Qurani-Kərim, xüsusilə Ali İmran və Məryəm surələrində, Hz. İsa Məsihin şəxsiyyəti, möcüzələri və ilahi missiyası haqqında son dərəcə aydın və dəqiq məlumatlar təqdim edir. Uca Allah, Ali İmran surəsinin 48-ci ayəsində Hz. İsaya “Kitabı, hikməti, Tövratı və İncili öyrədəcəyini” bildirir. Buradakı “Kitab” ifadəsi Quranı, “hikmət” isə həm Quranın dərin mənalarını, həm də universal müdrikliyi əhatə edir. Beləliklə, Hz. İsanın dörd təməl elmlə təchiz edildiyi anlaşılır: Quran, hikmət, Tövrat və İncil.
Hz. İsa, bu elmlə İsrail oğullarına bir elçi olaraq göndərilmişdir. O, onlara, “Mən sizə Rəbbinizdən bir ayə (dəlili) ilə gəldim” deyərək təbliğinə başlamışdır. Bu ayə, yəni dəlil, onun möcüzələridir və bu möcüzələrin ən diqqətçəkəni, yaradılışın həqiqətini gözlər önünə sərərək təkamül nəzəriyyəsini kökündən çürütməsidir. Hz. İsa buyurur:
Və o, İsrail oğullarına elçi (olacaqdır). (İsa deyəcək:) “Mən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldaram. Allahın izni ilə ölüləri dirildərəm. Evlərinizdə yediklərinizi və yığdıqlarınızı da sizə xəbər verərəm. Əgər möminsinizsə, əlbəttə, bunda sizin üçün bir dəlil vardır. (Ali İmran surəsi, 49)
Burada, heç bir ara-forma və ya milyonlarla illik bir proses olmadan, cansız bir maddənin ilahi bir izin və əmrlə “dərhal” canlanması təsvir edilir. Bu vəziyyət, Allahın yaratmasındakı “Ol” əmrinin bir təcəllisidir və təkamül prosesinə yer qoymur. Eyni şəkildə, anadangəlmə korların gözlərini açması, cüzam xəstələrini sağaltması və ölüləri diriltməsi də Allahın izni ilə reallaşan ani və fövqəladə yaratma felləridir.
Hz. Məryəmin, ona bir bəşər toxunmadan necə övladı ola biləcəyini soruşduqda verilən, “Allah istədiyini yaradar. O, bir işin olmağına qərar verərsə, ona ancaq Ol! deyər, o da dərhal olar” cavabı da bu həqiqəti təsdiqləyir.
Bütün bu açıq-aşkar möcüzələrə baxmayaraq, inkarcılar Hz. İsaya qarşı bir hiylə qurdular. Lakin Ali İmran surəsinin 54-cü ayəsində bildirildiyi kimi, “Allah da (buna qarşılıq) bir tədbir gördü. Allah tədbir görənlərin ən xeyirlisidir.” Onlar Hz. İsanı çarmıxa çəkməyi planlaşdırarkən, Allah, ona xəyanət edən şəxsi (Yəhuda İskariotu) onlara Hz. İsa kimi göstərərək öz tələlərini öz başlarına keçirmişdir.
Hz. İsanın aqibəti isə Ali İmran surəsinin 55-ci ayəsində qəti şəkildə açıqlanır: “O zaman Allah belə buyurdu: Ey İsa, Mən sənin həyatına son verəcəyəm (mütəvəffikə), səni Özümə tərəf yüksəldəcəyəm…” Ayədə keçən “təvəffa” kəlməsi bioloji ölüm mənasını vermir; daha çox ruhun bədəndən tam ayrılmadığı bir növ yuxu halını ifadə edir, necə ki, Quran yuxunu da bir “təvəffa” olaraq təyin edir. Ardınca gələn “Səni Özümə tərəf yüksəldəcəyəm” ifadəsi isə, Hz. İsanın ruhu və bədəni ilə birlikdə, canlı olaraq Allah dərgahına qaldırıldığını göstərir. “Səni” əvəzliyi bu yüksəlişin bütöv olduğuna dair qəti bir dəlildir.
Bu prosesdə Hz. İsaya iman edənlər isə Həvarilər idi. Hz. İsa onlardan, “Allah yolunda mənə kim kömək edəcək?” deyə soruşduqda, onlar “Biz Xristian olduq” deyil, “Şahid ol ki, biz həqiqətən müsəlmanlarıq” deyərək cavab vermişlər. Bu, onların Allaha təslim olanlar mənasında müsəlman kimliyini mənimsədiklərini açıq şəkildə ortaya qoyur.
Nəhayət, bütün bu həqiqətlərə baxmayaraq Hz. İsanın ölümü və bir daha gəlməyəcəyi mövzusunda israr edənlərlə bağlı Allah, Peyğəmbərimizə belə bir çağırış etməsini əmr edir: “Gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq; sonra qarşılıqlı lənətləşək və Allahın lənətini yalan danışanların üzərinə edək.” Bu, yalan danışanlara qarşı ilahi bir meydan oxumadır və biz də deyirik ki, Allahın lənəti, bu barədə yalan danışanların üzərinə olsun.

