Peyğəmbərimizin hədislərində bildirilir ki, hz. Mehdi Axırzamanda zühur edəcək və İslam əxlaqını yer üzünə hakim edəcəkdir. Hz. Mehdinin ortaya çıxması ilə bütün zülm və haqsızlıqlar sona çatacaq, dünyaya ədalət, sülh, sevgi, etibar və rifah gələcək.
Uca Allah Quranda İslam əxlaqını dünyada hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz də hədislərində bu böyük və mübarək hadisəyə Axırzamanda hz. Mehdinin səbəb olacağını xəbər vermişdir. Quran əxlaqının tələbi olaraq və Peyğəmbərimizin bildirdiyi kimi, İslam əxlaqının hakim olması ilə dünya rahatlıq və təhlükəsizliyə qovuşacaq, hər cür qarışıqlıq, qarşıdurma, anarxiya və terror sona çatacaqdır. Axırzamanın qarışıqlıq və zülmlərindən sıxıntı keçirən insanlar İslam əxlaqını yer üzünə hakim edən hz. Mehdinin ədalətindən, mərhəmətindən, sevgisindən və xoş münasibətindən razı olacaqlar.
Axırzamanda hz. Mehdinin Allahın izni ilə mütləq gələcəyi Peyğəmbərimizin hədislərində belə müjdələnmişdir:
Dünyada bir gün qalsa belə (qiyamət qopmadan), Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına uyğun Əhli-Beytimdən bir şəxs (Hz. Mehdi) gələcək, əvvəl zülm və haqsızlıqla dolu olan yer üzünü ədalət və insafla dolduracaq. (Əbu Davud və Tirmizi, “Büyük Hadis Külliyatı”, 5-ci cild, səh. 365)
…İnsanlar yer üzünü əvvəl zülmlə doldurduqları kimi, bu əmir (Hz. Mehdi) yer üzünü ədalətlə dolduracaqdır. Artıq sizdən kim o günə çatarsa, qarın üstündə iməkləsə də, onlara çatsın (qatılsın). (Sünen-i İbni Mace, “Kitabü-lfiten Tercemesi ve Şerhi”, cild 10, səh. 347)
Hz. Peyğəmbər İslamı əvvəl necə qorudusa, hz. Mehdi də sonda eyni formada İslamı qoruyub ucaldacaqdır… (El Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 26)
Ancaq Peyğəmbərimizin də xəbər verdiyi kimi, hz. Mehdinin zühurundan əvvəl yoxluqlar və sıxıntılar şiddətlənəcək, dünyada etibar və rahatlıq qalmayacaq, bütün insanlar ard-arda meydana gələn fəlakətlərdən əziyyət çəkəcəklər. Belə ki, Quranda da elçilər gəlməmişdən əvvəl Rəbbimizin insanları müxtəlif sıxıntılarla imtahan etdiyi bildirilmişdir:
Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. (Əraf surəsi, 94)
İslam əxlaqını bütün yer üzündə hakim edən, insanlara ədaləti və sülhü gətirən, Qızıl Dövr adlandırılan bir dövrün yaşanmasına səbəb olan mübarək şəxsin – hz. Mehdinin də zühurundan əvvəl sıxıntı və bəlaların olması Adətullahın (Allahın qanununun) tələbidir. Peyğəmbərimiz hz. Məhəmməd isə bu sıxıntıların nədən ibarət olacağını ətraflı şəkildə bildirmişdir.
- Axırzamanda qarışıqlıq və fitnələr insanların çətin vəziyyətə düşməsinə səbəb olacaq
Peyğəmbərimizin hədislərində xəbər verilir ki, hz. Mehdinin ortaya çıxmasından əvvəlki dövr fitnə və qarışıqlıqların geniş yayıldığı, insanların əzab və sıxıntı çəkdikləri, yoxluqların olduğu, dəhşətli müharibələrin yaşandığı çətin bir dövr olacaq.
