Hz. İsa (ə.s)-ın mübarək dövrü

Quran ayələrində hz. İsa (ə.s)-ın Allah qatına alınması xəbər verilir və yer üzünə ikinci dəfə gəlişi müxtəlif əlamətlərlə bizə bildirilir. Peyğəmbərimiz (s.ə.v)-in də; “…vallah mütləq və mütləq Məryəm oğlu İsa enəcək, həm ədalətli bir hakim, ədalətli bir hökmdar olaraq enəcək…” (Sahih-i Müslim bi Şerhin-Nevevi, 2-ci cild, səh. 192) kimi bir çox hədisində hz. İsa (ə.s)-ın gəldiyi zaman görəcəyi işlər və o dövrün xüsusiyyətləri müxtəlif nümunələrlə izah edilir. Bu açıqlamalar heç bir şübhəyə yer verməyəcək qədər açıq, ətraflı və yaşadığımız dövrdə baş verən hadisələrlə uyğundur. Necə ki, əsrlər boyunca İslam alimləri də əsərlərində hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişi ilə əlaqədar çox önəmli şərhlər vermiş, Axırzamanda necə bir mühit yaranacağını insanlara çatdırmışlar. İncildə də hz. İsa (ə.s)-ın yer üzünə gəlişinə dair çox açıq izahlar var.

Məhz kitab boyunca təfsilatlı şəkildə araşdırdığımız bütün bu dəlillər və dünyada yaşanan hadisələr diqqətlə cəm edildikdə hz. İsa (ə.s)-ın gəlişinə ən çox 15-20 il qaldığı, bəlkə də, hz. İsa (ə.s)-ın gəlmiş belə ola biləcəyi ortaya çıxır. Bu, yer üzündəki bütün insanlar üçün çox böyük müjdədir, sevinc və şövq mənbəyidir.

Unudulmamalıdır ki, hz. İsa (ə.s), Allahın, dünyaya gəlməsindən etibarən möcüzəvi həyatla nemət bəxş etdiyi və peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi mübarək bir elçisidir. Allah bu mübarək peyğəmbərin; “dünyada və axirətdə “seçilən, şərəfli və hörmətli” və (Allaha) yaxın edilənlərdən” (Ali İmran surəsi, 45) olduğunu bildirərək onu cənnətlə müjdələmişdir. Məhz buna görə də, yer üzünə ikinci dəfə gələcək bu mübarək peyğəmbəri, bütün insanlar mümkün qədər ən gözəl şəkildə qarşılamalıdırlar. Məhdud imkanlı bir insan belə, evinə adi bir qonaq gələcəyi zaman, neçə gün əvvəldən hazırlıq görər, bu qonağı ən təmiz və ən gözəl şəkildə qonaq qəbul etməyə, qulluqda qüsur etməməyə diqqət göstərər. Halbuki hz. İsa (ə.s) bütün dünya insanları üçün, heç bir qonaqla müqayisə edilməyəcək qədər üstün xüsusiyyətlərə sahib, çox qiymətli bir qonaqdır. Buna görə də, bütün insanlar yaxın zamanda yer üzünü şərəfləndirəcək bu ulul-əzm peyğəmbəri ən gözəl şəkildə qarşılamalıdırlar.

Hz. İsa (ə.s)-ın gəlişi bütün insanlar üçün çox böyük bir nemət, Allahdan çox böyük bir lütfdür. Bu qiymətli peyğəmbərlə qarşılaşmaq Rəbbimizdən gələn çox böyük nemətdir. Hz. İsa (ə.s) gəldiyi zaman məsum, tərtəmiz və nurlu üzü, hikmətli, ağıllı və məqsədəuyğun danışıqları ilə dərhal diqqəti çəkəcək, dünyadakı bütün insanlar həyatlarında ilk dəfə ən yüksək insani xüsusiyyətlərə sahib mübarək bir peyğəmbər görəcəklər. Onun doğumu, həyatı, Allah qatına alınması və yer üzünə ikinci dəfə gəlişi kimi, bu gəlişdən sonrakı həyatı da Allahın icazəsi ilə möcüzələrlə dolu olacaq. Bütün insanlar onun üstün əxlaqına və bənzərsiz ağlına heyran olacaqlar. Onun söylədiyi hər söz, etdiyi hər hərəkət hikmətli, aldığı hər qərar məqsədəuyğun və Allahın ilhamı ilə olacaq.

Bütün insanların, xüsusilə də İncilə iman gətirən isəvilərin və Quran ayələrinə iman gətirən müsəlmanların hz. İsa (ə.s)-ın gəlişi üçün həyəcanla, şövqlə və çox böyük coşğuyla hazırlıq görmələri lazımdır. Bu insanların arasında, Allahın cənnətlə müjdələdiyi bu qiymətli peyğəmbərin gəlişi üçün hazırlıq görməyənlər isə çox böyük səhv edirlər.

