Quranda bildirilir ki, edilən bütün ibadətlər yalnız Allah rizası üçün və səmimi qəlbdən edilməlidir. Ayələrdə belə buyurulur:
…Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz! (Bəqərə surəsi, 184)
Namazlara və orta namaza davam edin! Allaha itaətkar bir şəkildə (namaza) durun! (Bəqərə surəsi, 238)
Həqiqətən, İbrahim Allaha itaət edən və haqqa yönələn bir öndər idi. O, müşriklərdən də deyildi. (Nəhl surəsi, 120)
Allah Quranda bildirir ki, bəziləri sədəqə verir, namaz qılır, lakin bunları yalnız insanların görməsi üçün edirlər. Halbuki ayələrdə xəbər verildiyi kimi, bir insanın ibadətlərinin qəbul olunması onun niyyətinə, qəlbindən keçən düşüncələrə bağlıdır.
Məsələn, bir insan namaz qılır, oruc tutur, sədəqə verir, amma bu ibadətləri edərkən Allahı düşünmürsə, Onun qarşısında necə aciz və möhtac olduğunu anlamırsa, ibadətlərini sadəcə dildə dua və təsbihlərlə yerinə yetirirsə, bu ibadətlər Allah dərgahında qəbul olunmaya bilər.
Eyni şəkildə, bir insan həmişə xeyriyyə işləri görə bilər, yoxsullara yardım edə bilər. Amma əgər bu insan bütün bunları Allahın razılığını qazanmaq, Ona təslim olmaq, axirətdən qorxmaq niyyəti ilə etmirsə, etdikləri Allah qatında savab sayılmaya bilər.
Allah buyurur ki, kəsilən qurbanların nə əti, nə də qanı Ona çatmaz, yalnız səmimi təqva çatır:
Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır. Beləcə, onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver! (Həcc surəsi, 37)
İnsanların ən böyük səhvindən biri odur ki, yalnız əməlləri ilə sorğuya çəkiləcəklərini zənn edirlər. Halbuki Allah insanın niyyətindən, düşüncələrindən, qəlbində gizlətdiklərindən də onu sorğuya çəkəcəyini Quranda bildirir:
Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah ona görə sizi hesaba çəkər. O, dilədiyi kimsəni bağışlayar, dilədiyi kimsəyə də əzab verər. Allah hər şeyə qadirdir. (Bəqərə surəsi, 284)
Allah hər bir insanın qəlbini, düşüncələrini, şüuraltını və başqalarından gizlətdiklərini ən yaxşı biləndir. Allah insanla onun qəlbi arasındadır. Buna görə də insan heç nəyi Allahdan gizlədə bilməz. Ağlından keçən bir şübhə, vəsvəsə, möminlər haqqındakı gizli fikirlər, Quran və ibadətlərə dair səmimiyyəti Allah tam şəkildə bilməkdədir.
Məsələn, bir insan ibadəti könülsüz edirsə, içindən mənfi düşüncələr keçirirsə, Allah bunu da bilir. Və insan bunların hamısını axirət günü qarşısında tapacaq. İnsanın qurtuluş yollarından biri də qəlbinin təmiz olması, dini səthi yox, qəlbi və düşüncələri ilə səmimi şəkildə yaşamasıdır. Qısa və ötəri bir dünya həyatı üçün sonsuz axirət həyatını unudub bir kənara atmaq böyük ağılsızlıqdır.
Allah dünya həyatının keçiciliyi barədə insanları bu ayələrlə xəbərdar edir:
Ey qövmüm! Bu dünya həyatı yalnız müvəqqəti bir dolanacaqdan ibarətdir. Axirət isə əbədiyyət yurdudur. (Mömin surəsi, 39)
Həqiqətən, bunlar tez keçib gedəni (dünyanı) sevirlər, ağır bir günü (axirəti) isə ehmal edirlər. (İnsan surəsi, 27)

