Müsəlmanların bir hissəsi illər boyu saxta hədislərə və bir çox din adamlarının dinə əlavə etdikləri xurafatlara əsaslanaraq Qurandan sistemli şəkildə uzaqlaşıblar. Həmin saxta hədis və icmalara (bəzi din adamlarının ortaq şəriət hökmləri) əsasən, Quranda olmayan bir çox əməl din adından yayılmışdır. Həmin əməllər o qədər çətindir ki, bir çoxları Quranı toxunulmaz hala gətirmişdir. Məsələn:
◉ “Qurana dəstəmazsız toxunmaq olmaz” xurafatı Quran oxumağı çətinləşdirib. ◉ Dəstəmazın Quranda təkcə bir ayədə olduqca açıq şəkildə açıqlanmasına və çox asan olduğuna baxmayaraq, xurafatçılara görə, dəstəmazı pozan (cildlərlə kitaba sığan) minlərlə səbəb var. Buna görə də Qurana toxunmaq, demək olar ki, imkansız hala gətirilib. ◉ Quranı, ümumiyyətlə, oxumaq lazım deyil. Quranı qabın içində yüksək yerdən asıb aşağı endirmək olmaz. ◉ Quran müsəlmanın həyatının ən əhəmiyyətli hissəsi olduğu halda, xurafata görə, təkcə Ramazan ayında, qəndil gecələrində və bir də yaslarda ancaq ərəbcə oxuna bilər. Bir insanın Quranı öz dilində oxuması qəti qadağan edilmişdir. Xurafat inancında bir çoxları elə düşünür ki, Quranı öz dillərində oxusalar, günaha girəcəklər. Buna görə də ərəbcə bilməyən cəmiyyətlərin böyük qisminin Quranın içindəkilərdən xəbəri yoxdur. ◉ Xurafatçı zehniyyətin ucbatından dünyada milyonlarla müsəlmanın Quranda nə yazıldığından xəbəri yoxdur. ◉ Quranda baş örtüyünə dair hər hansı bir məlumat verilməsə də və Qurana dəstəmazlı toxunmaq kimi müəyyən şərt olmasa da, xurafat dinində qadının baş örtüyü olmadan və dəstəmazsız Qurana toxunması qadağan edilmişdir. Eyni şəkildə, kişilərin də Qurana toxunmasında bir çox süni çətinliklər yaradılıb. ◉ Quran oxumağı əngəlləmək üçün ortaya atılan məşhur hekayələrdən biri də budur ki, guya, Quranı təkbaşına oxumaqla başa düşmək mümkün deyil və mütləq alimlərin izah və təfsirlərinə ehtiyac var. Bu təlimi alan müsəlmanların bir hissəsi Allahın “…Biz hər şeyi təfsilatı ilə izah etdik” (İsra surəsi, 12) ayəsinə baxmayaraq, elə inanıblar ki, Quranda təfsilatlı açıqlama tapa bilməyəcəklər. Buna görə də beyinlərinə yeridilən saxta hədisləri həqiqi yol kimi qəbul ediblər.

