Quran əxlaqından uzaq yaşayan insanlar bir çox mövzuda olduğu kimi sevgi mövzusunda da yanlış düşüncəyə malikdirlər. Onlar nə qədər öz aralarında sevgini və hörməti yaşadıqlarını düşünsələr də, əslində, bunlar yanlış təməllər əsasında qurulmuş əlaqələrdir.
“Şirk sevgisinə” ən gözəl nümunə qadın və kişi arasındakı sevgidir. Bəzi insanlar Allaha bəslənilməli sevgini və bağlılığı, heç bir şeyə gücü çatmayan aciz varlıqlara yönəldirlər. Bəzən bir insanı həyatının əsl məqsədinə çevirir, hər an hər yerdə onun adını xatırlayır, onu ucaldır və onun sevgisini qazanmağa çalışırlar. Səhər qalxdıqları andan etibarən, gün boyunca davamlı olaraq onu düşünərlər. Ya da o insanı düşünüb, səhərə qədər yuxusuz qalırlar. Allahın rizasını qazanmaq əvəzinə yalnız onu məmnun etməyi qarşısına məqsəd qoyur, hətta bəzən onu razı etmək üçün Allahın razılığına uyğun olmayan işlər edə bilirlər.
Onun üçün hər cür fədakarlığı edirlər, amma Allahın rizasını qazanmaq üçün heç bir səy göstərməzlər. Bu insanlar bir-birlərini “ilahlaşdıranlardır”. Necə ki, sevgini izah edən bəzi şeirlərdə, yazılarda, romantika üzərinə qurulan dialoqlarda bunu tez-tez görmək olur. Bu cür sevgi anlayışının təməli Allaha şirk qoşmaq üzərindədir. Allah bir ayəsində cahil inancı olan insanların yaşadığı bu şirk sevgisinə diqqət çəkmiş, Allaha qarşı həqiqi sevginin bundan çox üstün gücə sahib olduğunu və daha qüvvətli bağlılıqla yaşanacağını bildirmişdir:
…atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin!… (Bəqərə surəsi, 200)
Allah sevgisi bütün sevgilərin üzərindədir. Allah sevgisindən üstün tutulan, qəlbdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan bir sevgi insanın Allaha şərik qoşmasına səbəb olar ki, bu da insanı cəhənnəmə sürükləyə bilər. Ancaq insanların bəziləri belə bir təhlükənin fərqində belə deyillər.
Bir insanın başqa insanları sevməsi, onlara bağlı olması, ailəsini, yaxınlarını sevgi ilə qoruması, əlbəttə, çox gözəl əxlaqdır. Ancaq bu sevgi yalnız Allahın rizası üçün yaşandığı zaman insana dünyada və axirətdə xoşbəxtlik gətirir. Allahdan üstün tutulan sevgilər insana dünyada da, axirətdə də kədər və əzab gətirir. Allah dünyada bir-birlərini şərik qoşan insanların axirətdə cəhənnəm əzabından qurtula bilmək üçün bir-birlərini fidyə kimi vermək istədiklərini belə bildirir:
Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini! Və yer üzündə olanların hamısını – təki özünü qurtarsın!. (Məaric surəsi, 11-14)
O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Əbəsə surəsi, 34-37)
Bir çox insan qəbul etmək istəməsə də bəzi əsas mənfəət güdülür. Bəzi insanlar özlərinə müəyyən mənfəətləri qazana biləcəklərini zənn etdikləri bir insanla qarşılaşarkən hiss etdikləri həyəcanı “sevgi” kimi anlayırlar. Halbuki, qəlbində hiss etdikləri həyəcan bu insanın özünə deyil, onun sahib olduqlarına qarşı duyduqları “güclü həvəsdir”. Həmçinin bir çox insanın qarşısındakı insana olan sevgisi bu insanın sahib olduğu mülkə və sərvətin dərəcəsinə bağlı olaraq dəyişir. Zənginlik insan nəfsində həyəcan əmələ gətirdiyi üçün ən çox həyəcan ən zəngin olan adama qarşı hiss edilir. Ancaq bu hiss sevgi deyildir, sadəcə olaraq dünya malına qarşı duyulan bir həvəsdir. Zəngin adamın əxlaqi xüsusiyyətləri bu düşüncəyə malik olan insanlar üçün heç bir əhəmiyyət kəsb etmir. Buna görə əsəbi, kobud, eqoist, ağılsız, mərhəmətsiz, qeyri-səmimi, düşüncəsiz olsa belə, yalnız zəngin və ya şöhrətli olması bu insana maraq göstərmək üçün kifayət edir.
Bəziləri isə onları əyləndirən insanlarla birlikdə olmaq istəyirlər və “mənimlə dost olan adam məni güldürməlidir” deyərlər. Buna görə bu yaxınlıq da sevgi ilə bağlı deyildir, yalnız şəxsi mənfəət güdməkdən ibarətdir. İnsanın nəfsini rahat etmək üçün onu güldürəcək birisi ilə birlikdə olmaqdan zövq alması, sevmək demək deyil. Ancaq bir çox insan mənfəət əldə etməkdən duyduğu bu rahatlığı sevgi ilə qarışdırır və bu insanı çox sevdiyini iddia edir.
