Quranın əsas mesajlarından biri dinin insanlar üçün bir çətinlik və sıxıntı mənbəyi deyil, əksinə, bir asanlıq və rəhmət vəsiləsi olmasıdır. Taha surəsinin lap əvvəlində yer alan “Biz Quranı sənə əziyyət çəkəsən deyə nazil etmədik! Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik).” (Taha surəsi, 2-3) ayələri bu ilahi prinsipi açıq şəkildə ortaya qoyur.
Əgər bir şəxs dini yaşayarkən daima çətinlik və məşəqqətlə qarşılaşırsa, bu vəziyyət onun Quranın mahiyyətindən uzaqlaşdığını və bidatlar icad etdiyinin göstəricisidir. Çünki Allah, Bəqərə surəsinin 185-ci ayəsində “Allah sizin üçün çətinlik deyil, asanlıq istər” buyuraraq muradının bu yöndə olduğunu qəti bir dillə ifadə etmişdir. Dində çətinlik axtarışı və həyatı çıxılmaz vəziyyətə salma cəhdi Allahın iradəsinə ziddir.
İnsanların qarşılaşdığı çətinliklərin mənbəyi ilahi əmrlər deyil, məhz onların öz seçimləri və nəfslərinə etdikləri zülmdür. Yunis surəsinin 44-cü ayəsində qeyd edildiyi kimi, “Həqiqətən, Allah insanlara heç bir zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.” Bu özünə zülm etmə halı, Allahın halal buyurduğu və asanlaşdırdığı sahələrdə insanın öz-özünə qadağalar qoyması ilə konkretləşir.
Musiqi dinləməyi, incəsənəti, qadınların baxımlı olmasını, makiyaj etməsini haram sayaraq həyatı dözülməz etmək, Quranın ruhuna zidd şəkildə özünə əziyyət verməkdir. Allah, Əla surəsinin 8-ci ayəsində möminlər üçün “Və səni ən asan olana müvəffəq edəcəyik” vədini verərkən, Leyl surəsinin 10-cu ayəsində isə küfr və inkarçılar üçün “Biz də ona ən çətin olanı (əzaba uğramasını) asanlaşdıracağıq” buyuraraq çətinliyin ilahi bir cəza olduğuna işarə edir.
Dini çətinləşdirmə meyli, adətən, insanların Allah adına hökm verməyə cəhd etməsi ilə ortaya çıxır. Nəhl surəsinin 116-cı ayəsində “Dillərinizin yalana vərdiş etməsinə görə, bu halaldır, bu haramdır deməyin” xəbərdarlığı bu təhlükəyə diqqət çəkir. İnsanlar, Allahın dininə öz icad etdikləri bidətləri və ruhanilik tətbiqlərini əlavə edərək, guya Allahın razılığını axtardıqlarını iddia edirlər.
Ancaq Allah bu cür sonradan əlavə edilmiş tətbiqləri əmr etmədiyini və hətta bu qaydaları icad edənlərin belə onlara lazımınca əməl etmədiyini bildirir.
Bu vəziyyət, Zümər surəsinin 3-cü ayəsində ifadə edilən və Allahdan başqalarını vəli qəbul edənlərin “Biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik” bəhanəsini xatırladır. Halbuki Hucurat surəsinin 16-cı ayəsində “De: Siz Allaha dininizimi öyrədirsiniz?” ifadəsi ilə bu cürətkarlıq sorğulanır. Xalis və qatqısız din yalnız Allaha aiddir və İslamdan başqa bir din axtaranın səyi qəbul edilməyəcəkdir (Ali İmran surəsi, 85).
İslam, özündən əvvəlki şəriətlərdə olan ağır yükləri və zəncirləri qaldırmaq üçün gəlmiş bir dindir. Əraf surəsinin 157-ci ayəsində Peyğəmbərin bir xüsusiyyəti olaraq “Onların ağır yüklərini və üzərlərindəki zəncirləri endirir” deyilməsi bu həqiqəti vurğulayır. İnşirah surəsində də Peyğəmbərə “Məgər sənin yükünü yüngülləşdirmədikmi?” deyilərək bu nemət xatırladılır.
Bəqərə surəsinin 286-cı ayəsində keçən “Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə” duası əvvəlki dinlərdə mövcud olan çətinliklərə bir işarədir. Musəvilikdəki şənbə günü qadağası kimi ağır hökmlər İslamla birlikdə aradan qaldırılmış və din, Həzrəti İbrahimin hənif dinində olduğu kimi özündəki asanlığa geri qaytarılmışdır. Peyğəmbərimizin “Asanlaşdırın, çətinləşdirməyin; müjdələyin, nifrət etdirməyin” hədisi də bu ilahi prinsipinin bir əksidir.
Nəticə etibarilə Quran, özünün müttəqilər üçün bir yol göstərici (Bəqərə surəsi, 2), anlaşılması asan bir dildə nazil edilmiş bir müjdə (Məryəm surəsi, 97) və ibadət edənlər üçün açıq bir mesaj (Ənbiya surəsi, 106) olduğunu bəyan edir. Allah, qədrinin lazımınca təqdir edilmədiyini (Həcc surəsi, 74) və istəsəydi insanlara çətinlik yarada biləcəyini (Bəqərə surəsi, 220), ancaq bunu etmədiyini bildirir.
Buna baxmayaraq dini çətinləşdirənlər həm dünyalarını, həm də axirətlərini cəhənnəmə çevirirlər. Halbuki Quranın təqdim etdiyi asan, hənif və Məhəmmədi yola tabe olanlar həm dünyada hüzura qovuşar, həm də axirətdə cənnətlə müjdələnərlər. Həll yolu isə, sonradan uydurulmuş ənənəçi və ortodoks qaydaları tərk edib, yalnız Quranın aydın və asan yoluna təslim olmaqdır.

