İnsanlar yuxudadır, öldükləri vaxt ayılırlar

Bu yazını oxuyan insanlar da daxil olmaqla bir çox insan həyatı boyu böyük yanılma içində

Bu yazını oxuyan insanlar da daxil olmaqla bir çox insan həyatı boyu böyük yanılma içində yaşayır. Bu yanılma isə əslində çox yaxşı bildikləri, ancaq düşünmədikləri üçün görə bilmədikləri bir həqiqətlə əlaqədardır. Bu həqiqət isə: Hər insan bütün həyatını əslində çox kiçik bir məkanda, yəni beynin içində tək başına yaşayır. Bu, elmin də göstərdiyi qəti həqiqətdir.

Məsələn, siz indi bu yazını oxuyursunuz və ekrandan 20-30 sm. aralı olduğunuzu sanırsınız. Oturduğunuz otaqdakı televizorun isə sizdən 2 metr irəlidə olduğunu düşünürsünüz. Pəncərədən gördüyünüz dəniz mənzərəsinin isə sizdən bir neçə kilometr uzaqda olduğunu zənn edirsiniz. Eyvandan gördüyünüz ulduzların isə sizdən milyardlarla kilometr uzaqlıqda olduğunu hesab edirsiniz. Bunun nəticəsində isə özünüzü sonsuz böyüklükdə kainatda yaşayan, ətrafı insanlarla dolu biri hesab edirsiniz. Burada siz də insanların böyük hissəsi kimi yanılırsınız. Çünki burada saydıqlarımızın hamısı – telefonunuz, kompüteriniz, televizorunuz, pəncərədən baxdıqda gördüyünüz mənzərə və ulduzlar, dostlarınız, yaxınlarınız, əslində sizin xaricinizdə, önünüzdə və ya sizdən uzaqda deyillər, hamısı sizin “içinizdə”dir.

Bu görüntülərin hər biri beyninizin arxa hissəsindəki görmə mərkəzində yaranan görüntülərdir. Siz indi beyninizin arxasındakı kiçik bir nahiyədə yaranan bu yazının görüntüsünü görürsünüz. Başqa sözlə, indi bu yazını oxuyan sizin gözləriniz deyil, çünki bu yazı gözünüzün qarşısında deyil, beyninizin arxasında bir yerdədir. Ancaq siz həyatınız boyu gözlərinizin bunları gördüyünü, bütün gördüklərinizin gözünüzün qarşısında, sizin xaricinizdəki varlıqlar olduğunu zənn edərək yanıldınız.

Orta məktəbdəki bəzi məlumatları təkrarlasanız, bu söylədiklərimizin əslində sizin də bildiyiniz elmi həqiqətlər olduğunu, yalnız sizə bu şəkildə izah edilmədiyi üçün bu həqiqəti heç düşünmədiyinizi anlayacaqsınız.

Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz yalnız “görmə prosesinin” reallaşması üçün beyinə mesaj çatdıran kabel vəzifəsini yerinə yetirirlər.

Bir cisimdən gələn işıq retinadan keçir və gözün arxa tərəfindəki tor qişanın üzərində başıaşağı və iki ölçülü bir görüntü yaranır. Tor qişadakı hüceyrələr bəzi kimyəvi əməliyyatlardan sonra bu görüntünü elektrik axınına çevirir. Bu elektrik axınları göz sinirləri vasitəsilə beyinin arxa hissəsində mövcud olan görmə mərkəzinə aparılır. Beyin isə bu gələn siqnalı mənalı və üç ölçülü görüntülər halına gətirir.

Burada çox səthi olaraq izah etdiyim görmə prosesi həqiqətən son dərəcə fövqəladə bir əməliyyatdır. İşıq dəstələri bir anda və qüsursuz şəkildə elektrik siqnallarına çevrilir və sonra bu elektrik siqnalları üç ölçülü, rəngarəng, parlaq bir dünya olaraq bizə görünür.

Nəticədə siz həyatınız boyu gördüyünüz hər şeyi beyninizin içində görürsünüz. “Kənarda”, yəni sizin bədəninizin xaricində, sizdən uzaqda olduğunu sandığınız hər şey – çiçəklər, dəniz, gəmilər, təyyarələr, ulduzlar, günəş, ay, ailəniz, dostlarınız, eviniz, avtomobiliniz, iş yeriniz, dağlar, quşlar, qısaca desək, hər şey əslində sizin içinizdədir. Siz bu günə qədər beyninizin xaricində olan heç bir obyekti görmədiniz, gördüyünüz hər şey beyninizin içində idi.