Mehdi çıxmazdan əvvəl millətlər arasında ticarət və yollar kəsiləcək, insanlar arasında fitnələr çoxalacaqdır… (El Kavlul Muhtasar Fi Alametil Mehdiyy-il Muntazar, Ahmed İbni Hacer-i Mekki, səh. 39)
Dünya hərc-mərclik (qarışıqlıq, fitnə) içində qalanda, fitnələr zühur edəndə, böyük kiçiyə mərhəmət etməyəndə, kiçik böyüyə hörmət göstərməyəndə Allah onlardan düşmənçiliyin kökünü qazıyaraq dəlalət qalalarını fəth edən, əvvəlcə mənim ayaqda tutduğum kimi Axırzamanda dini ayaqda tutan, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduran birini (Hz. Mehdini) göndərəcəkdir. (Suyuti, cild 2, səh, 67)
Hədislərdəki məlumatlar Axırzamanda çox qan töküləcəyini, hücumların yayılacağını, şiddətin artacağını, qətliamların baş verəcəyini, müharibələrin və qarşıdurmaların yaşanacağını, ədalətin yerini haqsızlıq və zülmlərin tutacağını, aclığın və yoxsulluğun çoxalacağını, insanların bir-birinə güvənməyəcəyini, saxtakarlıqların artacağını, yalan danışmağın cəmiyyətin əksəriyyətində məqbul qarşılanacağını, əxlaqi dəyərlərin pozulacağını göstərir. Buna görə də, insanlar ard-arda gələn fəlakət və bəlalara məruz qalacaq, sıxıntı və əzabların ardı-arası kəsilməyəcəkdir. Bir hədisdə belə bildirilir:
Çox əzablı vəziyyətlər və dərdli mənzərələr görünər. Fitnələr ard-arda davam edər… Bunların arasında fitnə, zorakılıq, həlak və qaçışlar olar. Nə zaman “bitdi” deyilsə, yenə də davam edər. Bu hadisələr o qədər şiddətlənər ki, girmədikləri bir ev və zərəri toxunmayan bir müsəlman qalmaz. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Axırzaman, səh. 36)
Peyğəmbərimiz bu qaranlıq mühitdə insanları aydınlığa çıxaran, onlara çıxış yollarını göstərən, axtardıqları rahatlığı və güvəni onlara təmin edən insanın hz. Mehdi olacağını xəbər vermişdir.
- İnsanların çarəsizliyini hz. Mehdi ortadan qaldıracaq
Axırzamanda insanların yaşadığı böyük sıxıntıların əsasında Quran əxlaqından uzaqlaşmaları durur. Din əxlaqının tələbi olan sevgi, şəfqət, dürüstlük, ədalət, xoş münasibət, təmkin, səbir, sülhpərvərliyin yerini inkarçı ideologiyaların təlqini olan eqoistlik, mərhəmətsizlik, ədalətsizlik, mənfəətpərəstlik tutduğu üçün insanlar Axırzamanda böyük əzab çəkirlər. Hədisdə Axırzamanda insanların din əxlaqından uzaqlaşmaları belə xəbər verilir:
Bidətlərin (dinə sonradan daxil edilmiş batil inanclar) ortaya çıxması, əmri-bil-maruf və nəhyi-anıl-münkər (yaxşılığı əmr edib pislikdən çəkindirmə) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman Cənab Haqq mənim övladlarımdan Mehdi ilə islamı canlandırar. (Kitab-ül Burhan Fi Alameti–il Mehdiyy-il Axırzaman, səh. 66)
Hədislərdə xəbər verildiyi və İslam alimlərinin əsərlərində açıqlandığı kimi, hz. Mehdi inkarçı ideologiyaları fikrən məğlub etmək, insanlara din əxlaqını və dini öyrətmək, onları imana və gözəl əxlaqa yönəltmək üçün böyük fikri mübarizə aparacaqdır. Rəbbimiz hz. Mehdini və apardığı böyük fikri mübarizəsini Axırzamanın çətinliklərinin ortadan qaldırılmasına səbəb edəcəkdir. Bir hədisdə hz. Mehdinin bu xüsusiyyəti belə bildirilir:
Məhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinliklərinizi aradan qaldıran, vəliniz olan şəxs… Mehdidir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Axırzaman, səh. 57)
Başqa bir hədisdə isə hz. Mehdi vasitəsilə fitnələrin sona çatacağı, fitnələrin bitməsi ilə yer üzündə rahatlığın və güvənin hakim olacağı belə xəbər verilir:
Allah kor fitnələri Onun (Hz. Mehdi) vasitəsi ilə söndürər. Hər yer əmin bir hala gələr… (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Axırzaman, səh. 58)
Hədislərdə xəbər verildiyi kimi, əzablar, sıxıntılar və yoxluq içində olan xalq hz. Mehdinin ədalətinə, mərhəmətinə, sevgisinə və cömərdliyinə sığınacaq. Bir hədisdə belə bildirilir:
Ümmət bal arılarının ana arı ətrafında toplanması kimi Mehdiyə sığınar. O, əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar, insanlar sanki Əsri-Səadət dövrünə geri dönər… (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Axırzaman, səh.11)