Çünki gəlişi İlahi kitablar və elçilərin sözləri ilə xəbər verilmiş bu cür mühüm bir qonağı qarşılama məsələsində ediləcək zəiflik və tənbəllik çox böyük vicdansızlıqdır. Allahın ayələrinə iman gətirən, dünyada baş verən hadisələri və Axırzamanın əlamətlərini ağlı və vicdanı ilə qiymətləndirən heç bir insan bu mübarək qonaq üçün hazırlıq görmədən gözləyə bilməz. Yaxud; “hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyinə iman edirəm” dedikdən sonra; “lakin indi hazırlıq görməyim, daha sonra əvəzini verərəm” deyə bir düşüncəsi də ola ilməz. Hansı vicdan sahibi, səmimi bir insan bu müjdəli dövr gəldiyi zaman; “biz hz. İsa (ə.s)-ı gözləyirdik, lakin bunun üçün hazırlıq görməyi lazım bilmədik” deyə bir açıqlama verə biləcək? Əgər bu insanlar hələ də hazırlıq görməmələrini, 15-20 ili uzun müddət kimi görmələriylə açıqlayırlarsa bu çox yanlış düşüncədir. Çünki onlar da 15-20 ilin, 15-20 gün kimi sürətlə keçib gedəcəyini görəcək, hz. İsa (ə.s)-ın gəlişinə biganə qaldıqları üçün çox böyük peşmançılıq yaşayacaqlar. Heç kim unutmamalıdır ki, 1970-ci illərdə yaşayan insanlar da 1980-ci illəri, 90-cı illəri çox uzaq görürdülər. Lakin zaman sürətlə gəlib keçdi və 2000-ci illər bir anda gəldi. Eynilə bu şəkildə, hz. İsa (ə.s) ilə qarşılaşacağımız gün də Allahın icazəsi ilə çox sürətlə gələcək.

Hz. İsa (ə.s) gəlmədən əvvəl görülməsi lazım hazırlığın necə olmasının lazım olduğunu həm Quran ayələrindən, həm Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən, həm də Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin hikmətli şərhlərindən anlayırıq. Bu hazırlığın ən mühüm mərhələsi isə, yer üzündəki din əleyhdarı sistemlərlə aparılacaq fikri mübarizədir.

Bədiüzzamanın da diqqət çəkdiyi kimi, bütün iman sahibləri darvinizm və materializm kimi insanları din əxlaqından uzaqlaşdıran ateist ideologiyalarla fikri mübarizədə ittifaq yaratmalı; bu kimi cərəyanların dünyadan silinmələrində birlik olmalıdırlar. Bunun üçün bütün imkanlarıyla, hz. İsa (ə.s)-ın dinsizliklə aparacağı mübarizədən əvvəl dünya səviyyəsində böyük hazırlıq görməlidirlər. Necə ki, hədislərdə bildirildiyi kimi, hz. İsa (ə.s) gəldiyi zaman bəhs olunan dinsiz cərəyanlarla mübarizə aparacaq. Bədiüzzaman Səid Nursinin də bir sözündə ifadə etdiyi kimi, əlində “səmavi qılınc” ilə, yəni Allahın vəhyi ilə hərəkət edəcək, bu sayədə hər qərarı məqsədəuyğun olacaq və bütün dinsiz sistemləri ortadan qaldıracaq. (Mektubat, səh. 6)

Qəti unutmamaq lazımdır ki, hz. İsa (ə.s)-ın gəlişi dünyanın yalnız müəyyən bölgələrinə təsir edəcək bir hadisə deyil. Onun gəlişi bütün dünyaya təsir edəcək gücdə, möcüzəvi və metafizik hadisədir. Bu mübarək peyğəmbərin gəlişi ilə dünya səviyyəsində ictimai və siyasi sahələrdə köklü dəyişiklər olacaq, bütün dünya hz. İsa (ə.s)-ın ətrafında toplanıb birləşəcək. Məhz buna görə də, bütün xristianlar və müsəlmanlar tezliklə hərəkətə keçməli və birlik içində hz. İsa (ə.s)-ı ən gözəl şəkildə qarşılamaq üçün əllərindəki bütün imkanları səfərbər etməlidirlər. Tək bir Allaha iman gətirən, Onun rəğbətini qazanmağa çalışan, Ona tam təslim olmuş, Ona qəlbən bağlı olan, Onu ucaldan, təməldə eyni dəyərləri müdafiə edən xristian və müsəlmanların ortaq hərəkət etmələri ən doğrusudur. Həm xristianların, həm də müsəlmanların bir-birlərinə tolerantlıq, sevgi, anlayış və sülhlə yaxınlaşmalarının lazım olduğu aydındır. Əsrlərdir davam edən çəkişmələrə, ön mühakimələrə, yanlış anlaşılmalara artıq son qoyulmalıdır. Çünki itiriləcək vaxt yoxdur.