Bir insanın Allahdan razı olması, Allahın onun üçün müəyyən etdiyi taleyə və ona verdiklərinə heç bir qeyd-şərt qoymadan, qəlbində heç bir narahatlıq hiss etmədən razı qalması deməkdir. İnsan qarşılaşdığı hər hansı bir hadisədəki xeyri və gözəlliyi həmin an görə bilməyə bilər. Ancaq bu xeyri görsün və ya görməsin, Allahın hər hadisədə mütləq xeyir və gözəllik dilədiyini bilər. Qarşılaşdığı hər bir hadisədə Allaha sonsuz etibar edər. Heç vaxt öz-özünə: “Bu hadisə mənə xeyir gətirəcək, yoxsa zərər?” – deyə şübhəyə düşüb tərəddüd etməz. Həmişə Allaha güvənər və xeyirlə qarşılaşacağını bilərək düşünər.
Başına ölümcül bir xəstəlik gələ bilər, qəza keçirib əlil qala bilər, bütün mal-mülkünü itirib yoxsul vəziyyətə düşə bilər, insanlar tərəfindən haqsızlığa məruz qala bilər və ya heç gözləmədiyi tamamilə başqa bir hadisə ilə qarşılaşa bilər. Nə olursa-olsun, bütün bunların Allahın nəzarəti altında baş verdiyini bildiyi üçün qəlbi rahatdır. Allahın ağlına və mərhəmətinə tam şəkildə təslim olmuşdur. Hansı şəraitdə olursa-olsun, Allaha şükür edər. Məhz bu, Allahdan razı olan bir insanın davranışıdır. Allah Özündən razı olan qullarını Quranda belə xəbər verir:
Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur. (Maidə surəsi, 119)
… Onlar, elə kəslərdir ki, Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)

