İslam ədalətlə davranmağı əmr edir

İslam əxlaqı, danışarkən, iş görərkən və ya qərar verərkən ədalətlə davranmağı əmr edir

İslam əxlaqı, danışarkən, iş görərkən və ya qərar verərkən ədalətlə davranmağı əmr edir. Allahın Quranda bildirdiyi əmrlər bu ədalət anlayışını bizə hərtərəfli açıqlayır. Quranda bizə bildirilən bütün elçilər öz qövmlərinə ədalət və sülh gətirmişdir. Peyğəmbərlər ümmətinin üzərindəki zülmün, zorakılığın qalxmasına səbəb olmuşdur. Allah “Yunis” surəsində belə bildirir:

Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (Yunis surəsi, 47)

Müsəlmanın ədalət anlayışının ən əsas xüsusiyyəti, qarşısındakı insan öz yaxını da olsa, hər şərtdə ədalətlə hökm etməsidir. Allah ayədə belə bildirir:

Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

Ayədən də göründüyü kimi, iman gətirən insan üçün qarşısındakı şəxsin maddi vəziyyəti və ya sosial statusu heç bir əhəmiyyət daşımır. Haqqın bərqərar olması, heç kəsin haqsızlığa məruz qalmaması və Allahın ayələrinin tam yerinə yetirilməsi əsasdır. “Maidə” surəsində isə belə buyurulur:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Yuxarıdakı ayədə isə Allah iman gətirənlərə öz düşmənləri belə olsa, həmişə ədalətlə hökm vermələrini əmr edir. Müsəlman qarşısındakı insanın ona haqsızlıq etdiyini, onu çətin vəziyyətdə qoyduğunu və ya düşmən olduğunu düşünüb ani qərarlar verməz, həmişə vicdanı ilə və Quran ayələri əsasında düşünər. Qarşı tərəf yanlış davransa belə, o yaxşılıqla qarşılıq verməklə və Allahın əmr etdiyi kimi davranmaqla məsuldur.

Allah “Mümtəhinə” surəsinin 8-ci ayəsində isə: “Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir”, şəklində buyurmuş və müsəlmanların digər xalqlara münasibətlərinin hansı sərhədlər çərçivəsində olmasını bildirmişdir. İman gətirən insanın bütün insanlara baxışı bu ayələr əsasında olmalıdır. Müsəlmanın rəftarı qarşısındakı şəxsə görə deyil, Allahın Quranda bildirdiyinə görədir. Buna görə də, səmimi qəlbdən iman gətirən müsəlman həmişə doğruların tərəfində olur. İman gətirənlərin bu mövzuda qətiyyəti “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, ədalətlə hökm edirlər” (Əraf surəsi, 181) ayəsi ilə bizə müjdələnir. Quranda ədalətlə bağlı digər ayələr bunlardır:

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir. (Nisa surəsi, 58)

De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz (oyanacaqsınız)”. (Əraf surəsi, 29)

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O, sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl surəsi, 90)

Quranda keçən ədalət anlayışına əsasən, qarşı tərəfin hansı dinə, irqə və ya cinsə mənsub olması əhəmiyyət daşımır. Çünki İslam irqlər, cinslər arasında bərabərliyi müdafiə edir. Hər cür etnik ayrı-seçkiliyi qadağan edir. Peyğəmbərimiz hz. Məhəmməd: “Bütün insanlar hz. Adəmdən, hz. Adəm isə torpaqdandır”, -deyərək insanlar arasında heç bir fərqin olmadığını vurğulamışdır. Dəri rəngi, sosial status, zənginlik kimi xüsusiyyətlər heç bir insanda üstünlük yaratmır.

Bu gün dünyanın hər tərəfində insanlar milliyyətinə, dilinə və ya dərisinin rənginə görə zülmə məruz qalır. Quranda bildirildiyinə əsasən, müxtəlif xalqların yaradılmasının hikmətlərindən biri insanların bir-birləri ilə tanış olmasıdır. Hamısı Allahın qulu olan müxtəlif millətlər və ya xalqlar bir-biri ilə tanış olmalı, bir-birinin fərqli mədəniyyətini, dilini, adət-ənənəsini, qabiliyyətlərini öyrənməlidirlər. Müxtəlif irq və millətlərin olmasının bir məqsədi də münaqişə və müharibə deyil, mədəni zənginlikdir. İman gətirən insan yeganə üstünlüyün təqva, yəni Allah qorxusu və Allaha imandakı üstünlük olduğunu bilir. Allah “Hücurat” surəsində belə bildirir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)

Başqa bir ayədə isə Allah: “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!” (Rum surəsi, 22)