Eşitdiyiniz səslər, toxunduğunuz cisimlər, iylədiyiniz qoxular və daddığınız yeməklər üçün də eyni həqiqət mövcuddur. Bir cismə toxunduğunuzda heç bir zaman o cismin əslinə toxuna bilməzsiniz.

Toxunduğunuz beyninizdəki cisimdir. Toxunma hissi əlinizdə deyil, beyninizdə meydana gəlir. Buna görə də məsələn, siz indi ekrana toxunduğunuzda, əslində beyninizin içindəki ekranı hiss edirsiniz. Masanızın bərkliyi, ipək bir parçanın əlinizdə meydana gətirdiyi hiss, metalın soyuqluğu kimi toxunmağa aid bütün hisslər beyninizdə meydana gəlir. Yəni siz bu günə qədər həmişə beyninizin içindəki kiçik bir yerdə yaşadınız. Beyninizin xaricində nə olduğunu, oradakı aləmi isə əsla görə bilmədiniz.

Beyninizin xaricində maddə olaraq adlandırılan görüntüdən ibarət olan və möhkəmlik hissi verilən bir aləm vardır. Ancaq siz bu aləmə əsla duyğu orqanlarınız vasitəsi ilə çata bilməzsiniz. Hər insan beynində yaranan aləmi seyr edir, beynində yaranan aləmə toxunur, beynindəki aləmin səsini dinləyir.

Allah yaratdığı maddə aləmini hər insana beynində bir görüntü olaraq seyr etdirir və bu görüntüyə möhkəmlik verərək görüntünü həqiqət kimi qəbul etdirir. XX əsrdə elmi kəşflərlə sübut edilən bu həqiqət əsrlər əvvəl yaşamış böyük İslam alimi İmam Rəbbani tərəfindən ətraflı şəkildə açıqlanıb. İmam Rəbbani məktublarının birində belə izah edir:

“Xaricdə və həqiqətdə Allahdan başqa mövcudat yoxdur. Allah qüdrəti ilə öz adlarının və sifətlərinin kamalını mümkinat surətlərinin pərdəsində göstərmiş, yəni əşyanı, öz kəmalatına uyğun olaraq, hiss və vəhm mərtəbəsində icad etmiş, var etmişdir. Beləliklə, əşya vəhmdə görünməkdə, xəyalda davam etməkdədir. O halda əşya xəyalda göründüyü üçün vardır. Lakin Allah bu görüntüyə daimilik verdiyi, yox olmaqdan qoruduğu əşyanın quruluşuna möhkəmlik verdiyi və əbədi rəftarı da bunlara bağlı etdiyi üçün vəhmdəki varlıq və xəyaldakı daimilik də, həqiqi varlıq olmuşdur.” (İmam Rəbbani, 2-ci cild, 44-cü məktub)

Burada izah edilənlər hər insanın üzərində ciddi düşünəcəyi çox əhəmiyyətli həqiqətdir. Çünki bu həqiqəti görmək istəməyən hər insan ömrü boyu kiçik bir nöqtədə yaranan görüntünü həqiqi zənn edərək yanılır. Məsələn, beynindəki kiçik bir nöqtədə yaranan görüntünün sahibi olduğunu zənn edən bir adam bu görüntüyə görə qürurlanır, bir gün öləcəyini unudaraq özünün sonsuz güclü olduğunu zənn edir. Və ya beynindəki bir nöqtədə yaranan kasıb həyat görüntüsü başqa bir insanın əzik, bədbəxt və ümidsiz yaşamasına səbəb olur.

Beyninin içindəki kiçik bir yerdə yaranan pul görüntüsünü itirən insan dərhal pərişan olur. Beyninin içindəki avtomobil görüntüsünün silindiyini görən bir başqası isə hiddətlənir, mal ehtirasına görə böyük əsəb keçirir. Halbuki bu insanların hər biri yuxusunda varlı və ya kasıb olan və ya yuxusunda avtomobili yox olan bir insandan fərqli bir vəziyyətdə deyillər. Silinən avtomobil beynimizin içində yaranan bir avtomobil görüntüsüdür. Bu avtomobilin əslini, xaricdəki halını heç kim, heç bir zaman görə bilməz. Bunu ancaq beynimizdəki və xaricindəki aləmi yaradan Uca Allah bilir.

