Şirk; Allah ilə yanaşı, Ondan başqa bəzi varlıqları da İlah qəbul etməkdir. (Allahı tənzih edirik). Bu tərifdən sonra, bəzi insanlar, əslində şirk etmələrinə baxmayaraq “biz Allahdan başqa heç bir ilah tanımırıq ki” deyə bilər. Bu, onların “şirk”in nə olduğunu anlamamış olduqlarından qaynaqlanır. Onsuz da, Allahın Quranda bildirdiyinə görə, Allaha ortaq qoşub şirk edənlərin bir hissəsi, bu vəziyyətini qəbul etmirlər.
O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!” – deyəcəyik. Sonra onların: “Rəbbimiz olan Allaha and olsun ki, biz şərik qoşan deyildik!” – deməkdən başqa bəhanələri qalmayacaqdır. (Ənam surəsi, 22-23)
Bu səbəblə, kimsə bu mövzuda özündən əmin olmamalı, şirk etməkdən Allaha sığınmalıdır. Çünki şirk, çox böyük günahdır. Allah digər günah və səhvləri bağışlayar, amma şirki əsla bağışlamayacağını Quranda belə bildirmişdir:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar. (Nisa surəsi, 48)
Bu qədər böyük bir “günah və böhtan” olan şirk, insanın, Allaha aid olan xüsusiyyətləri öz zehnində başqa varlıqlara verməsiylə başlayar. Halbuki, varlıqlarda olan xüsusiyyətlər (güc, gözəllik, zəka və s.) onlara “aid” deyil; Allah bunları onlara müvəqqəti və müəyyən bir müddət üçün vermişdir. Bu xüsusiyyətləri, bu varlıqlara “aid” saymaq, onları da Allah kimi varlığı özündən olan bir ilah saymaq deməkdir. Bu isə, bəhsi keçən varlıqları Allahın ortaqları sanıb, Allaha şərik qoşmaqla təyin olunar və çox böyük bir cəhalətdir. Allah, Zatının bir və tək olma xüsusiyyətini Quranda belə xəbər verir:
De: “O Allah təkdir! Allah heç bir şeyə möhtac deyildir.O nə doğmuş, nə də doğulmuşdur. Onun heç bir bənzəri və tayı-bərabəri yoxdur”. (İxlas surəsi, 1-4)
Ayələrdən də göründüyü kimi, Allah heç bir şeyə möhtac deyil, amma hər şey Ona möhtacdır. Və heç bir şey Onun tayı deyil.
I Bu həqiqət rədd edilib, bəzi varlıqların Allaha möhtac olmadığı düşünüldüyü anda isə “şirk” başlayır. O zaman, hər şeyin Allahın idarəsində olduğu unudular, Ona möhtac olmayan bəzi varlıqların mövcud olduğu və bunların Ondan müstəqil olaraq hərəkət edə bildiyi kimi həqiqətdən uzaq və azğın bir inanc doğular. Belə varlıqların olduğu zənn edildikdə, Allahdan başqa bir də onlardan kömək istənilməyə, onların razılığı axtarılmağa başlanar.
Halbuki, Allaha şirk qoşmayan möminlər, bütün gücün Onun əlində olduğunu bildiklərindən yalnız Ona yönələrlər. Allah möminlərin söylədiklərini Quranda belə xəbər vermişdir:
Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik. (Fatihə surəsi, 5)
Müşriklər isə əslində özlərinə köməyə güc yetirməyəcək varlıqlara yönəlirlər. Çünki öz ağıllarına görə ilah olaraq qəbul etdikləri də özləri kimi aciz qullardır. Ayələrdə Rəbbimiz belə buyurub:
Onlar heç nəyi yarada bilməyən və özləri də yaradılmış olan şeylərimi Allaha şərik qoşurlar? Halbuki (şərik qoşduqları) nə onlara, nə də özlərinə yardım edə bilərlər. Əgər onları doğru yola dəvət etsəniz, sizə uymazlar. Onları dəvət etsəniz də, sussanız da sizin üçün birdir. (Ey kafirlər!) Şübhəsiz ki, Allahı qoyub dua etdiyiniz kimsələr də sizin kimi bəndələrdir (məxluqlardır). Əgər haqlısınızsa, haydı, onları çağırın ki, sizə cavab versinlər! (Əraf surəsi, 191-194)
Şirk, fərqli şəkillərdə ortaya çıxar. Allahdan başqa varlıqları ilah olaraq qəbul etmə azğınlığına düşüldüyü üçün, onların razılığı axtarılmağa başlanar. Onlardan mədət ümid edilər və onların hökmləri qəbul edilər. Beləcə insan, özünü öz əli ilə milyonlarla xəyali ilahın əmri altına salmış olar. Eynilə özü kimi aciz varlıqlardan mədət umar. Halbuki, şirk qoşan insan özünə “zülm” edər. Allah bu həqiqəti bir Quran ayəsində belə xəbər vermişdir:
“… Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür.” (Loğman surəsi, 13)
Şübhəsiz ki, Allah insanlara əsla zülm etməz, ancaq insanlar özləri özlərinə zülm edərlər. (Yunis surəsi, 44)