Hz. Mehdinin İslam əxlaqını yer üzünə hakim etməsi ilə birlikdə yoxluqlar, aclıqlar, əzablar, sıxıntılar sona çatacaq, axan qanlar dayanacaq, insanlar uzun illərlə axtardıqları həqiqi xoşbəxtliyi, rahatlığı və güvəni tapacaqlar. Hz. Mehdinin səbəb olduğu sevgi və sülh, bolluq və bərəkət mühiti hədislərdə bu şəkildə tərif edilmişdir:
Yer üzü zülm və düşmənçiliklə dolduqdan sonra mütləq mənim Əhli-Beytimdən biri çıxar. Əvvəllər necə zülm və düşmənliklə dolmuşdusa, O, dünyanı ədalətlə doldurar. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Axırzaman, səh. 11)
O, yer üzünü ədalətlə və nəsafətlə doldurar. Ərz (yer üzü) nəbatatını (bitkisini) çıxarar, göy də yağmurunu yağdırar. Ümmətim əvvəl görünməmiş şəkildə nemətlənər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Axırzaman, səh. 35)
O zaman göy heç bir yağmur damlasını əsirgəməyəcək və yer də bərəkətlənəcəkdir. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Axırzaman, səh. 12)
Onun dövründə ölülərin dirilərə qibtə edəcəyi bir ədalət görünər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Axırzaman, səh. 68)
- Hz. Mehdi sevgi və mərhəmətlə insanları İslam əxlaqına dəvət edəcək
Hz. Mehdi çox üstün əxlaqa sahib olan mübarək bir şəxsdir. Bir çox hədisdə hz. Mehdinin gözəl əxlaqı ətraflı şəkildə təriflənmişdir. Hz. Mehdinin əxlaqı ilə bağlı olan hədislərdən birində bu mübarək şəxsin əxlaqının Peyğəmbərimizin əxlaqına bənzədiyi bildirilmişdir:
Əxlaqı mənim əxlaqım olan bir övladım çıxacaq. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahirzaman, səh. 21)
Peyğəmbərimiz əxlaqı və imanı ilə aləmlərdən üstün tutulmuş, Rəbbimizin böyük nemətlər bəxş etdiyi çox dəyərli və üstün bir insandır. Rəbbimiz Quranda Peyğəmbərimizin üstün əxlaqına dair bir çox nümunə vermişdir. Onun bütün iman gətirənlərə nümunə olan yönlərindən biri də sevgi dolu, incə düşüncəli və mərhəmətli olması, insanlarla həlim davranmasıdır.
Hədislərdə olan məlumatlardan aydın olur ki, hz. Mehdi də Peyğəmbərimiz kimi insanlara sevgi və mərhəmətlə yaxınlaşacaq, anlaşmazlıqları sülh yolu ilə həll edəcək, insanları səbirlə gözəl əxlaqa və imana dəvət edəcəkdir. Hz. Mehdinin inkarçı ideologiyalara qarşı mübarizəsi fikrən olacaq, Rəbbimizin lütfü ilə çox ağıllı və hikmətli üsullarla küfr ideologiyalarını məğlub edəcəkdir. Hədislərdə xəbər verildiyi kimi, hz. Mehdinin bu böyük fikri mübarizəsi yatan adamın fərqinə belə vara bilməyəcəyi sakitlik, sükunət və nizam içində olacaq:
(Hz. Mehdi) Zamanında nə kimsə yuxusundan oyandırılacaq, nə də kimsənin burnu qanayacaq. (El Kavlul Muhtasar fi Alametil Mehdiyy-il Muntazar, səh. 42)
(Hz. Mehdi) Peyğəmbərin yolu ilə gedəcək. Yatan insanı oyatmayacaq, qan da axıtmayacaq. Qaldırılmayan bidət buraxmayacaq… (Kıyamet Alametleri, səh. 163)
Hədislərdə də bildirildiyi kimi, Mehdi bütün dünyaya İslam əxlaqını sülh yolu ilə hakim edəcək. Gərginliklərə və anlaşmazlıqlara ədalətlə çarə tapacaq, bütün problemlər sülh yolu ilə ortadan qaldırılacaq. Hz. Mehdi insanları İslam əxlaqının əmri olan mərhəmətə, səbir, yaxşılığa və gözəlliyə çağıracaq, öz üstün əxlaqı və davranışı ilə insanlara hər mövzuda olduğu kimi, bu mövzuda da nümunə olacaq. Bir hədisdə belə bildirilir:
(Hz. Mehdi) Şam namazını qılandan sonra yüksək səslə belə xitab edər: Ey insanlar, mən sizə Allahı xatırladıram. Sabah məhşər günündə Allahın hüzurunda yerinizi xəbər verirəm. Allah sizə bir çox dəlillər və Peyğəmbərlər göndərmiş, Quranı endirmiş və sizə belə əmr etmişdir: Allaha heç bir şeyi ortaq qoşmayın, Allaha və Rəsuluna itaəti qoruyun. Quranın canlandırdığını dirildin, qadağalarını da qadağan edin və Mehdiyə kömək edin və dəstək olun. Belə ki, dünyanın pisləşməsi və zavala çatması yaxınlaşmışdır. Bu dəqiqdir. Mən sizi Allaha və Rəsuluna, Onun kitabı ilə əməl etməyə, batili yox edib, sünnəni canlandırmağa dəvət edirəm. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahirzaman, Ali ibn Hüsameddin el-Muttaki, səh. 55-56)
Bu məlumatlar göstərir ki, hz. Mehdi bütün dünyada insanları İslam əxlaqına yönəldəcəkdir.

