İslamda haqsız yerə bir cana qəsd etmək haramdır. Rəbbimiz Quran ayələrində bunu qəti hökm olaraq bildirmişdir:
…“Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar… (Maidə surəsi, 32)
Allah bir insanı öldürməyin bütün insanları öldürmək qədər ağır cinayət olduğunu xəbər vermişdir. Allahın bildirdiyi hədlərini qoruyan insanın nəinki minlərlə günahsız insanı qətl etmək, hətta tək bir insana belə zərər vermə ehtimalı yoxdur. Dünyada ədalətdən gizlənərək cəzadan xilas olacaqlarını düşünənlər öldükdən sonra axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Məhz bu səbəbdən öldükdən sonra Allaha hesab verəcəklərini bilən möminlər böyük diqqətlə Allahın hədlərini qorumağa davam edirlər.
Onlar Allahla yanaşı başqa bir ilaha dua etməz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları edərsə, cəzasını çəkər. (Furqan surəsi, 68)
Tək bir insanın belə günahsız yerə öldürülməsi bütün insanların ölümünə bərabərdirsə, şiddətə əl atıb öldürərək, qətl edərək müəyyən bir nizam yarada biləcəklərini iddia edənlərin nə qədər böyük bir cinayət törətdikləri göz önündədir. Allah şiddəti müdafiə edən bu zalım insanların axirətdəki qarşılığını belə bildirir:
Ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər cəzalandırılarlar. Onlar üçün acı bir əzab vardır. (Şura surəsi, 42)
İntihar edən insan, Allahın verdiyi cana qəsd etdiyinə görə və öldükdən sonra tövbə etmə şansı da olmadığına görə, Quran hökmünə görə bağışlanmaz günah etmiş sayılır və cəhənnəmə sürüklənir.
İman gətirən insan dünya həyatında maddi-mənəvi problemlərlə qarşılaşsa da, hamısını iman gözü ilə dəyərləndirərək rahat olur. Məsələn, bir anda bütün mal-mülkünü itirər, külli miqdarda borc altında qalar və bunları ödəmək üçün çıxış yolu olmaya bilər. Yaxud ölümcül xəstəliyə tutulub fiziki cəhətdən çox əziyyət çəkərək yaşamalı olar. Şikəst olar və yaşaması hər cəhətdən çox çətinləşə bilər. Sevdiyi insanlardan uzaq düşər və ya yaxınlarının xain davranışları ilə qarşılaşar. Bu cür hallar hər insanın başına gələ bilər. Ancaq bundan daha çətin, çıxılmaz vəziyyətlər də olsa, mömin üçün fərq etməz. Müsəlman bütün bunların Allahın nəzarəti altında yaradıldığını, onun üçün xeyirli, hikmətli olduğunu və Allaha təvəkkül edən insan üçün hər şeyin mütləq gözəl şəkildə nəticələnəcəyini bilir. Odur ki, kədərlənmək, üzülmək, ümidsizlik, stress, çarəsizlik kimi yanlış hallara yol verməz.