Bəzi insanlar da gözəl insanlarla birlikdə görünməyin onlara etibar qazandıracağına inanırlar. Buna görə də dost olmaq üçün gözəl insanları seçirlər, əsas meyarları isə qarşılarındakı şəxsin boyu, gözünün və saçının rəngi, burun quruluşu kimi fiziki xüsusiyyətlərinə uyğun olur. Gözəllik olduqdan sonra o insan üçün bu şəxsin ağlının, vicdanının və ya insani xüsusiyyətlərinin heç bir əhəmiyyəti yoxdur. Ancaq bu mahiyyəti başa düşməməsi qarşısındakı insana bəslədiyi duyğunu sözdə sevgiyə bağlayır. Halbuki, bu sevgi həmin şəxslər üçün “bu insanın gözəlliyinin mənə qazandırdığı etibarı sevirəm” mənasını daşıyır. Gözəllik getdiyi zaman qalan ruh isə bu insana görə heç bir əhəmiyyət daşımır. Qarşısındakı insan gözəl olduğu üçün onun mərhəmətsizliyini, diqqətsizliyini, düşüncəsizliyini və ya insanlara qarşı istehza ilə yanaşmasını görməzliyə vurur.
Bəzi insanların ən mühüm saydıqları mənfəətlərdən biri isə öz ifadələri ilə desək, “həyat təminatı” əldə etməkdir. Bir çox insanın gələcəyinə təminat verə bilməmək, tənha yaşamaq məcburiyyətində qalmaq, iqtisadi cəhətdən möhtac vəziyyətə düşmək, xəstələnəndə ona baxacaq bir adamı tapa bilməmək kimi narahatlıqları vardır. Bəziləri bu narahatlıqları aradan qaldırmağın ən rahat yolu kimi evlənməyi görürlər. Buna görə də, bu xüsusiyyətlərə malik olduğunu düşündükləri adama bağlanır və onu heç itirmək istəmirlər. “Gələcək qorxusu” üzərində qurulan ailələrinin isə çox zaman “həqiqi sevgini” yaşadıqlarını zənn edirlər.
Həyatı boyu bu insanlarda xoşlamadıqları bir çox xarakterə sadəcə bu narahatlığına görə dözmək məcburiyyətində qalırlar. Qonşuları və ya dostları ilə dərdləşərək, düşdükləri vəziyyətdən şikayətlənirlər, amma soruşanda, yalnız şəxsi mənfəətinə görə bağlandıqları həyat yoldaşını çox sevdiklərini deyirlər. Lakin Quran əxlaqına uyğun olaraq yaşanan həqiqi sevgidə heç bir şəkildə əvəz gözlənilmir. İnsan qarşısındakı insanı heç bir şəxsi mənfəət gözləmədən, o adamda Allahın təzahürlərini gördüyü üçün böyük bir fədakarlıq və həvəslə sevər. Onun arxasınca heç bir zaman pis sözlər danışmaz. Səmimi sevgiyə görə ancaq onu tərifləyən, qoruyan söhbətlər edər. Ona heç bir zaman məcburi dözmək hissini yaşamaz, acizlikləri və ya çatışmazlıqları ilə qarşılaşsa belə, ona qarşı şəfqətli və mərhəmətli olar, çatışmazlıqlarını sakit, hiss etdirmədən örtməyə çalışar, hər an onu rahatlaşdırmaq istəyər, hər istədiyini zövqlə və həvəslə yerinə yetirər. Səmimi sevgisini, dostluğunu və yaxınlığını ən gözəl şəkildə ifadə edər.
Quran əxlaqına əsaslanmayan sevgilər qısa müddət ərzində bitir. Məsələn, tərəflərdən biri qarşısındakı insandan umduğu mənfəəti əldə edə bilməyəcəyini gördükdə əvvəllər hiss etdiyi həyəcan dərhal bezginliyə çevrilir. Eynilə, bir acizliyini gördükdə və ya bir xəstəliyinə şahid olduqda o şəxs artıq onun üçün dözülməli olan bir insana çevrilir. Xüsusilə, bu şəxsin görünüşündə bir dəyişiklik olarsa, məsələn, qəza nəticəsində üzündə izlər qalarsa və ya şikəst olarsa, bu, o insan üçün sevginin sonu deməkdir.
Həyat yoldaşı çox gözəl və ya zəngin olsa belə, onun xəstəlik vaxtı acizliyini gördüyü üçün aralarında olan sevginin bitdiyini deyən və buna görə də bir-birindən ayrılan bir çox ailə vardır. Eyni şəkildə, zəngin və varlı vaxtlarında çox yaxşı yola getdiklərini düşünən bəzi insanlar mal-dövlətini itirmələri ilə birlikdə bir-birlərinə göstərdikləri sevgi və yaxınlığın da bir anda sona çatdığını görürlər.
Halbuki, həqiqi sevgi gün keçdikcə artar, heç vaxt azalmaz. Qarşısındakı insanın əxlaqına görə dəyər verən bir insan bu əxlaqın incəliklərini gördükcə ona olan sevgisi daha da artar. Bu insanın qəza nəticəsində şikəst qalması, bütün sərvətini itirməsi, bədəni yara alması və ya buna bənzər bir çətinliyə düşməsi sevgiyə heç bir şəkildə təsir etməz. Hətta bu çətinliklər qarşı tərəfin təvazökarlığını, kamilliyini artıra biləcəyi və o insanı daha gözəl əxlaqlı bir insan edəcəyi üçün sevgisi daha da güclənə bilər. Bu cür hadisələr yalnızca Quran əxlaqına itaət edilərsə, sevgiyə təsir etməz. Bir insanın Allahdan qorxub çəkinməsi, hər an Onun rizasını axtarması və Quran əxlaqını ən gözəl şəkildə yaşaması sevgi yaradan əsl səbəblərdir. Buna görə də Quran əxlaqını yaşayan insanlar arasındakı sevgiyə bu cür hadisələr heç bir şəkildə mənfi təsir göstərməz, hətta daha da güclənərək artar.

