Rəbbimizin şəfqət və mərhəmətinin nəticəsi olaraq əsrlər boyu göndərilmiş bütün haqq dinlər həmişə asan tətbiq edilən hökmlərdən ibarət olmuşdur. Çünki Allah insanlar üçün həmişə asanlıq diləmiş və “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir…” (Bəqərə surəsi, 185) ayəsi ilə də bu həqiqəti xəbər vermişdir.
Allahın hədlərinə əməl edən insan həm də yaradılışına uyğun olan gözəl həyatı yaşayan insandır. Ancaq tarix boyu din əxlaqını əslindən uzaqlaşdıran və üstün əxlaqın yaşanmasına mane olmaq üçün müxtəlif üsullara əl atanlar dinə bir çox xurafatlar qatmağa çalışmışdır. Bunun nəticəsində də insanların qəsdən və ya bilməyərək din əxlaqından uzaqlaşmalarına səbəb olmuşlar. Musəvilik məhz bu şəkildə təhrif edilmişdir. Çünki bəzi insanlar xurafatlarla və ya bidatlarla musəviliyi yaşana bilməyəcək hala gətirmişdir. Hətta indi də musəviliyin xurafatlarla çətinləşdirilmiş hökmlərini yerinə yetirə bilən bir yəhudi yoxdur. Çünki insanlar musəviliyin hökmlərini o qədər çətinləşdirmişlər ki, heç bir insan ona riayət edə bilmir. Məhz hz. İsa insanların təhrif etdiyi musəviliyin hökmlərini Allahın əmri ilə yüngülləşdirmək və rahatlaşdırmaq üçün gəlmişdir. Bu mənada xristianlıq hz. İsa vasitəsilə xurafatlardan təmizlənmək üçün göndərilmişdir. Ancaq yenə də bəzi ruhanilər xristianlığı təhrif etmişdir. Quranda belə xəbər verilir:
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlbinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
Halbuki, Allah bizə din əxlaqının yaşanmasının səmimi insanlar üçün çox asan olduğunu bildirir. Onu da qeyd etmək lazımdır ki, Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir.
İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağrıldığını belə xəbər verir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir. (Rum surəsi, 30)
Rəbbimiz Rəsulullah vasitəsilə İslam dinini göndərmiş, təhrif edilmiş xristianlıq və musəviliyin insanlar üzərində meydana gətirdiyi ağır təzyiqləri aradan qaldırmışdır. Ayədə bu həqiqət belə bildirilir:
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi peyğəmbər olan rəsula tabe olanlara o peyğəmbər yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki qandalları götürər. O kəslər ki, Peyğəmbərə iman gətirər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır! (Əraf surəsi, 157)
Xurafatçılar tarix boyu xurafatların aradan qaldırılmasından çox narahat olmuşlar. Mövhumatçılıq insanların ağlını bulandıran, din əxlaqını yaşamağa mane olan bir sistemdir. Tarix boyu xurafatçılığın insanlar üzərində yaratdığı təxribat dinsiz, ateist insanların təxribatlarından daha şiddətli olmuşdur. Çünki xurafatçılar Allahın əmr etdiyi din əxlaqına riayət etmədikləri üçün çox cahil olurlar. “Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (Maidə surəsi, 50) ayəsində xəbər verildiyi kimi, cahil olanlara Allahın hökmlərini izah etmək çox çətindir.
Onların təcavüzkar və anormal xüsusiyyətləri olur. Heç vaxt məqbul danışmır, dinin həqiqi hökmlərini yaşamaq istəmirlər. Xurafatçıların bu xüsusiyyəti tarixən var olmuşdur. Belə ki, hz. İsaya bəzi musəvi ravvinlərin aqressiv münasibətinin səbəbi hz. İsanın dini xurafatlardan təmizləməsi idi. Hətta öz aralarındakı söhbətlərində hz. İsanı dinlərini “öldürdüyünü” demişlər. Halbuki, Rəbbimiz Quranda hz. İsanın təhrif edilmiş Tövratı xurafatlardan təmizləmək üçün və haqq dini təsdiqləyici olaraq göndərdiyini belə bildirir:
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)
İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm). Allahdan qorxun və mənə itaət edin!” (Zuxruf surəsi, 63)
Rəsulullah da eyni şəkildə müşriklərin çətinləşdirdiyi dinin bütün hökmlərini aradan qaldırmışdır. Quranda bu mövzuda belə deyir:
Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola yönəltməz. (Ənam surəsi, 144)
Ayədə bildirildiyi kimi, Quranda hökmlərin asanlaşdırılması müşriklərin və xurafatçıların xoşlarına gəlmir. Çünki Allah namaz, dəstəmaz kimi bütün ibadətləri asanlaşdırdığı kimi, dini gündəlik həyata keçirəcək qədər asanlaşdırmış, xurafatçıların və müşriklərin qoyduğu haramları halala çevirmişdir. Xurafatçılar və müşriklər Peyğəmbərimizə dinin asan olmasına qarşı təzyiq etməyə başlamışlar.
Peyğəmbərimiz onların qoyduğu ağır hökmlərin Quranda olmadığını söyləmiş, onlar isə “Sən özün bir hökm gətir, belə din olmaz, çox sadədir, hökmləri ağırlaşdır, biz o dinə itaət edəcəyik, amma bu sadə hökmlərdə din görünüşü yoxdur” kimi sözlərlə Peyğəmbərimizə təzyiq etmişlər.
İman gətirənlər Allahın insanlara əmrlərini yerinə yetirməli və qadağalarından çəkinməlidirlər. Allah hər şeyi insanlar üçün asanlaşdırarkən dini çətinləşdirməyə çalışanlar axirətdə bunun məsuliyyətinə yüklənərək hesab verəcəklər.

