İnsanlar hansı yalanlarla özlərini aldadırlar?

Şeytan insanları müxtəlif bəhanə, təlqin və hiyləgər dəvətlərlə öz yoluna çəkməyə çalışır

Şeytan insanları müxtəlif bəhanə, təlqin və hiyləgər dəvətlərlə öz yoluna çəkməyə çalışır. İnsanlara yaradılış məqsədini unutduraraq onları dünyəvi mənfəətlərə, müvəqqəti ideallara yönəldir. Əgər insan şeytanın bu çağırışına aldansa və hər şeyi yaradan Rəbbimizin çağırışından üz çevirsə, o zaman doğrunu görə bilməsi mümkün olmaz. Allah Quranda belə insanların vəziyyətini xəbər vermişdir. “Zuxruf” surəsində mövzu ilə əlaqədar ayələrdə belə buyurulur:

Kim Rəhman olan Allahın zikrindən (Qurandan) üz çevirərsə, Biz ona bir şeytanı mübtəla edərik. O da onun ayrılmaz dostu olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan çıxardarlar. Onlar isə özlərinin doğru yolda olduqlarını zənn edərlər. Nəhayət, o, Bizim hüzurumuza gəldiyi zaman (şeytan ona): “Kaş mən səndən şərq ilə qərb arası qədər uzaqda olaydım. Sən nə pis dostsan!” – deyər. Haqsızlıq etdiyinizə görə bu gün peşmançılığınız sizə heç bir fayda verməyəcəkdir. Çünki siz əzabda ortaqsınız. (Ey Peyğəmbər! Haqqı) karlara sənmi eşitdirəcəksən, yaxud kor olanları və açıq-aşkar zəlalətdə olanları sənmi doğru yola yönəldəcəksən?! (Zuxruf surəsi, 36-40)

Yuxarıdakı ayələrdə göründüyü kimi, Allah bu insanları kar və kor olaraq xarakterizə etmişdir. Şübhəsiz, burada bəhs edilən fiziki mənada karlıq və korluq deyil. Allah bu insanların mənəvi baxımdan kor və kar olduqlarını, doğru yola edilən dəvəti eşitməyib, həqiqətləri görməzdən gəldiklərini bildirmişdir. Qısaca, bu insanlar ağıl və vicdanına tabe olmayaraq Allahın əmrlərini və hesab gününü diqqətə almır və bu şəkildə xilas ola biləcəklərini zənn edirlər. Halbuki, bu insanlar yalnız özlərini aldadırlar.

Bunu xüsusilə ifadə etməliyik: Özlərini aldadan insanlar dünyada azlıq təşkil etmir. Quranda bildirildiyi kimi: “…Lakin onların çoxu əsl həqiqəti bilmir və üz çevirərlər.” (Ənbiya surəsi, 24) və yenə başqa ayədə deyilir: “…Lakin insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.” (Rum surəsi, 8).

Burada bəhs edilən şəxslərdən olmamaq üçün hər kəs bir daha düşünməli və özünü aldatmamaq üçün səy göstərməlidir. Çünki dünyada olarkən doğrulara göz yumub özünü aldatmaq, axirətdə insana fayda deyil, böyük zərər verər.

İnsanın həyatı boyu yaşadığı hər anı filmin kadrlarına bənzətsək, bir həyatın trilyonlarla kadrdan meydana gəldiyini düşünə bilərik. Bu trilyonlarla kadrdan hər biri insan üçün verilmiş fürsət deməkdir. İnsanın həyatındakı hər an həqiqətləri düşünməsi, doğruları görə bilməsi üçün hesab günündən əvvəl ona verilmiş nemətdir. Bu neməti xeyirə istifadə edənlər, düşünərək dünya həyatının əsl mahiyyətini qavraya bilən insanlardır. Düşünməyənlər və həyatını qəflət içində davam etdirənlər isə bu fürsəti qiymətləndirə bilməzlər.

