövqə, sənətkarlığa, estetikaya ehtiyacı var. Bir insan çox pul xərcləmədən də keyfiyyətli hala gələ bilər. Tam əksinə çox pul xərcləyərək çox keyfiyyətsiz hala gələ bilər. Dolayısilə keyfiyyəti təmin etmək üçün zəngin olma şərti heç bir insan və heç bir ölkə üçün əsaslı şərt deyil.

Ölkəmiz daxil olmaqla bəzi İslam cəmiyyətlərində mövcud olan fanatiklər Avropanın keyfiyyətinə bir tərəfdən heyran olarkən, bir tərəfdən də var gücləri ilə keyfiyyətsizlik təbliğatı aparır və öz cəmiyyətlərinin Qərblə inteqrasiyasının önünə sədd çəkirlər. Bu insanlar öz millətlərinin dəyərsiz və əhəmiyyətsiz olduğu təəssüratını yaratmağa çalışırlar. Bu yanlış təəssürat hər zaman bəzi Qərb cəmiyyətlərinin Yaxın Şərqə baxışına təsir göstərmişdir. Bu səbəbdən Qərb cəmiyyətlərində Yaxın Şərq insanlarına əhəmiyyət və dəyər verilməmiş, irqçilik getdikcə artmışdır. Bu, əlbəttə ki, Qərb üçün çox təhlükəli və yanlış fikirdir, ancaq dünyagörüşünün xətalı olması onun altında yatan səbəblərə etinasızlıq göstərilməsi mənasına gəlmir. Keyfiyyət çatışmazlığı cəmiyyətləri içdən-içə yeyib bitirən, onların inkişafına və gözəlləşməsinə mane olan, davamlı olaraq davakar, məmnuniyyətsiz və sevgisiz cəmiyyətlər formalaşmasına səbəb olan problemdir. Keyfiyyətsizlik İslamın ruhunu və qəlbini anlaya bilməməkdir. Dolayısilə keyfiyyətsizliyə reaksiya verənlərə qəzəblənmək yox, bu məsələdə təcili tədbir görmək lazımdır.