Budur, bu həqiqətin fərqinə varmayan və ya çox aydın olmasına baxmayaraq, bu həqiqəti qəbul etmək istəməyən insanlar həyatı boyu həmişə yanılma içində, həqiqətləri görməməzlikdən gələrək yaşayırlar. Bu insanların vəziyyətini bir kinofilmi və ya teatr oyununu həqiqi hesab edərək bu filmin və ya oyunun içində yaşamaq istəyən bir insanın vəziyyəti kimi düşünmək olar. Ətrafındakılar bu insanı nə qədər razı salmağa və ona həqiqətləri göstərməyə çalışsalar da, bu insan bunu anlamır.

Ancaq hər insanın heç bir istisna olmadan bu həqiqəti anlayacağı, qavrayacağı və qəbul edəcəyi bir an vardır. Bu an hər insana ölümlə birlikdə gələcəkdir. Ölümlə birlikdə insanın beynində seyr etdiyi dünya həyatına aid görüntü dəyişəcək, bunun yerinə ölüm anının, hesab gününün və axirətin görüntüsü gələcəkdir. Allahın Quranda bildirdiyi kimi, ölümlə birlikdə insan yuxudan oyanacaq, yuxusundan həqiqi dünyaya keçdiyi kimi, əsl və sonsuz həyatına keçəcək, bu həyatında görüntü daha dəqiq və həqiqi olacaq. Eynilə yuxusundakı bulanıq görüntüdən oyanıb daha dəqiq olan dünya həyatına keçən insan kimi. Ayələrdə bütün aləmlərin Rəbbi olan Allah bu həqiqəti belə bildirir:

Onlar belə deyəcəklər: “Vay halımıza! Yatdığımız yerdən bizi kim oyatdı? Bu, Rəhman olan Allahın vəd etdiyidir. Elçilərdə də doğru deyirlərmiş”. (Yasin surəsi, 52)

Həqiqətən, sən bundan qafil idin. İndi səndən pərdəni götürdük. Bu gün gözün çox yaxşı görür. (Qaf surəsi, 22)

Hər sözü etibarlı olan, elm və hikmət timsalı Peyğəmbərimiz də bir hədisində “insanlar yuxudadır, öldükləri vaxt ayılırlar” buyuraraq bu həqiqətə diqqət çəkmişdir.

Əsl həyat ölümdən sonrakı həyatdır. Dünya həyatı isə eynilə bir yuxu kimi insana beynindəki kiçik bir nöqtədə izlətdirilən bir görüntü aləmidir. Bir insanın bu görüntüyə aldanıb sonsuz həyatını unutması, düşünməməsi isə böyük bir qəflət və yanılmadır. Bu həqiqəti dünyada görməyənlər axirətdə çox peşman olacaqlar.

Həyatı boyu aludə olduqları, həqiqi zənn edərək arxasınca qaçdıqları, Allahı və axirəti unudaraq şirk qoşduqları insanların, malların, mövqelərin əslində bir xəyal olduğunu, beyinlərindəki görüntülər olduğunu anlayanlar bu peşmanlıqlarını dilə gətirəcəklər. Əsla yox olmayacağını zənn etdikləri şeylərin bir-bir bir görüntü kimi itdiyini gördüklərində çox böyük peşmançılıq keçirəcəklər. Allah bu insanların axirətdəki etirafını Quranda belə bildirir:

Sonra da onlara belə deyiləcək: “Haradadır şərik qoşduqlarınız – Allahdan başqa?!” Müşriklər: “Onlar bizdən uzaqlaşıb yoxa çıxdılar. Əslində, biz daha əvvəl heç bir şeyə dua etmirdik”, – deyəcəklər. Allah inkar edənləri belə azdırar. (Mömin surəsi, 73-74)

Yalandan Allaha iftira yaxan, yaxud Onun ayələrini yalan sayan kimsədən daha zalım kim ola bilər?! Kitabdakı qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (mələklər) canlarını almaq üçün gəlib: “Allahdan savayı yalvardıqlarınız haradadır?” – deyəcəklər. Onlar da: “Bizdən uzaqlaşıb yoxa çıxdılar!” – deyəcək və inkar edən olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər. (Əraf surəsi, 37)

Dünyada bu həqiqətləri görməyən, düşünməyən hər insan axirətdə eyni sözləri deyəcək, eyni peşmançılığı keçirəcək. Allahın bir yuxu kimi göstərdiyi dünya həyatına aludə olanlar, ölümü həqiqi və həyatının sonu zənn edənlər ölümlə birlikdə içində olduqları bu qəflət yuxusundan oyanıb, yuxularından ayılacaqlar və o zaman əsl həqiqəti görəcəklər. Ağıllı və vicdanlı olan hər kəs, səmimi və diqqətli düşünən hər insan isə hələ dünyada ikən həqiqətləri görərək axirət həyatı üçün ciddi şəkildə çalışacaqdır.