İnsanın yaşlanması bizə dünyanın müvəqqəti yer olduğunu çox yaxşı xatırladır

Zamanın sürətlə keçməsi və məsuliyyət

Dönüb arxanıza baxdığınız zaman, zamanın fövqəladə sürətlə keçdiyinə görə heç nədən tam məmnun ola bilmədiyinizi görərsiniz. Bəlkə müəyyən vaxtadək bu həqiqəti bilməmiş də ola bilərsiniz. Lakin bu qəti həqiqəti anlamağa başlayan bir insan artıq hər şeyi daha şüurlu düşünməli, özünü və hər şeyi yaradan Allahın insanlardan istədiklərini öyrənməli, həyatını da buna əsasən qaydaya salmalıdır. Hər şeydən əvvəl, dünyada özünə hər şeyi verən, axirətdə isə sonsuza qədər verəcək olan Rəbbimizi məmnun etməyə çalışmalıdır. Çünki bu həqiqəti anlamazlıqdan gəlib, qısa dünya həyatlarını məsuliyyətsiz şəkildə başa çatdıran inkarçılar axirətdə böyük heyrətə gələcəklər. Dirildilib Allahın hüzuruna gətirildikləri zaman, dünyada çox qısa müddət qaldıqlarını anlayacaqlar. Bu həqiqəti Allah Quranda belə bildirmişdir:

O dedi: “Yer üzündə neçə il qaldınız?”. Onlar dedilər: “Bir gün yaxud bir günün bir hissəsi qədər qaldıq. Sən sayanlardan soruş”. O dedi: “Siz (orada) çox az qaldınız. Kaş biləydiniz! (Muminun surəsi, 112-114)

Məhz buna görə də, həyatın çox qısa olduğunu anlamazlıqdan gəlib, bu müvəqqəti şeylərə bu qədər bağlanmayın. Bu dünyada çatışmayanların cənnəti arzulamanız üçün verildiyini bilin və əsil həqiqi yurda, sonsuz olan hər şeyin olduğu axirət həyatı üçün hazırlıq görün.

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)