Şübhəsiz, düşünmək anlayışından hər kəs fərqli məna çıxara bilər. Bəzilərinin düşünməkdən anladığı isə gələcəyi düşünməkdir. Gələcəyə dair planlar qurmaq, sərmayə qoymaq, onlar üçün düşünməyin göstəricisidir… Bəziləri isə düşünməyi keçmişin hesabatını aparmaq kimi görür. Dayanmadan keçmişdə etdiklərini, qazandıqlarını və ya itirdiklərini düşünür. Bəziləri isə yalnız bu günü düşünməyin, sabahı heç düşünməməyin faydalı olduğuna inanır. Bu, onun dünyagörüşüdür.

Gündəlik yaşayır; müəyyən bir məqsədi və izlədiyi yolu da yoxdur. Səhər qalxdıqda naharda nə yeyəcəyini düşünür, işə gedərkən hansı vasitəyə minəcəyini, günorta yeməyinə kimlərlə gedəcəyini, axşam gələcək qonağa nə yemək bişirəcəyini, hansı şirkətin səhmlərini almasının qazanclı olacağını, ertəsi gün futbol matçına bilet tapıb-tapa bilməyəcəyini, məktəbdəki əyləncəyə kiminlə gedəcəyini düşünür… Qısaca, insanların çoxunun zehni davamlı gündəlik, sadə və səthi düşüncələrlə doludur.

Budur, yer üzündəki yüz milyonlarla insan bu və buna bənzər düşüncələrlə ömrünü keçirir. Və görünən odur ki, insanlar belə mövzuların xaricindəki dərin mövzular üzərində düşünməyə çox yanaşmırlar. Ancaq burada düşünmək deməklə nəzərdə tutulan insanın həyatının məqsədini, ətrafındakı yaradılış dəlillərini, Allahın kainatda təcəlli edən möhtəşəm sənətini, ölümü, axirəti, hesab gününü düşünməsidir. Budur, insanların əksəriyyətinin nöqsan cəhəti də budur.

Düşünün! İllərlə təhsil alıb bioloq, mühəndis, həkim, professor olur, amma həyatında bir dəfə belə heç yox ikən necə var olduğunu, bunun da mütləq bir məqsədlə olduğunu düşünməzlər. Tezis hazırlayar, elmi iş müdafiə edər, assistent olar, müəllim olar, insanlara şəfa verən həkim və ya vəkil olarlar, amma nə üçün və necə yaradıldıqlarını, yaradılışını Allaha borclu olduqlarını heç düşünməzlər. Kitablar yazar, televiziyada çıxış gedər, hər mövzuda düşünüb fikir bildirər, amma bir dəfə olsun ölümü və ondan sonra Allaha verəcəkləri hesabı ağıllarına gətirməzlər. Budur, belə insanlar böyük ziyan içindədirlər. Çünki hər insan tez və ya gec ölümlə qarşılaşacaq və Allaha olan qulluğundan sorğuya çəkiləcək. “Düşünməmək” heç kimə bir fayda verməyəcəkdir.

Hər insan Allahın varlığını, yaradılış məqsədini, necə qulluq etməsini düşünüb anlaya biləcək şüur və vicdana malikdir. Necə ki, özləri üçün ən vacib mövzuları düşünməyən bu insanlar özlərinə sərfəli olan mövzunu çox yaxşı düşünə bilirlər. Məsələn, gəlir gətirən bir işdən söhbət gedirsə, pullarını necə qiymətləndirəcəklərini çox yaxşı bilirlər, bu haqda hər mərhələni düşünürlər. İşlərində çox çətin problemlərin öhdəsindən gələ bilir, hər detal üçün ayrı tədbir görürlər. Sahib olmaq istədikləri bir şey olduğunda bunun üçün çoxlu planlar qurub, bunları mərhələli şəkildə tətbiq edirlər. Qısaca, insanlar dünyaya aid mənfəətləri olan mövzuları çox yaxşı düşünürlər.

Buna görə də axirətdə “düşünə bilmədim”, “ağlıma gəlmədi” kimi bəhanələr, Allahın diləməsi xaricində, qəbul edilməyəcək.

Hər yeni doğan insan Allahın yaratdığı dünyaya addımını atır. Dünyada gözünü hara çevirirsə çevirsin, möhtəşəm yaradılış, qüsursuz dizayn və ən incə detalına qədər planlı sistemlərlə qarşılaşır. Gördükləri barədə düşünən insan bütün bunların yaradıldığını rahat qavraya bilər. Amma gündəlik həyatın və dünyəvi həvəslərin içində boğulmuş insan bu gördüklərinə təsadüf deyib keçir. Halbuki, bu insana sadə bir rəsm əsəri göstərsəniz və: “Bu, təsadüfən öz-özünə çəkilmiş ola bilərmi?” – desəniz: “Əlbəttə, xeyr, bunu çəkən bir sənətçi mütləq vardır”, – deyər. Amma eyni insan ətrafındakı fövqəladə sənəti kimin və niyə yaratdığını düşünməkdən qaçır.

Eyni şəkildə, insanlar dünyadakı həyatın keçici olduğunu və əsl həyatın ölümün ardından başlayan axirətdə olduğunu da düşünməkdən qaçırlar. Hər gün bir çox insanın ölümünə şahid olurlar, amma öz ölümünü ağlına gətirmirlər. Heç ölməyəcəkmiş kimi dünyaya aid çoxlu planlar qurarkən ölümdən sonrası üçün hazırlıq görmürlər.

Bu insanlar özlərini bilə-bilə zərərə salırlar. Çünki insanın yaradılış məqsədini, Allahın bütün kainatda təcəlli edən sənətini, ölümü, axirəti, hesab gününü düşünməsi çox asandır. İnsanların zənn etdiyi kimi, bütün bu saydıqlarımızı düşünmək qarışıq və ya çətin iş deyil. Bunun üçün uzun araşdırmalar aparmağa, ali təhsil almağa, qəliz məlumatlar öyrənməyə də ehtiyac yoxdur.

Ancaq insan həqiqətlər üzərində dərin düşünüb qəflətə qapılmamaq üçün mütləq səy göstərməlidir. Unutmaq olmaz ki, hər insanın şeytan kimi bir düşməni vardır. Şeytan insanların düşünmələrini və beləliklə, həqiqətləri dərk edib Allaha yönəlmələrini istəmədiyi üçün mütləq buna mane olmaq istər. Bunun üçün insana hiyləgərliklə təlqinlər etməyə başlayar. Bu mövzuda insanların ən çox təsirləndikləri təlqinlərdən biri olan “düşünməmək”, məsuliyyətlərdən azad olacaqları yalanı gəlir. Bu təlqinə qulaq asan insanlardan soruşduqda: “Ağlıma gəlmədi, bilmirdim, heç kim mənə demədi”, – deyib xilas olacaqlarını zənn edirlər, amma özlərini aldadırlar.

Halbuki, insanlar özlərinə bu oyunu oynayarkən onlara şah damarından daha yaxın olan Allah etdikləri hər şeydən, görməzlikdən və anlamazlıqdan gəldikləri hər düşüncədən xəbərdardır. Dolayısilə, Allaha qarşı olan məsuliyyətlərindən qaçan insan, əslində, özünün qurduğu tələyə özü düşür, düşünməməklə yalnız özünü aldatmış olur. Axirətə getdiyində isə qaçdığı həqiqətləri yaşayaraq görər və Allahın hüzurunda hesab verərkən “bilmirdim, ağlıma gəlmədi, düşünə bilmədim” kimi səmimiyyətsiz bəhanələrin heç bir faydasının olmadığını açıq-aydın anlayar.

Allah bir ayəsində insanları qiyamət gününün “O gün üzrxahlıq etmələri zalımlara heç bir fayda verməyəcəkdir…” (Mömin surəsi, 52) olduğu barədə xəbərdarlıq etmişdir.